Görkəmli bəstəkar, professor Vasif Adıgözəlovun 80 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 fevral 2015-ci il tarixli Sərəncamı ilə Tədbirlər Planı təsdiq edilib.
Tədbirlər planında “Azərbaycan bəstəkarlığının inkişafında Vasif Adıgözəlovun rolu” mövzusunda konfransın keçirilməsi, görkəmli sənətkarın bəstəkar, pedaqoq və fəal ictimai xadim kimi hərtərəfli fəaliyyətinə həsr olunmuş tədbirlərin təşkili, musiqi məktəblərində bir dərs saatının Vasif Adıgözəlovun yaradıcılığına həsr olunması nəzərdə tutulub. Yubiley münasibətilə Naxçıvan şəhər 3 nömrəli Uşaq musiqi məktəbində ədəbi-musiqili gecə keçirilib.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm nazirinin müavini Natəvan Qədimova açıb.
Məktəbin direktoru Günay Əliyeva “Vasif Adıgözəlovun həyat və yaradıcılığı” mövzusunda çıxış edib. Qeyd olunub ki, sənətkar ömrü heç bir zaman tükənmir və onun yaratdığı sənət aləmi əlçatmaz bir ümmana bənzəyir. Bu ümmanın bir zərrəsi sənətkar ömrünü əbədiləşdirməyə kifayət edir. Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrindən biri, “Şöhrət” və “İstiqlal” ordenli, unudulmaz bəstəkarımız Vasif Adıgözəlov da belə sənətkar ömrü yaşayıb, milli musiqi mədəniyyətimizə bir-birindən dəyərli sənət nümunələri bəxş edib. Onun mahnılardan tutmuş irihəcmli simfonik əsərlərədək müxtəlif musiqi janrlarını əhatə edən yaradıcılığı öz yüksək peşəkarlıq səviyyəsi və musiqi dilinin orijinallığı ilə diqqəti cəlb edərək geniş dinləyici kütlələrinin rəğbətini qazanıb.
M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının Musiqi-not şöbəsinin müdiri Nailə Əsədova “Vasif Adıgözəlovun vokal yaradıcılığı” mövzusunda çıxış edərək bildirib ki, onun romans və mahnı yaradıcılığı milli mədəniyyətimizin ən gözəl nailiyyətləri xəzinəsində mühüm yer tutur. Bəstəkarın mahnı və romans yaradıcılığı nəinki Azərbaycanda, hətta sərhədlərimizdən uzaqlarda da geniş şöhrət tapıb. Onun görkəmli şairlərimizin sözlərinə bəstələnmiş “Yeddi çinar”, “Qərənfil”, “Ay olmaq istəyirəm” əsərləri musiqi mədəniyyətimizin ən dəyərli incilərindəndir.
Sonra görkəmli bəstəkar Vasif Adıgözəlovun 80 illik yubileyinə həsr edilmiş konsert olub.
Sara Əzimov