24 Dekabr 2024, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikasının mədəni həyatı Göynük qalası, Gülüm-gülüm piri, Gənzə hamamı, Gülüstan türbəsi və Gülüstan körpüsünün tədqiq edilməsi ilə əhəmiyyətli dərəcədə zənginləşdirilmişdir.
Ordubad rayonunun Gənzə kəndində yerləşən və XV yüzilliyə aid olan Gənzə hamamı Naxçıvanın ən qədim abidələrindən hesab olunur. Hamam Hacı Hüseynqulu məscidinin şimal-şərq tərəfində yerləşir. 2014-cü ilin sonlarında bu abidəyə səfərim zamanı müşahidə etdim ki, şimal-şərqdən girişi olan hamamın uzunluğu 22,6, eni 9,4, hündürlüyü isə 5,6 metrdir. Ümumi sahəsi 213 kvadratmetr olan hama­mın əsas və köməkçi otaqları iki günbəzlə örtülüb. Otaqlar bir-biri ilə kiçik tamburlar vasitəsilə birləşir. İsti su hovuzu əsas otağa bitişik inşa olunub. Keçmişdə hovuza su dağlardan çəkilmiş saxsı su boruları ilə gətirilmişdir. Su xəzinənin arxasında inşa olunmuş su anbarına toplanaraq oradan hamama və hovuza verilirmiş. İnsanlar isti suyu yuyunma otağına açılan hovuzdan, soyuq suyu isə digər borular vasitəsi ilə xəzinənin yanında yerləşdirilmiş otaqdan götürərmiş. Otaqların altında isti hava verən kanallar keçir. Hamamın 3 bacası var. Hama­mı digər orta əsr hamamlarından fərqləndirən cəhəti onun divarlarının, günbəz və tağ-tavanlarının dağ daşı ilə inşa olunmasıdır. Hamamın içərisi günbəz və tağ-tavanların tavanının mərkəzində qoyulmuş baca vasitəsilə işıqlandırılır. Döşəmənin altından hovuzdakı suyu qızdırmaq üçün istifadə olunan borular keçir.

Şirli naxışlarla həndəsi və yarım həndəsi fiqurların müəllifi olan Əcəmi memarlığı möhtəşəm ənənədir və Azərbaycan memarlıq irsinin inkişaf etdirilməsinə öz töhfəsini vermişdir. Araz çayının sol tərəfində yerləşən Gülüstan yaşayış məntəqəsi otlaq sahə ilə əhatə olunmuşdur. Lakin keçmişdə bu ərazidə qədim yaşayış binaları yerləşmişdir. Haliyədə burada bəzi divarların qalıqları qalmaqdadır. Həmin divarlardan birinin uzunluğu 48 metr, genişliyi isə 45 metrdir. Qazıntılar zamanı yaşayış yerindən çəhrayı rəngli şirli və şirsiz keramika nümunələri aşkar edilmişdir. Bu tapıntılar orta əsrin inkişaf dövrü üçün xarakterikdir. Arxeoloji araşdırmalara əsasən, Gülüstan yaşayış yeri X-XIV əsrlərə aiddir.
Gülüstan körpüsü, yaxud Ziya-ül Mülk körpüsü Araz çayı üzərində yerləşir. Körpü qədim İpək Yolu dövrünün mədəniyyət və memarlıq nailiyyətlərinin, həmçinin əsrlər boyu naxçıvanlı memarların tətbiq etdiyi memarlıq elementlərinin mühüm nişangahı hesab olunur. Bu dinamik xüsusiyyətlər dünyada mədəni, arxeoloji və qədim tarixi abidələrin qorunmasına cavabdeh olan YUNESKO və digər beynəlxalq təşkilatların diqqətinə layiqdir. Azərbaycanın mədəniyyəti və memarlığında Naxçıvan regionu öz strateji mövqeyi və dünya tarixinin öyrənilməsi üçün mühüm yeni perspektivlərə töhfə verdiyi üçün xüsusi yer tutur. Gülüstan körpüsü Culfa rayonunun ərazisində Araz çayının dağın ətəyinə toxunaraq burulğan halda döndüyü yerdə yonulmuş daşlardan inşa edilmişdir. Körpünün salınması ilə hazırda xarabalığı qalmış qədim şəhərin Böyük İpək Yolu üzərində əhəmiyyəti xeyli artmışdır. Olduqca möhkəm, son dərəcə hamar və gözəl görünüşə malik körpünün iki yüksək və geniş tağı olmuşdur. Tağlardan birinin altından karvansara kimi istifadə olunmuşdur. Körpünün salınma texnikası beynəlxalq mühəndisləri heyran qoyur. Hazırda körpünün yalnız 5 dayağı qalmışdır. Bunlar üzlüyü tökülmüş çaydaşı hörgüsü qalıqlarıdır. Salamat qalmış sahil dağının suya baxan səthində 4 sıra dairəvi boşluqları olan körpü tağının dabanı görünür. Güman ki, onlar hörgünün içinə qoyulmuş ağac bağlayıcılarının yuvalarıdır. Belə oyuqlar digər dayaqların qalıqlarında da vardır. Körpü dayağının çaya baxan tərəfində nazik və hündür arakəsmələrlə 3 hissəyə bölünmüş geniş qapı yeri qalmışdır. Sahil dayağının dağa uzanan divar qalıqları Naxçıvan Muxtar Respublikası barədə geniş məlumatlar yazan orta əsr tarixçisi Şərəfəddin Əli Yəzdinin əsərlərindəkilərlə eynidir. “Naxçıvan abidələri ensik­lopediyası”nda qeyd olunduğu kimi, əsas inşaat materialı kimi məscidlərin və digər abidələrin tikintisində əhəng məhlulu və qırmızımtıl qumdaşından istifadə olunmuşdur. Tikinti massivinin müxtəlif hissələrində bu dövr üçün səciyyəvi olan dördkünc kərpic hörgüsü də müşahidə olunur. Əmir Teymur 1386-cı ildə Mərənd və Zər dərəsi istiqamətindən Naxçıvana gələrkən Ziya-ül Mülk körpüsündən keçmişdir. Körpünün xarabalıqları xalq arasında “İsgəndər körpüsü” adı ilə də tanınır. XIV əsr tarixçisi Həmdullah Qəzvini “Nüzhət əl-qülub” (“Qəlblərin əyləncəsi”) əsərində verdiyi məlumata görə, körpünü Ziya-ül Mülk Naxçıvani tikdirmişdir.
Gülüstan türbəsi Culfa rayonunun Gülüstan kəndi yaxınlığında yerləşir və orta əsrlərə aid memarlıq abidəsidir. Abidə Möminə xatın türbəsinin təsiri ilə XIII əsrin əvvəllərində tikilmişdir və Azərbaycanın qülləvari türbələri qrupuna daxildir. Bu unikal memarlıq abidəsi qırmızı qumdaşı, kürsü hissəsi isə kub formada yonulmuş daşlardan inşa edilmişdir. Azərbaycanda mövcud olan digər türbələrdən fərqli olaraq, Gülüstan türbəsinin sərdabəsi yerüstü hissədə yerləşir. Kürsülük xaricdən kəsik piramida, daxildən isə silindrik quruluşa malikdir. Planda kvadrat olan kəsik piramida yuxarıda düzgün onikibucaqlıya çevrilir. Onun üzərində isə əlavə kamera yerləşir. Türbənin üst örtüyü tamamilə dağılmışdır. Təəssüf ki, türbənin piramida formalı olmasını müəyyənləşdirmək çox çətindir. Bu abidə xüsusi əhəmiyyətə malik olduğu üçün Naxçıvan Muxtar Respublikasının rəhbəri bu yaxınlarda qərara almışdır ki, abidədə bərpa işləri aparılsın. Əcəmi Naxçıvani tərəfindən dizayn edilmiş türbələrə baxdığımızda görərik ki, Gülüstan türbəsinin üzərində olan həndəsi naxışlar digər orta əsr türbələrində də mövcuddur. “Naxçıvan abidələri ensiklopediyası”nda göstərildiyi kimi, abidənin üzərində 3 dəfə sistemli şəkildə təkrar olunan həndəsi naxışlar vardır. Gövdənin oturacaqla birləşən hissəsi, eləcə də günbəzə keçid yeri stalaktik şəkilli oyma qurşaqla əhatə edilmişdir. Gülüstan türbəsi unikal quruluşa malikdir, möhtəşəmdir, kvadrat formada mükəmməl konik təməl quruluşu ilə (kvadrat formalı təməl hissəsi yuxarı hissədə mükəmməl dairə kimi ortaya çıxır) nümunəvi formaya malik olan abidələri öyrənmək istəyən çoxlu alimləri həvəsləndirmişdir.
Gülüstan türbəsi XI-XIII əsrlərdə Azərbaycan və Səlcuq imperiyasının qədim tayfaları arasında olan mədəni birliyin yaşayan nümunəsidir. Bəşəriyyət memarlığının həyat və fəaliyyəti, eləcə də Avropa mədəniyyətini anlamaq üçün ümidlərimiz yüksəkdir ki, YUNESKO Naxçıvanın tarixinin tanınmasına daha çox diqqət yetirəcəkdir.

Peter Tase
24.11.2015
Amerika Birləşmiş Ştatlarının
“Foreign Policy News” və
“Eurasia review” qəzetləri

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR