24 Dekabr 2024, Çərşənbə axşamı

Cəmiyyətin hərtərəfli inkişafı yalnız mədəni inkişafla mümkündür. Ölkəmizin qədim regionlarından olan Naxçıvan Muxtar Respublikasında da mədəniyyətin inkişafı burada yaşayan əhalinin adət-ənənələri, həyat tərzi və dünyagörüşünün formalaşmasında mühüm rol oynamışdır.
Muxtar diyarımızın hər bir bölgəsinin müasir inkişafında mədəni inkişafın izlərini görməmək mümkün deyil. Müstəqil Azərbaycanın müstəqil qərarları ilə həyata vəsiqə qazanmış Kəngərli rayonunda da bu bölgənin mədəni irsinin qorunmasına, təbliğ edilməsinə hərtərəfli şərait yaradılmışdır.
Əvvəlki yazılarımızda qeyd etdiyimiz kimi, Kəngərli rayonu inzibati ərazi vahidi kimi yeni yaradılsa da, bu yaşayış məntəqəsinin tarixi çox qədimdir. Rayon ərazisində qədim insanların əmək fəaliyyətini və həyat tərzini əks etdirən maddi-mədəniyyət qalıqları ilə zəngin xeyli arxeoloji abidə var. Bu abidələr qədim yaşayış yerləri, qalalar, qəbiristanlıqlar, kurqanlar və memarlıq abidələrindən ibarətdir. Son illər Kəngərli rayonunda da mədəniyyətin inkişafına böyük dövlət qayğısı göstərilmiş, çoxsaylı mədəniyyət obyektləri tikilərək istifadəyə verilmişdir.

Kəngərli Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Kərim Qazıbəyov bizimlə söhbətində bildirdi ki, hazırda rayonda 1 rayon mədəniyyət evi, 5 kənd mədəniyyət evi, 5 kənd klubu, 1 Mərkəzləşdirilmiş Kitabxana Sistemi, 2 uşaq musiqi məktəbi və 1 Tarix-Diyarşünaslıq Muzeyi fəaliyyət göstərir. Son illərdə rayonda aparılan qurucu­luq tədbirləri nəticəsində mədəniyyət müəssisələrinin böyük bir qismi yeni binalarla təmin olunmuşdur. Qıvraq qəsəbəsində yerləşən və 5 hektar ərazini əhatə edən Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkı, mədəniyyət evi rayon mərkəzinə xüsusi gözəllik verir. İstirahət parkında əhalinin mənalı istirahəti üçün hərtərəfli şərait yaradılmışdır. Kəngərli Rayon Mədəniyyət Evi hazırda rayonda keçirilən mədəni tədbirlərin mərkəzinə çevrilmişdir. Gözəl memarlıq quruluşuna malik binanın birinci mərtəbəsində inzibati otaqlar, 286 yerlik tamaşa zalı, ikinci mərtəbədə isə inzibati otaqlarla yanaşı, dekorasiya otağı və istirahət guşəsi də yerləşir. Mədəniyyət evinin direktoru Tofiq Rüstəmov bildirdi ki, bu mədəniyyət müəssisəsi il ərzində müxtəlif mədəni tədbirlərin, konsert proqramlarının təşkil olunduğu əsas ünvanlardandır. 2004-cü ildə yaradılmış “Kəngər” instrumental ansamblı, 2005-ci ildə yaradılmış qızlardan ibarət “Gülüm hey” folklor qrupu, 2012-ci ildən fəaliyyətə başlamış həm uşaq, həm də böyüklərdən ibarət yallı kollektivləri rayonun mədəni həyatında mühüm rol oynayır. Hər ay burada folklor kollektivlərinin məşqləri təşkil olunur, milli adət-ənənələrimizin təbliği ilə bağlı məktəblilərlə görüşlər keçirilir. “Kəngər” instrumental ansamblı tez-tez konsert pro­qramı ilə çıxış edir.
Rayonda xalq yaradıcılığının inkişaf etdirilməsi, bu sahədə müxtəlif tədbirlərin həyata keçirilməsi daim mədəniyyət müəssisələrinin diqqət mərkəzində saxlanılır. Hazırda Qarabağlar və Böyükdüz kənd mədəniyyət evlərində əl işlərindən ibarət toxuculuq dərnəkləri fəaliyyət göstərir. Bu toxuculuq nümunələrindən bir qismi Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında təşkil olunmuş “Muxtar respublika qadınları müstəqillik illərində” adlı sərgidə nümayiş etdirilmişdir. Bundan əlavə, rayonda fəaliyyət göstərən Qıvraq qəsəbə və Çalxanqala Kənd Uşaq Musiqi məktəblərinin kollektivləri də rayonda keçirilən mədəni tədbirlərdə fəal iştirak edirlər.
Kəngərli Rayon Tarix-Diyarşünaslıq Muzeyi bölgədəki maddi-mədəniyyət nümunələrinin daha etibarlı qorunub-saxlanılması, tədqiqi və təbliği baxımından mühüm mədəniyyət müəssisələrindəndir. Muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 iyul 2006-cı il tarixli Sərəncamına uyğun olaraq yaradılmışdır. İkimərtəbəli muzey binası 2007-ci ildə qapılarını ziyarətçilərin üzünə açmışdır. Rayonun ən qədim dövrlərindən bu günədək olan tarixini özündə əks etdirən muzeydə hazırda 2758 eksponat saxlanılır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 9 fevral 2010-cu il tarixli Sərəncamı ilə isə Kəngərli rayonunun Şahtaxtı kəndində Şahtaxtinskilər Muzeyi yaradılmışdır. 2010-cu il may ayının 13-də istifadəyə verilən həmin muzeydə Azərbaycanda elmin, mədəniyyətin, təhsilin, səhiyyənin, hərb sənətinin inkişafında xidmətləri olan Şahtaxtinskilər nəslinin nümayəndələrinə aid eksponatlar toplanmışdır. Muzeydə Moskva və Qars müqavilələrinin bağlanmasında müstəsna xidmətləri olan Behbud ağa Şahtaxtinskiyə, maarifçi-publisist, ictimai xadim Məhəmməd ağa Şahtaxtinskiyə, hərbçi, çar Rusiyası ordusunun polkovniki Əbülfət Şahtaxtinskiyə, Azərbaycan Xalq Cümhuriyyətinin dövlət xadimlərindən biri, parlamentin ilk üzvlərindən olan Həmid ağa Şahtaxtinskiyə, jurnalist və ictimai xadim İsasultan Şahtaxtinskiyə, görkəmli rəssam Elmira Şahtaxtinskayaya və digərlərinə aid geniş məlumatlar əldə etmək olar. 285 eksponatla fəaliyyətə başlayan muzeydə hazırda 373 eksponat var. Muxtar respublikamızda artıq ənənə halını almış “Muzey günləri” çərçivəsində rayonun idarə və təşkilatlarında çalışan kollektivlər yuxarıda adıçəkilən muzeylərdə olur, doğma yurdun tarixi və mədəniyyətini özündə əks etdirən eksponatlar haqqında əyani məlumatlar alırlar.
Rayonda fəaliyyət göstərən kitabxanalar da öz işini günün tələbləri səviyyəsində qurmağa çalışır. Mərkəzləşdirilmiş və uşaq kitabxanaları Qarabağlar kəndində yerləşir. Hazır­da Kəngərli Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi və filiallarının kitabxana fondunda 66800 ədəd kitab vardır ki, bunun da 23707 ədədi mərkəzi kitabxananın payına düşür. Mərkəzləşdirilmiş Kitabxana Sistemində mütəmadi olaraq oxucu konfransları, yeni kitabların müzakirəsi təşkil olunur. Bununla yanaşı, kitabxanada əlamətdar günlərlə, şair və yazıçıların yubileyləri ilə bağlı da tədbirlər keçirilir. Öyrənirik ki, cari ilin ötən dövrü ərzində Mərkəzləşdirilmiş Kitabxana Sistemində, eyni zamanda digər mədəniyyət müəssisələrində görkəmli pedaqoq, ədəbiyyatşünas Əziz Şərifin, böyük sərkərdə Cəmşid Naxçıvanskinin 120 illik, bəstəkar Vasif Adıgözəlovun 80 illik, şair Bəxtiyar Vahabzadənin 90 illik yubileyləri qeyd olunmuşdur.
Bu gün Kəngərli rayonunda mədəniyyət müəssisələrinin fəaliyyətində ümumi istiqamət ondan ibarətdir ki, milli və mədəni dəyərlərimiz qorunsun, gənc nəsil mədəni və intellekt baxımından hazırlıqlı vətəndaş kimi yetişsin. Əslində, bu istiqamət muxtar respublikamızda fəaliyyət göstərən bütün mədəniyyət müəssisələrinin fəaliyyətinin tərkib hissəsidir. Ancaq Kəngərli rayonunda gördüklərimiz bizi bir daha ona inandırdı ki, Mədəniyyət və Turizm Şöbəsinin kollektivi bu prosesdə fəal iştirak etməklə milli-mədəni dəyərlərimizi öyrənmək, təbliğ etmək və zənginləşdirmək işinə öz töhfəsini verir.

 Səbuhi Həsənov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR