M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Beynəlxalq Poeziya Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Yadigar Beynəlxalq Poeziya Gününün tarixi haqqında məlumat verib, Naxçıvan ədəbi mühitində yaşayıb-yaradan qələm sahiblərinin yaradıcılığından söhbət açıb.
Qeyd olunub ki, YUNESKO-nun 1999-cu ildə keçirilən 30-cu iclasında mart ayının 21-i “Beynəlxalq Poeziya Günü” elan edilib. Azərbaycanda isə Beynəlxalq Poeziya Günü 2007-ci ildən qeyd olunur.
Poeziya ən qədim zamanlardan başlayaraq insanın mənəvi ehtiyacına çevrilib, onun arzu və istəklərinin, duyğu və düşüncələrinin, sevinc və kədərinin poetik tərcümanı olub.
Dünyanın bir sıra mədəni xalqlarının ədəbiyyatı kimi, bəşəriyyətin söz xəzinəsini zənginləşdirən Azərbaycan poeziyası da xalqımızın tarixi qədər qədim, mənəviyyatı qədər zəngindir. Azərbaycan şairləri, bütövlükdə, Yaxın və Orta Şərq, eləcə də dünya ədəbiyyatının inkişafına güclü təsir göstərib, özünəməxsus poeziya məktəbi yaradıblar.
Tədbirdə AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi işçisi Elxan Yurdoğlu “Ədəbi gənclik müstəqillik illərində” adlı məruzə ilə çıxış edərək müasir ədəbi mühitin gənc qələm sahiblərinin yaradıcılığı haqqında məlumat verib, təhlillər aparıb.
Sonra tədbirdə dünya ədəbiyyatından seçmə tərcümələr səsləndirilib.
Tədbirə Yazıçılar Birliyinin sədri Asim Yadigar yekun vurub.
Nərgiz İsmayılova