24 Dekabr 2024, Çərşənbə axşamı

Naxçıvan qədim və zəngin tarixə malikdir. Bu ərazidə qədim Daş dövründən (Paleolit dövründən) başlayaraq insanlar yaşamışlar. Bunu Naxçıvanın ərazisində olan çoxsaylı abidələr də sübut edir. Tariximizin şahidi olan, onun daş yaddaşına çevrilən, nəsillərdən-nəsillərə yadigar qalan abidələrimizin hər biri Azərbaycan tarixində mühüm elmi əhəmiyyət daşıyır. Bu abidələr içərisində Araz çayının sol sahilində yerləşən XII əsrin memarlıq abidəsi olan Gülüstan türbəsini də qeyd etmək olar. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 7 oktyabr 2015-ci ildə imzaladığı “Gülüstan türbəsinin bərpası və tədqiq olunması haqqında” Sərəncam bu sahə ilə məşğul olan tədqiqatçıların qarşısında yeni vəzifələr qoymuşdur. Həmin vəzifələrin yerinə yetirilməsi məqsədilə oktyabrın 8-də AMEA Naxçıvan Bölməsində “Gülüstan türbəsi” tədqiqat qrupu yaradılmışdır.

 Tədqiqat qrupu Gülüstan türbəsində bərpa işlərinin elmi və tarixi əsaslarla aparılması üçün nəinki türbədə, həmçinin türbə ətrafındakı ərazilərdə də elmi araşdırmalara başlamış və tədqiqat əsərlərində olan məlumatların toplanılması zəruri hesab edilmişdir. Müəyyən olunmuşdur ki, bu abidə mükəmməl arxitektura quruluşuna görə Azərbaycanın digər bölgələri ilə yanaşı, Yaxın Şərq memarlıq abidələri içərisində özünəməxsus yer tutur. Azərbaycanın digər bölgələrindəki türbələrdən fərqli olaraq onun sərdabəsi kürsülük adlanan yerüstü hissədə yerləşir. Kürsülük xaricdən kəsik piramida, daxildən silindrik quruluşa malikdir. Planda kvadrat olan kəsik piramida yuxarıda düzgün onikibucaqlıya çevrilir. Onun üzərində isə onikiüzlü üst kamera yerləşir. Türbənin səthləri oyma həndəsi ornamentlərlə və dekorativ tağlarla bəzədilmişdir. Naxçıvan memarlıq məktəbinə məxsus digər türbələrdə olduğu kimi, bu abidədə də taxçaların içərisi incə həndəsi ornamentlərlə örtülmüşdür. Abidənin üst örtüyü dağılmışdır. Tədqiqatçılardan akademik Əbdülvahab Salamzadə, sənətşünas Kamil Məmmədzadə bu örtüyün onikisəthli piramida şəklində olduğu haqqında fikir söyləmişlər. Kamil Məmmədzadə qeyd etmişdir ki, türbənin onikitilli olan yuxarı hissəsində tillərin tinlərindən düzəldilmiş ikiqat qapalı eşmələr abidəni dövrəyə alır və yuxarı hissədə üçpərli çatma tağla qurtarır. Türbənin gövdənin oturacaqla birləşən, eləcə də günbəzə keçid hissəsi oyma qurşaqla bəzədilmişdir. Bu abidənin özünəməxsus xüsusiyyətlərindən biri ondan ibarətdir ki, memar onun üzərində müxtəlif rəsmli həndəsi ornamentləri türbənin səthi üzərində elə yerləşdirmişdir ki, ona baxanda həmişə qonşu səthlərdə müxtəlif ornamentlər görünür. Keçid yerində, türbənin bütün perimetri üzrə qurşağın altında relyefli ornament vardır. Ornament yaxşı işlənmiş ellipsformalı menandrdan ibarətdir. Ornament zolağının üstündə düzəldilmiş qurşaq türbənin yuxarı hissəsini kürsülükdən ayırır. Divar müstəvisindən xeyli kənara çıxan qurşaq türbəni halqa şəklində əhatə edir. Qurşaq hər birində üç hissə olan bölmələrdən ibarətdir. Ən çox irəli çıxan hissəni saxlamaq üçün iri stalaktik hücrələrin tinləri irəli çıxarılmışdır. Divar müstəvisinə keçid Səlcuqilər dövrünün bir çox abidələri üçün səciyyəvi olan orijinal detallarla – palmetlər vasitəsilə yerinə yetirilmişdir. Digər amillər kimi, bu memarlıq xüsusiyyəti də abidənin dövrünün daha dəqiq müəyyən olunmasında mühüm əhəmiyyət kəsb edir. Mənbələrə nəzər saldıqda görürük ki, Gülüstan türbəsinə bənzər olan, eyni arxitektura quruluşunda tikilən türbələr Azərbaycanın digər bölgələri ilə yanaşı, Anadoluda da geniş yayılmışdır. Bu türbə bir qrup tədqiqatçı tərəfindən Azərbaycan və Anadolu Səlcuq türklərinin soy birliyinin göstəricisi hesab edilir. 

Gülüstan türbəsi ətrafında yerləşən I Gülüstan yaşayış yeri (XI-XVII əsrlər), II Gülüstan yaşayış yeri (X-IV əsrlər), Ölən şəhər (X-XVIII əsrlər), I Gülüstan nekropolu (XII-XIII əsrlər), II Gülüstan nekropolu (IV-VIII əsrlər), Ziya-ül Mülk körpüsü və karvansara (XII-XIII əsrlər) və digər abidələr türbə ilə bağlı aparılan tədqiqatların daha da dəqiqləşdirilməsində, bu ərazidə yaşamış insanların maddi və mənəvi mədəniyyətinin dərindən öyrənilməsində mühüm elmi əhəmiyyət daşıyır. Türbə ətrafındakı orta əsr abidələrindən əldə olunmuş arxeoloji materiallar tikili qalıqlarından və müxtəlif formalı keramika nümunələrindən, daş əmək alətlərindən ibarətdir. Tikili qalıqları möhrədən və çay daşlarından dördkünc planda tikilmişdir. Onlar əsas və yardımçı tikililər olmaqla, iki qrupa bölünür. Yaşayış yerindən əldə olunmuş keramikalar, əsasən, çəhrayı rəng­lidir. Keramikalar forma verən və forma verməyən hissələrdən ibarətdir. Forma verən keramikalar müxtəlif məişət və təsərrüfat qablarıdır. Təsərrüfat qabları nisbətən qalın divarlı, şirsiz düzəldilmişdir. Məişətdə işlədilmiş qablar nazik divarlı və şirlidir. Şirli qabların üzəri göy, yaşıl, sarı rənglərlə örtülmüşdür. Qabların bir qismi sadə olsa da, əksəriyyətinin üzəri həndəsi, nəbati, zoomorf ornamentlərlə naxışlanmışdır. Onlar insanların sənətkarlıq bacarığı ilə yanaşı, maddi və mənəvi mədəniyyəti, təsərrüfat həyatı ilə bağlı müəyyən süjetləri əks etdirir. Aparılan tədqiqatlardan məlum olur ki, Gülüstan türbəsi ətrafındakı abidələrdən əldə olunmuş keramikalar Azərbaycanın, onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanın orta əsrlər dövrünə aid abidələrinin bir çoxundan, o cümlədən Xarabagilan şəhər yerindən aşkar edilmişdir. Hər bir abidə kimi türbə ətrafındakı abidələrdən əldə olunmuş arxeoloji materiallar, xüsusən də keramika nümunələri, tikili qalıqları istər yaşayış yerinin tarixinin müəyyənləşdirilməsində, istərsə də türbə ilə bağlı aparılan elmi araşdırmaların daha da dərinləşməsində mühüm əhəmiyyət kəsb edir. Aparılan tədqiqatlar zamanı məlum olur ki, Azərbaycan tarixində şirsiz qablardan geniş istifadə olunduğu dövr IX-XI əsrləri əhatə edir. XI-XIII əsrlərdə Yaxın Şərqin müsəlman ölkələrində, o cümlədən Azərbaycanda şirli saxsı məmulatın istehsalı geniş vüsət alıbdır. Bu dövrdə istehsal olunmuş şirli qabların əksəriyyəti Gülüstan türbəsi ətrafındakı abidələrdən tapılmış keramikalar kimi qırmızı gilli olub, üzəri həndəsi, nəbati naxışlarla, yazılarla bəzədilmişdir. Gülüstan türbəsi ətrafındakı orta əsrlər dövrünə aid abidələrdən tapılan şirli və şirsiz gil qabların bənzərləri Naxçıvan Muxtar Respublikasının ərazisindəki həmin dövr abidələrinin bir çoxundan aşkar edilmişdir.
Gülüstan türbəsi ətrafında aparılan araşdırmalar sonda belə bir yekun nəticəyə gəlməyə əsas verir ki, bu türbə təsadüfən tikilməmişdir. Araz çayının sol sahilində, onun yaxınlığında yerləşən abidələrlə türbə arasında bağlılıq olmuşdur. Türbə ətrafındakı abidələr vahid arxeoloji kompleksə daxildir. Bu abidələrdən əldə olunmuş arxeoloji materiallar (keramika məmulatları, tikili qalıqları və sair), türbənin memarlıq xüsusiyyətində Səlcuqilər dövrünün abidələri ilə bənzər arxitektura quruluşunun olması, onun üzərindəki həndəsi ornamentlərlə Əcəmi memarlıq məktəbinə daxil olan digər abidələrin üzərindəki naxışlarla yaxınlıq və başqa faktlar Gülüstan türbəsinin XII əsrin memarlıq abidəsi olduğunu bir daha təsdiq edir.

Toğrul XƏLİLOV
AMEA Naxçıvan Bölməsinin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru, “Gülüstan
türbəsi” tədqiqat qrupunun üzvü

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR