24 Dekabr 2024, Çərşənbə axşamı

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 25 noyabr 2015-ci ildə “Qəmbər Hüseynlinin 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalamışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2 dekabr 2015-ci il tarixdə “Bəstəkar Qəmbər Hüseynlinin 100 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı”nı təsdiq etmişdir. Tədbirlər Planında muxtar respublikamızda Qəmbər Hüseynlinin 100 illik yubileyinə həsr olunmuş tədbirin keçirilməsi və bəstəkarın əsərlərindən ibarət konsertin təşkili, “Azərbaycan musiqi mədəniyyətinin zənginləşməsində Qəmbər Hüseynlinin rolu” mövzusunda konfransın keçirilməsi, muxtar respublikanın musiqi məktəblərində bir dərs saatının bəstəkar Qəmbər Hüseynlinin yaradıcılığına həsr olunması, bəstəkarın həyat və yaradıcılığına həsr olunmuş tematik verilişlərin və qəzet materiallarının hazırlanması, keçirilən tədbirlərin işıqlandırılması öz əksini tapmışdır.
Görkəmli bəstəkar Qəmbər Hüseynli 16 aprel 1916-cı ildə qədim Gəncədə dəmirçi Məşədi Muxtarın ailəsində dünyaya gəlmişdir. 1925-ci ildə Gəncədəki birinci dərəcəli məktəbdə təhsil almağa başlayanda o, Seyid Əzimin, Abbas Səhhətin, Sabirin, Aşıq Ələsgərin şeirlərini, xalq yaradıcılığımızın inciləri olan bayatıları bilirdi. Bir tərəfdən Gəncənin ədəbi-bədii mühiti, digər tərəfdən Gəncəyə yaxın olan Qarabağın musiqi dünyası onun dünyagörüşünün formalaşmasına böyük təsir göstərmişdir.

1927-ci ildə orta məktəbdə oxuya-oxuya tale onu Gəncə orta ixtisas musiqi məktəbinin tar sinfinə gətirir. Həmzə Əliyevin və Zərif Qayıbovun tar sinfində təhsil alan balaca Qəmbərin istedadını kəşf edən müəllimləri qardaşı Məmmədə onun qeyri-adi musiqi istedadına malik olduğunu əvvəlcədən deməklə, təhsilini Bakıda davam etdirməsini tövsiyə edirlər.
1929-cu ildə Gəncə Pedaqoji Texnikumuna daxil olsa da, Qəmbər Hüseynli həyatını musiqiyə həsr etməyi qərara alır. Muğam və el havalarını, aşıq musiqisini gözəl öyrənən Qəmbər Hüseynli Gəncənin mədəni həyatında fəal iştirak edir.
1934-cü ildə tar sinfini fərqlənmə diplomu ilə bitirir, pedaqoji kollektivin qərarı ilə təhsilini davam etdirmək üçün Bakıya göndərilir. Bakı Musiqi Texnikumunda ona violonçel sinfində təhsil almağı təklif edəndə o, etiraz etmədən bununla razılaşır. Tanınmış musiqi pedaqoqu A.S.Şvartsın violonçel sinfində Qərb musiqi alətində fitri istedadını göstərməyi bacarır. Gənc Qəmbərin musiqi bəstələməyə olan hədsiz marağı texnikumun tanınmış musiqi pedaqoqlarının da diqqətini cəlb edir. Bu illərdə böyük dramaturqumuz Cəfər Cabbarlının sözlərinə “Tellər oynadı” romansını bəstələyir.
1939-cu ildə Qəmbər Hüseynli milli musiqimizin konservatoriyası sayılan Qarabağa, Şuşadakı musiqi texnikumuna direktor vəzifəsinə göndərilir. Bakıdan kənarda yaşayıb işləsə də, o, burada da əhəmiyyətli işlər görməyə müvəffəq olur. Musiqi texnikumunda Qəmbər Hüseynli həm də təşkilatçılıq bacarığını göstərir, aşıq musiqimizin nota köçürülməsinin, ədəbiyyatımızın poetik nümunələrini musiqimizin təsvir vasitələri ilə vəhdətdə sevdirməyin yollarını arayır. Bəstəkar burada dərs deyərkən Süleyman Ələsgərovu kəşf edir. Tardan dərs dediyi Süleyman Ələsgərovla onun arasında dostluq münasibətləri yaranır.
Bir il sonra Bakıya dəvət alan Qəmbər Hüseynli filarmoniyanın nəzdində fəaliyyət göstərən Azərbaycan Xalq Çalğı Alətləri Orkestrində dirijor köməkçisi vəzifəsində çalışır. Böyük bəstəkarımız Üzeyir Hacıbəylinin tövsiyəsi ilə həmin illərdə yaranan Sazçı Qızlar Ansamblının həm təşkilatçısı, həm də bədii rəhbəri olur.
Xalq və aşıq musiqisini gözəl bilən, bacarıqlı təşkilatçı olan gənc Qəmbər Hüseynlini hələ qarşıda çox çətin illər gözləyirdi. Gənc olmasına baxmayaraq, Qəmbər Hüseynli də Stalin repressiyasının acılarını yaşayır. Gənclik illərinin çılğınlığı, bəzən zamanın haqsızlıqlarını görüb fikrini açıq deməsi, Müşfiq, Əhməd Cavad, Cavid kimi böyük şairlərin məhvinə dözə bilmədiyini gizlətməməsi, sovet rejimi ilə razılaşmaması onunla nəticələnir ki, Qəmbər Hüseynli 1943-cü ildə həbs edilir. Ona 10 il həbs cəzası versələr də, 1947-ci ildə həbsdən azad olunur.
Qəmbər Hüseynli 1950-1960-cı illər ərzində fəal yaradıcılıqla məşğul olmağa fürsət tapır. Bəstəkarın mənzil şəraitinin pis olması, şəxsi həyatında olan problemlər, darısqal, pəncərəsiz bir otaqda yaşaması, xəstəlik ona imkan verməsə də, bəstəkar bir-birinin ardınca gözəl mahnılar bəstələyir.
Bəstəkarın “Tellər oynadı”, “İlk məhəbbət”, “Gülə-gülə”, “Ay işığında”, “Dağlar”, “Qonşuda qız sevənin”, “Saz olur”, “Yar yanında günahkaram”, “Gecələr uzanaydı”, “Düşür yadıma”, “Nə vaxta qaldı”, “Sən-sən”, “Ceyran”, “Dolanım başına”, “Tel nazik” və başqa mahnıları bu gün də dillər əzbəridir.
Bəstəkarın mahnı çələngində öz təravəti ilə uşaqlıqdan hamımızın könlünü oxşayan “Cücələrim” mahnısı haqqında bir qədər geniş danışmaq istəyirik. Heç şübhəsiz ki, “Cücələrim” deyəndə Qəmbər Hüseynli, Qəmbər Hüseynli deyəndə bu mahnı yada düşür. Şair Tofiq Mütəllibovla yaradılan bu mahnı əsl sənət incisidir. Dünyanın yüzdən çox xalqının dilinə tərcümə olunan, müxtəlif nəsillərin estetik zövqünü tərbiyə edən ikinci belə bir Azərbaycan mahnısına rast gəlmək çətindir. Dünya şöhrətli aktyor Çarli Çaplini də heyran qoyan bu mahnının melodiyası dünyanın hər yerində sevilə-sevilə qəlblərə yol tapıb. Uzaq Çindən tutmuş Avropaya qədər bütün qitələri dolaşıb “Cücələrim”. Bəstəkarın bir zamanlar dediyi kimi “Cücələrim”in səyahəti uzun olacaq fikri həqiqətə çevrilib. “Cücələrim”in şöhrəti bununla bitməyib.
Sonralar Tofiq Mütəllibov “Cücələrim” pyesini yazıb, Habil Əliyev kamanda bu mahnının musiqisini sənətkarlıqla ifa edib, 1980-ci ildə “Cücələrim” cizgi filmi çəkilib (bəstəkar Vaqif Mustafazadə).
Rusiya kinematoqrafçılarının çəkdiyi dünya şöhrətli “Nu poqodi” (“İndi dayan”) cizgi filmində, başqa xarici teatr tamaşalarında da bizə doğma olan melodiya ilə rastlaşırıq. Təkcə bu mahnı Qəmbər Hüseynlinin bəstəkarlıq istedadını açmaq üçün kifayət edəcək nümunədir.
1961-ci ildə dünyasını dəyişən, bu gün Gəncədə adına park, musiqi məktəbi, mahnı teatrı olan Qəmbər Hüseynli qısa ömründə əsl yaradıcılıq fədakarlığı göstərmiş bəstəkarlardandır desək, səhv etmərik. 300-dən çox əsər içərisində mahnı da, simli kvartet, fortepiano üçün pyeslər, teatr tamaşalarına musiqilər də var. Qəmbər Hüseynli o qədər də uzun ömür yaşamasa da, öz əsərləri ilə gələcək nəsillərə həm də Vətən sevgisi, təbiətimizə, el-obamıza məhəbbət hissi dolu zəngin musiqisini yadigar qoymuşdur. Bu əsərlərin hər biri ifa olunarkən hər şeyə rəğmən onun həyatsevər simasını görürük. Qısa həyat və yaradıcılıq yolunda öz istedadına inanan və güvənən, insanlara musiqisi ilə sevgi və məhəbbət bəxş edən görkəmli bəstəkarın əsərləri bundan sonra da musiqi zövqümüzün estetik gözəlliyinə xidmət edəcək, xatirəsi qəlblərdə yaşayacaqdır.

Əli RZAYEV
Naxçıvan Muxtar Respublikası
Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR