Dünən M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Ümumdünya Kitab və Müəllif Hüquqları Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm nazirinin müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Natəvan Qədimova açıb. Qeyd edilib ki, insan təfəkkürünün məhsulu olan kitab elmin, mədəniyyətin, ədəbiyyatın inkişafında mühüm rol oynayıb. Bu günün qeyd olunması hər kəsin diqqətini bir daha yaradıcı insanların əməyinə yönəldir. Azərbaycan Respublikasında yaradıcı insanların müəllif hüquqlarının qorunmasına qayğı göstərilir.
Nazir müavini Azərbaycanda, o cümlədən Naxçıvan Muxtar Respublikasında kitab və müəllif hüquqları ilə bağlı məsələlərdən danışarkən ümummilli lider Heydər Əliyevin bu sahədə gördüyü işlərin bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib.
Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Həsən Kərimov “23 aprel Ümumdünya Kitab və Müəllif Hüquqları Günüdür” mövzusunda çıxış edib. Vurğulanıb ki, bu günün qeyd olunması haqqında YUNESKO-nun 1995-ci ildə Parisdə keçirilən sessiyasında qərar qəbul edilib. Bu gün həm də dünya ədəbiyyatının bir sıra görkəmli nümayəndələrinin xatirə günü kimi də əlamətdardır.
Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, şair Asim Yadigar “İnsan mənəviyyatının zənginləşməsində kitabın rolu” mövzusunda çıxış edərək mənəvi sərvətlər xəzinəsi olan kitabın insan cəmiyyətində humanizmin, insanpərvərlik duyğularının formalaşmasındakı rolundan danışıb. Müəllif hüquqlarına da toxunan birlik sədri son dövrlərdə plagiatlığa qarşı mübarizə üsullarından da bəhs edib.
M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanova “Kitabxana işinin tarixi” adlı çıxışında Azərbaycanda kitab mədəniyyətinin, kitabxanaların yaranma tarixindən söhbət açıb.
AMEA Naxçıvan Bölməsinin elmi işçisi, Yazıçılar Birliyinin üzvü, şair Elxan Yurdoğlu “Son illərdə Naxçıvan ədəbi mühitində tərcümə məsələləri” mövzusunda çıxış edib. Diqqətə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə bir neçə tərcümə əsəri işıq üzü görüb. Hazırda Yazıçılar Birliyinin Tərcümə mərkəzində tərcümə edilmiş bir neçə kitab nəşrə hazırlanır. Bu tərcümə kitablarının orijinaldan – rus, ingilis, fransız, qaqauz və başqa dillərdən tərcümə edilərək hazırlanması tərcümə sənətinin inkişafını stimullaşdırır.
Sonda kitabxanada təşkil edilmiş kitab sərgisinə baxış olub.
Xəbərlər şöbəsi