Azərbaycan Respublikasının Xalq artisti, Dövlət mükafatı laureatı, professor Vasif Adıgözəlovun anadan olmasının 80 illiyi münasibətilə Ordubad Şəhər Uşaq musiqi məktəbində tədbir keçirilib.
Tədbirdə məktəbin direktoru Azər Məmmədov bildirib ki, Vasif Adıgözəlov sənət aləminə 1956-cı ildə Azərbaycan Bəstəkarlar İttifaqının Birinci Qurultayında səslənmiş “Simfonik poema” və “Sonata”sı ilə gəlib. Və bu debüt uğurlu olub. Konservatoriyanın həm bəstəkarlıq, həm də pianino siniflərini bitirdikdən bir il sonra, 1959-cu ildə o, Bəstəkarlar İttifaqına üzv qəbul olunub.
Məktəbin müəllimləri Xuraman Əsədova və Aysel Heydərli bildiriblər ki, məhsuldar fəaliyyət göstərən Vasif Adıgözəlov milli musiqimizi dərindən bilirdi. Onun yaradıcılığında C.Məmmədquluzadənin eyniadlı tragikomediyası əsasında bəstələdiyi “Ölülər” operası mühüm yer tutur. Bəstəkara uğur gətirən və R.Mustafayevlə birlikdə musiqisevərlərə təqdim etdikləri “Xəsis” operettası Azərbaycan musiqi xəzinəsinin qiymətli incilərindəndir.
Qeyd olunub ki, XX əsrin 60-cı illərinin əvvəllərində dünya şöhrətli müğənni Rəşid Behbudovla birgə fəaliyyəti onun yaradıcılığının təbliğində mühüm rol oynayır. 1968-ci ildə yaratdığı “İkinci simfoniya” ona böyük şöhrət gətirir. Vasif Adıgözəlov “Fortepiano ilə orkestr üçün konsert” əsəri ilə bir daha Qara Qarayev sənət məktəbinə mənsubluğunu təsdiq edib. Ötən əsrin 80-ci illərində bəstəkar yeni ideya-estetik istiqamətlərdə, janrlarda intensiv axtarışlar aparır. Azərbaycan ağır sınaqlarla qarşılaşanda, sovet imperiyasının və onun totalitar ideologiyasının çökməsindən istifadə edən tarixi düşmənlər torpağımıza göz dikəndə böyük bəstəkar “Odlar yurdu” (sözləri R.Zəkanın) və “Qarabağ şikəstəsi” (sözləri T.Elçinin) oratoriyalarını yaratdı. Bu yeni janr onun üslubunu ideya-emosional, bədii-fəlsəfi baxımdan daha da zənginləşdirdi.
Sonra şagirdlərin sualları cavablandırılıb.
Həmin gün məktəbdə Vasif Adıgözəlovun həyat və yaradıcılığına həsr olunan açıq dərs keçilib.
Xəbərlər şöbəsi