Ömür yolundan səhifələr
Sadıq Elcanlı 1956-cı il yanvarın 12-də Şabran (Dəvəçi) rayonunun Surra kəndində anadan olub. 1978-ci ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. “Azərbaycan Respublikasının Əməkdar jurnalisti” və “Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi” fəxri adlarına layiq görülüb. 1985-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. “Sirli səsin sorağı” adlı ilk kitabı 1985-ci ildə çap olunub. 1992-1996-cı illərdə “Azərbaycantelefilm” Yaradıcılıq Birliyinin rəhbəri – baş redaktoru işləyib. 1997-ci ildən “Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində televiziyanın Ədəbiyyat və publisistika baş redaksiyasının baş redaktoru olub. 2006-cı ildən “Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində Ədəbi-dram verilişləri baş redaksiyasının baş redaktorudur. “Bəsdir, ağlama”, “Köhnə kədər”, “Qisasa qayıdış” bədii televiziya filmlərinin, ümummilli lider Heydər Əliyevə həsr olunan “Xilaskar”, “Heydər Əliyev və Azərbaycan dili”, “Heydər Əliyev və Naxçıvan”, “Böyük ömrün anları”, “Tikdim ki, izim qala” filmlərinin, “Üç zirvənin fatehi”, “Mətbuat fədaisi”, “Mirzə Cəlil möcüzəsi”, “Naxçıvan: Azadlığın addımları”, “Şərqdə doğan günəş”, “Qarabağ abidələri”, “Qədim yurdun baharı”, “Mif”, “Böyük yolun adamı”, “Əbədiyyət ünvanı”, “Əbədi zirvə”, “Zərif işığın Zərifəsi”, “Ağ işığın möcüzəsi”, “Həmid Araslı həqiqəti”, “Tarixin yollarında”, “Bir ömrün xatirəsi”, “Sirli salnamələr”, bütövlükdə əllidən artıq sənədli telefilmin ssenari müəllifidir.