Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda Rusiya Federasiyasının Sankt-Peterburq Rəssamlıq Akademiyasında təhsil alan naxçıvanlı tələbə Xaqan Bayramovun əsərlərindən ibarət rəsm sərgisi açılıb.
Sərginin açılış mərasimində Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyevanın, Xalq rəssamı Arif Hüseynovun, Əməkdar incəsənət xadimi, sənətşünas Ziyadxan Əliyevin , Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmovun çıxışları olub. Çıxış edənlər ilk sərgisi açılan gənc rəssama yeni-yeni yaradıcılıq uğurları arzulayıblar.
Tədbirdə Türkiyə Cümhuriyyətinin Naxçıvandakı Baş konsulu Nihat Erşen, İran İslam Respublikasının Naxçıvandakı Baş konsulu Mənsur Ayrım çıxış edərək gənc rəssamın ilk sərgisində iştiraklarından məmnun olduqlarını ifadə ediblər.
Sonra sərgiyə baxış olub. “Paltar ütüləyən qadın”, “Gənc rəssam”, “Vida”, “Xalça uğrunda mübarizə”, “Qaçqınlar”, “Ərəfsə mənzərəsi”, “Qafqaz dağlarında”, “1945-ci il”, “Köhnə Bakı”, “Baba və nəvə”, “Quba”, “Natürmort”, “Katyanın portreti”, “Çarmıxa çəkilən adam” “Rəssamın portreti”, “Etüd”, “Rəssamın dünyası”, “Marmaris” və digər əsərlərə tamaşaçılar böyük maraq göstəriblər. Ümumiyyətlə, sərgidə gənc rəssamın 50-yə yaxın rəsm əsəri nümayiş etdirilir.
Xatırladaq ki, naxçıvanlı rəsmsevərlərin iki gün ərzində sərgidəki əsərlərlə tanış olmaq imkanı olacaq. Bundan sonra gənc rəssam Türkiyənin İstanbul şəhərində keçiriləcək rəsm sərgisində iştirak etmək üçün Naxçıvandan Türkiyəyə yola düşəcək.
Səbuh Hüseynov