Bu rubrika ilə Şərq aləmində tanınmış filosof və həkim Nəcməddin Əhməd Əbubəkr oğlu Naxçıvani haqqında verdiyimiz yazı oxucular tərəfindən maraqla qarşılanıb. Bunu nəzərə alaraq bu dəfə oxucularımıza Naxçıvan torpağının yetişdirdiyi bədii metal ustası Osman Salman oğlu Naxçıvani barəsində məlumat verməyi qarşımıza məqsəd qoymuşuq.
Məlum olduğu kimi, Azərbaycan incəsənətinin qədim və zəngin tarixi vardır. Qobustanın qaya təsvirləri, Qafqaz Albaniyasının bədii keramika və metal məmulatı, bədii şüşə və oyma sənəti, orta əsrlərdə dünya şöhrəti qazanmış Təbriz miniatür sənəti nümunələri, rəngarəng xalçalar, tikmələr, şirli saxsı qablar, kaşı sənəti, zərif oyma şəbəkələr və gözəl zərgərlik məmulatları – bütün bunlar bədii irsimizin çox zəngin olduğunun sübutudur. Bədii metal sənəti bu sırada özünəməxsus yer tutur. Tarixə nəzər salsaq görərik ki, metalişləmə sənətkarlığı sahəsində Azərbaycanın Beyləqan, Gəncə, Naxçıvan şəhərləri mühüm mərkəzlərdən sayılıb.
Naxçıvan isə dünyanın ilk qədim metal (mis) işləmə ocaqlarından biridir. Orta əsrlərdə misgərlik, zərgərlik, ipəkçilik, xalçaçılıq kimi sənətlər geniş yayılmış, yüksək sənətkarlıq və zövq ilə hazırlanmış müxtəlif məişət əşyaları və zərgərlik məmulatları şöhrət qazanmışdır. Arxeoloji qazıntılar zamanı Naxçıvandan əldə olunan bir sıra sənət nümunələri belə deməyə tam əsas verir. Bədii metal sahəsində aparılmış elmi araşdırmalar göstərir ki, bədii metal nümunələri döymə, basma, qara savad, şəbəkə, xətəmkarlıq, minaçılıq olmaqla, 6 texniki üslubda bəzədilirdi. Naxçıvanın yerləşdiyi ərazi imkan verirdi ki, burada yaradılan sənətkarlıq məhsulları ticarət əlaqələri və sair kimi amillər nəticəsində dünya bazarına çıxarılsın. Belə qiymətli sərvətlərimizin Avropa, Asiya və Amerikadakı ölkələrin muzey və şəxsi kolleksiyalarına yayılması da böyük bir tarixə malikdir. Onların bir çoxu ayrı-ayrı şəxslərdən alınmış, bəzilərini müxtəlif vaxtlarda ölkəmizdə olmuş əcnəbi səyyah, tacir, diplomat və alimlər aparmış, bəziləri isə qarət olunmuşdur.
Dünyanın bir çox muzeylərində ədəbi, tarixi əsərlərimizlə yanaşı, çox nadir sayılan gümüş, mis və bürüncdən düzəldilmiş bədii metal sənəti nümunələrimiz də vardır. Bunların içərisində bürüncdən düzəldilmiş 1190-cı il tarixli orijinal fiqurlu bir qab xüsusilə diqqəti cəlb edir. Bu sənət əsəri hazırda Fransanın Paris şəhərindəki Luvr muzeyinin birinci mərtəbəsində Şərq incəsənətinə aid edilən salonun tən ortasında, üstünə şüşə kolpak keçirilmiş hündür bir kətil üstdə nümayiş etdirilir. Gümüşlə işlənən naxışlara malik, uzundimdikli quşa bənzər bu bürünc qabın orijinallığı tək onun formasında deyil, həm də bəzəklərindədir. 22 santimetr olan qabın üzərindəki bəzəklər üç müxtəlifölçülü qurşaqlardan və onların aralarındakı boşluqlarda yerləşdirilmiş medalyonlardan ibarətdir. Döymə və cızma texniki üsulu ilə həkk olunmuş bu bəzəklər stilizə edilmiş nəbati ornament ünsürlərindən və yazı nümunələrindən quraşdırılmışdır. Bu yazıların birində onu yaradan ustanın – Osman Salman oğlu Naxçıvani adı yazılmışdır. Luvr muzeyində olarkən oranın necə böyük və dəbdəbəli tarixi özündə mühafizə etdiyini gördük. Həmyerlimizin əsərinin orada qorunması təsadüfi hal deyil. Bu, sənət əsərinin üslubunun orijinallığının və naxışların füsunkarlığının nəticəsidir. Bununla qürur duymağa dəyər. Ancaq belə əsərlərin öz muzeylərimizdə qorunması daha yaxşı olardı.
Dünya şöhrətli Luvr muzeyində qorunan, dünyanın tamaşa etdiyi əsərin müəllifi, bizim isə, təəssüf ki, haqqında az məlumata sahib olduğumuz Osman Salman oğlu Naxçıvani kimdir?
Bu haqda mənbələrdən oxuyuruq: Rəssam, nəqqaş (12-ci əsr) Osman ibn Salman Naxçıvani bədii metal ustası olmuşdur. O, incə naxışlı zərif qablar hazırlamış, bu sahədə tanınmışdır. Ona məxsus olan Naxçıvan bürünc dolçası Beyləqandan tapılmışdır. Qaynaqlarda on ikinci əsrdə və on üçüncü əsrin əvvəllərində Beyləqanın Yaxın Şərqin məşhur sənətkarlıq, ticarət və mədəniyyət mərkəzinə çevrilməsi ilə bağlı xeyli məlumatlar var. Naxçıvan dolçasının orada tapılmasının məğzini bu tarixi fakt bir daha sübut edir.
Osman Salman oğlu Naxçıvani haqqında mütləq təzkirələrdə və sair qaynaqlarda məlumatlar olacaqdır. Bu işin tədqiqatçılarının Osman Naxçıvani barədə gözəl araşdırmalarını oxumaq ən böyük arzularımızdandır.
Nərgiz İsmayılova