Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda Azərbaycan Respublikasının Əməkdar rəssamı Əşrəf Heybətovun 65 illik yubileyinə həsr olunmuş fərdi sərgisi açılıb.
Sərginin açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva bildirdi ki, Naxçıvanda mədəniyyət və incəsənət xadimlərinə daim diqqət və qayğı göstərilir. 1999-cu ildən “Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı” fəxri adının təsis edilməsi, 2011-ci ildə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin 40 illik yubileyinin təntənəli şəkildə qeyd olunması, 2013-cü ildə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin yeni binasının və burada Bəhruz Kəngərli adına Sərgi Salonunun istifadəyə verilməsi, “Naxçıvan – bəşəriyyətin beşiyi” Beynəlxalq rəsm festivallarının yüksək səviyyədə keçirilməsi bunun əyani sübutudur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il noyabrın 14-də imzaladığı “Rəssamlar Parkının yaradılması haqqında” Sərəncam da muxtar respublikada rəssamlığın inkişafına göstərilən yüksək dövlət qayğısının növbəti nümunəsidir.
Azərbaycanın tanınmış rəssamı Əşrəf Heybətov barədə danışan Ülviyyə Həmzəyeva dedi ki, yubilyar ictimai həyatda da fəallığı ilə daim seçilib. O, 1991-ci ildən YUNESKO Rəssamlar Federasiyasının üzvü, Avropada Azərbaycan Mədəni Xadimləri Assosiasiyasının sədri, Beynəlxalq “Sülh səfiri”, Azərbaycan Rəssamlar İttifaqının fəxri üzvü, Rusiya Rəssamlar İttifaqının, Rusiya Şərqşünaslıq Cəmiyyətinin, Azərbaycan- Almaniya Dostluq Cəmiyyəti idarə heyətinin üzvüdür. 60 illik yubileyində ölkə başçısı cənab İlham Əliyev tərəfindən rəssama mənzil hədiyyə edilib. Hazırda bu mənzildə rəssamın əsərləri və fərdi kolleksiyasının bir qismi sərgilənir.
Ülviyyə Həmzəyeva Əşrəf Heybətovu 65 illik yubileyi münasibətilə təbrik etdi, ona yaradıcılıq uğurları arzuladı.
Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova bildirdi ki, bu gün milli-mənəvi dəyərlərimiz təbliğ edilir, mədəniyyət müəssisələrimiz uğurla fəaliyyət göstərir, mədəniyyətimizin, incəsənətimizin inkişafına xüsusi diqqət göstərilir. Muxtar respublikada yaradılan şəraitin nəticəsində istedadlı rəssamların sayı ildən-ilə artır, onların fəaliyyəti daha da genişlənir, məktəblilərin və gənc istedadların yaradıcılıq nümunələrindən ibarət sərgilər, eyni zamanda rəssamlarımızın fərdi sərgiləri təşkil olunur.
Natəvan Qədimova qeyd etdi ki, hər bir istedadlı rəssamın yaratdığı rəsm əsəri onun həm də geniş mənəvi dünyasını və yüksək intellektini əks etdirir. Bu mənada, Əşrəf Heybətovun əsərləri professional rəssamlığın nümunələri kimi diqqəti cəlb edir. Nazir rəssamı 65 illik yubileyi münasibətilə təbrik etdi, ona yaradıcılıq uğurları arzuladı.
Sonra “Naxçıvan” Universitetinin rektoru, professor İsmayıl Əliyev və Azərbaycan Respublikasının Xalq rəssamı Hüseynqulu Əliyev çıxış edərək bildirdilər ki, Əşrəf Heybətov uzun illər xaricdə yaşayıb fəaliyyət göstərsə də, Vətəninə, xalqına, milli-mənəvi dəyərlərimizə daim sədaqət nümunəsi göstərib. Rəsm əsərlərində milli ornamentlərin üstünlük təşkil etməsi də bunu sübut edir. Onun dərin məzmunlu, kompozisiya cəhətdən mürəkkəb və eyni zamanda sadəliyi ilə seçilən əsərləri insanlarda xoş təəssüratlar yaradır.
Sonra Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva yubilyara birliyin xatirə plaketini təqdim etdi.
Sonda sərgiyə baxış oldu.
Rauf Əliyev