24 Dekabr 2024, Çərşənbə axşamı

Qədim Naxçıvan diyarı tarixi abidələri ilə bütün dünyada məşhurdur. Bir çox abidələrimizi daha da əsrarəngiz, ecazkar edən amillərdən biri də abidələrimizin əksəriyyətində şəbəkə sənəti nümunələrinə geniş yer verilməsidir.

Oxucularımızın bu sənətə olan marağını nəzərə alaraq deyək ki, şəbəkə sözü tor və ya barmaqlıq mənasını verir. Ayrı-ayrı taxta parçaları yapışqan və mismar olmadan quraşdırılır. Hazırda da bu sənəti qoruyub yaşadanlar, yeniliklər gətirənlər çoxdur. Şəbəkənin hazır­lanmasında, əsasən, fısdıq ağacından istifadə edilir ki, bu da onun elastikliyi ilə əlaqədardır. Şəbəkənin uzunömürlü olması üçün taxtalar bişirilir və qurudulur, daha sonra isə onlar incəliklə kəsilərək müəyyən formalara salınır. Həmin parçalar müəyyən həndəsi fiqurlar formasında yığılaraq əlvan rəngli şüşələrlə bəzədilir. “Cəfəri”, “səkkiz”, “onaltı”, “gülabi”, “şəmsi”, “göllü” və “bəndi-rumi” şəbəkənin ənənəvi kompozisiyalarıdır. Şəbəkənin təsvir dili xalçanın həndəsi ornamentlərinə yaxındır. Əslində, şəbəkə bir çox elmi özündə birləşdirir.
Şəbəkə ənənəsindən söhbət açıldığında Naxçıvan şəhərindəki Xan sarayını, Ordubad şəhərindəki Came, Sərşəhər məscidlərini, eləcə də Naxçıvan şəhərindəki bir sıra abidələri xatırlatma­maq mümkün deyil. Son illərdə bərpa edilən abidələrin qapı və pəncərələrində də şəbəkə sənəti nümunələrindən geniş istifadə edilir.

Hazırda muxtar respublikamızda bir çox yaşayış və ictimai binaların interyer və eksteryerində də şəbəkə sənətinin nümunələrindən istifadə olunur. Naxçıvan şəhərindəki Xan sarayının pəncərələrindəki zərif şəbəkə bu sənətin ən gözəl nümunəsidir. Sarayda oynaq, əlvan çalarlara malik gözəl şəbəkə kompozisiyaları iki əsr öncə olan görünüşünü saxlamaqla bu gün də öz parlaqlığı ilə buraya gələn çoxsaylı turistlərin marağına səbəb olur.
Ordubad rayonunda yaşayan, bu sənətin incəliklərinə dərindən bələd olan Cabir Cabbarov deyir ki, şəbəkə sənəti memarlıqla sıx bağlı olduğundan, əsasən, monumental xarakter daşıyır. Şəbəkə eyni zamanda dekorativ-tətbiqi sənətlərin xüsusi vərdiş, təcrübə və texnologiya tələb edən çətin sahələrindən biridir. Adətən, şəbəkə ustaları ənənəvi təbiət ornamentlərinə üstünlük verirlər. Hazırda Naxçıvanda nəinki abidələrin bərpasında, hətta yeni tikililərdə də şəbəkədən çox istifadə olunur.
Müsahibim bildirir ki, şəbəkə üçün ağacı buxarda bişiririk, şirəsi axır, sonra əlif yağında saxlayırıq. Taxta boşluqları əlif yağı ilə doldurulur. Çox güman ki, o vaxt Naxçıvandakı abidələrin qapı-pəncərələrini də həmin üsulla işləyiblər. Əsas çətinlik şəbəkənin şüşələrindədir. Şəbəkə işinin qiyməti eskizin ölçüsündən asılıdır. Elə şəbəkə var ki, bir kvadratmetrinə 1000, eləsi var ki, 15000 ədəd hissə gedir. Bir kvadratmetrinə min hissə gedən şəbəkənin ərsəyə gəlməsi bir ay vaxt aparır, on beş min hissə gedəni isə bir il.
Bu işin davamçılarına gəldikdə isə Cabir Cabbarov deyir ki, gənclər bu işə maraq göstərir, ancaq sözün həqiqi mənasında, öyrənmək istəyənlər, qavrayanlar azdır. Yəni bu sənəti öyrənmək üçün ən azı Şərq memarlıq elementlərindən, həndəsədən, riyaziyyatdan, rəssamlıqdan xəbərdar olmalısan. Ustanın yanında elə-belə vaxt keçirən şagird heç vaxt bu sənətə dərindən yiyələnə bilməz. Bir də bu işdə səbir ən ümdə məsələdir. Çünki şəbəkənin hər detalının hazırlanması üçün ən azı 10-12 əməliyyat həyata keçirilir. Bəzi adamların buna səbri çatmır. Səbirsiz adamlar da bu sənətdə duruş gətirə bilməz. Peşəkar kimi yetişmək üçün uzun illər lazım olur.
Şəbəkə sənəti milli dəyərimizdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il fevralın 7-də imzaladığı Sərəncama uyğun olaraq, muxtar respublikada xalq yaradıcılığının yaşadılması ilə bərabər, milli dəyərlərin qorunması, təbliği və gələcək nəsillərə çatdırılması istiqamətində də ardıcıl tədbirlər görülür. Bu tədbirlər çərçivəsində dekorativ-tətbiqi sənət növləri, eləcə də şəbəkə sənəti də yaşadılır, gələcək nəsillərə ötürülür. Əminliklə demək olar ki, göy qurşağı kimi al-əlvan rənglərlə bəzədilən şəbəkə üsulu ilə yaradılmış qapı və pəncərələr günümüzdə olduğu kimi, gələcəkdə də evləri və binaları bəzəyəcək, doğma diyarımızın memarlıq mənzərəsinə gözəllik və orijinallıq bəxş edəcək.

 Səbuhi Hüseynov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR