Naxçıvan Dövlət Universitetində magistratura təhsili alarkən III-IV kurs “Azərbaycan dili və ədəbiyyat” ixtisası tələbələrinə dərs deyirdik. 408-ci auditoriyanın girişində, elə qapının yanında ön cərgədə əyləşən bu qızın praktika keçən biz magistrantlara ünvanladığı sualların arxasında əgər o vaxt özünü savadlı göstərmə məqamları axtarırdımsa, bu gün onunla eyni müəssisədə bir yerdə işləyəndən sonra ovaxtkı təxminlərimdə yanıldığını etiraf etməliyəm.
Həmin dövrdə Şərq və Qərb ədəbiyyatı ənənələrinin müqayisəsi kimi bizə ünvanladığı suallar dünya ədəbiyyatına uşaqlığından maraq göstərməsinin, bir çox məşhur xarici romanları oxumasının nəticəsi imiş.
Bütün bunları bu ilin əvvəlində Bakıda “Qanun” nəşriyyatında dərc olunan “İçimdəki Merilin” kitabını oxuyandan sonra bir daha xatırlamalı oldum.
Nargis (Nərgiz İsmayılova) həm özünün fərqli təqdimatıyla, həm də kitabına seçdiyi adla sözümün əvvəlində bəhs etdiyim fərqliliyini bir daha ortaya qoydu. Əslində, buna fərqlilikdən daha çox başqalarından seçilmək də demək olar. Bir insan isə başqalarından, sadəcə, özünəməxsus olan yaradıcı istedadıyla seçilə bilər ki, o da məhz öz yaradıcı istedadıyla fərqli şəkildə özünü ədəbi ictimaiyyətə təqdim etdi.
İlk kitabı ilə oxucuların görüşünə gələn müəllif buna qədər müxtəlif saytlarda öz imzasını artıq tanıtdırmış, sevdirmişdi.
“İçimdəki Merilin”, sadəcə, bir hekayəsindən götürülüb sərlövhəyə çıxarılmış kitab adı deyil. Həm də dünya musiqi və kino tarixinin indi də qibtəylə, heyranlıqla pərəstiş etdiyi bir dünya ulduzuna vurğunluğun və bu vurğunluqdan gələn hörmət və ehtiramın, ona bənzəmək istəyinin yox, onun kimi fərqli düşüncələrə sahib olmağın sadə izahıdır.
Bir çoxunun ilk oxucusu olduğum, ümumilikdə isə hələ kitab halına gəlməmişdən əvvəl ayrı-ayrılıqda oxuduğum bu hekayə, esse və pritçaları bir bütöv halında təkrar oxuyandan sonra bu qənaətə gəldim ki, “İçimdəki Merilin” həm də fərqli düşünən müəllifin həmcinslərinə açıq demək istəmədiyi şifrəli mesajıdır.
Bax bu mesaj vasitəsilə Nərgiz İsmayılova öz oxucularına demək istəyir ki, içinizdəki fərqli düşüncələri ifadə eləməkdən çəkinməyin və elə düşünməyin ki, sizin içinizdə boy göstərən həmin arzular, istəklər, fikirlər cəmiyyət tərəfindən tərslənəcək, əks reaksiya ilə qarşılanacaq.
Bu kitab həm də içindəki fərqlilikləri qorxudanmı, ictimai qınaqdanmı gizlətməyə çalışan həmin insanlara “cəsarətli olmağı bacarın” diləyidir, “özünüzü ifadə eləməkdən çəkinməyin” xahişidir, arzusudur. Bütün bunlar bir şəxsin – müəllifin timsalında oxuculara təlqin olunan həyat hadisələrinin bədii-poetik təcəssümüdür.
Müəllifin hər yazısını oxuduqca hadisələrin mərkəzində sanki özünün dayandığını düşünürsən. Bu cür olmasa belə, müəllifin uğurudur ki, o yazdıqlarında hadisələrin mərkəzində olduğu düşüncəsini yarada bilir və oxucu da müəllifin hadisələr boyu cərəyan edən yaşantısını izlədiyini zənn edir. Bunu istər “Alkandabalı oğlan” hekayəsində sürücü-turistin, istər “Oğrular dəstəsində bir həftə” keçirən qızın, istər “Bəyaz kəpənək”dəki yeniyetmə qızcığazın, istərsə də “Gecənin rəfiqəsi”nin və digərlərinin yaşantılarıyla tanış olduqca düşünməli olursan.
Bir həqiqət də var ki, hər kəs yazdıqlarında öz obrazını yaradır. Ya da obrazlarına özündən detallar yükləyir, xarakter köçürür. Özünü anlatmaq istəyi həmişə olub yazar əhlində. “İçimdəki Merilin”də də Nərgizin bəzən həyat yaşantıları, bəzən xarakter cizgiləri, bəzən düşüncə sferası, bəzən də ətrafında müşahidə elədikləri boyasız-filansız oxucuya təqdim olunur. Amma bu boyasız-filansız yazılarda həmişə bədii çalarlar, poetik rənglər daha çox diqqət çəkir.
Bu hekayə, esse və pritçalarda obrazın olmaması da qeyri-ənənəvi təsir bağışlayır. O, öz obrazlarına adlar vermir, ümumiləşdirir. Onun obrazlarına baxaq: Rasim, İqor, Mələk xala və gürcü oğlan Caba istisna olmaqla, digər yazılarının qəhrəmanları Qadın, Kişi, Oğlan, Körpə, Mən, Müəllim, Baba, Rəfiqə, Rejissor, Qonşu, Gəlin, Qızcığaz, Həkim, Adam bu qəbildən olan hər kəsdir...
Mənə elə gəlir ki, müəllif həm də bir ədəbi priyom işlədir. Yazdıqlarında hər kəsin özünü tapa bilməsini arzulayır. Buna da nail olduğuna əminəm.
Nərgiz İsmayılovanın hekayələrinin dili də qeyri-adi bir səlisliyə, axıcılığa malikdir. İstər dialoqlarında, istər monoloqlarında, istərsə də müəllif təhkiyəsində bu, özünü göstərir. “Bəyaz kəpənək”, “Günahkar idi yarpaqlar”, “Keçməyən keçmişimizin şərəfinə”, “Vicdanımın qəddi bükülmüşdü”, “Tapdalanan göz yaşı”, “Bir qədəh yalnızlıq”, “Boşluğun tragediyası” və digər nəsr əsərlərində Nərgiz birbaşa ürəklərə xitab etdiyi üçün fərqli üslublu axıcılığıyla oxucunu kitabı bitirmədən ondan ayrılmağa imkan vermir.
İnanıram ki, Nərgiz İsmayılovanın (Nargisin) timsalında ədəbi mühitimiz yeni və uğurlu bir imza qazandı. Nəsrimiz isə insan xarakterləriylə zəngin olan bu kitabdan sonra müəllifi həmişə axtaracaq.
Yazar həmkarımı, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində çalışan tədqiqatçı həmkarımı “İçimdəki Merilin” kitabı münasibətilə təbrik edir və inanıram ki, bundan sonra biz onun daha irihəcmli əsərlərini oxuyacağıq. Hətta bir az irəli gedib bu barədə oxuculara indidən söz verə bilərəm ki, qısa vaxtda o, bizi öz romanı ilə daha da heyrətləndirəcək.
Elxan YURDOĞLU