24 Dekabr 2024, Çərşənbə axşamı

Dünən Şahbuz şəhərindəki Ahıllar evində Naxçıvan Dövlət Uşaq Filarmoniyasının muğam ansamblının konserti olmuşdur.
Konsertdən əvvəl Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Pərvin Həsənov bildirmişdir ki, ölkə­mizdə yaşlı və ahıl nəslin nümayəndələrinə həmişə böyük diqqət və qayğı göstərilmişdir. Ahıl insanlar, onların problemlərini diqqət mərkəzində saxlanılır, bu istiqamətdə ardıcıl tədbirlər görülür.
Ahıllar evinin direktoru Ülviyyə Quliyeva çıxışında muxtar respublikamızda ahıl insanlara göstərilən dövlət qayğısından danışmışdır. Qeyd edilmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı il 30 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı” bu istiqamətdə həyata keçirilən tədbirlərin davamlı xarakter almasının ifadəsidir. Muxtar respublikada ahıl və yaşlı insanlarla görüşlərin, onların həyat yolunun gənc nəsillərə örnək olduğunu göstərən tədbirlərin keçirilməsi isə artıq ənənə şəklini almışdır. Onların asudə vaxtlarının səmərəli və mənalı keçirilməsi xüsusi əhəmiyyətə malikdir. Bu gün Naxçıvan Dövlət Uşaq Filarmoniyasının muğam ansamblının Ahıllar evində konsert proqramı ilə çıxış etməsi gənc nəslin belə insanlara ehtiram və hörmət, onlara xoş əhval-ruhiyyə bəxş etmək ənənəsindən qaynaqlanır.

Sonra Naxçıvan Dövlət Uşaq Filarmoniyasının muğam üçlüyü ahıllar üçün hazırlanmış konsert proqramı ilə çıxış etmişdir. Ataxan Quliyevin, Ağaxan Məmmədovun ifa etdikləri “Mahur təsnifi”, “Sarı gəlin”, “Daşlı qala” və başqa xalq mahnıları və digər musiqi nömrələri ahıllar tərəfindən rəğbətlə qarşılanmışdır. Şən rəqs havaları onların təbəssüm dolu çöhrələrinə sevinc qatmışdır. Cavid Babayevin Vətən, xalq haqqında bədii qiraət etdiyi şeirlər tədbirin rəngarəngliyini bir qədər də artırmışdır.

Əli RZAYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR