Tarixin istənilən dövründə şəhərlər böyük və ya kiçikliyindən daha çox öz ənənələri ilə seçiliblər. Hansı ki bu ənənələrdə həmin şəhərlərin dəyərləri, tarixi və mədəni inkişaf yolu, iqtisadi və sosial həyat tərzi öz əksini tapır. Ümumilikdə isə şəhər mədəniyyəti aid olduğu xalqın zəngin dəyərlərə malikliyinin bir regionun simasında təcəssümüdür. Bu mənada, Naxçıvan şəhəri həm qədim tarixi və mədəniyyəti, həm də öz milli dəyərlərinə sadiqliyi baxımından seçilir. Naxçıvanın özünəməxsusluğu ondadır ki, şəhərin istənilən yerindən həm tarixi, həm də müasir tikililəri gözlə izləmək mümkündür. Yəni şəhərdə qədimliklə müasirlik vəhdət təşkil edir.
Muxtar respublikamızın paytaxt şəhərində son illərdə müasir tikililərin sayı artsa da, milli özünəməxsusluq qorunub saxlanılır. Hamımıza məlumdur ki, Şərq şəhərlərini dünyanın digər şəhərlərindən fərqləndirən əsas tikililər minarəli məscidlər, hamamlar və bazarlardır. Buna görə də istənilən şəhərin yuxarıdan çəkilən fotoşəklinə baxsaq, onun Şərqə və yaxud Qərbə aid olduğunu müəyyən etmək mümkündür. Ötən ilin sonlarında yeni Şərq hamamının istifadəyə verilməsi də Naxçıvan şəhərinin Şərq özünəməxsusluğundakı yerini tamlığı ilə doldurmaqla yanaşı, qədim diyarımızın milli ənənələrə sadiqliyini də bir daha göstərmiş oldu.
Qeyd edək ki, hamam həmişə insanlar üçün rahatlıq, təmizlik, sağlamlıq məkanı sayılıb. Eyni zamanda hamam həm də bir mədəniyyətdir. Bu mədəniyyətin tarixi isə çox-çox qədimlərdən başlayır. Dünyada ilk hamamın harada yaradıldığı barədə dəqiq və konkret məlumat olmasa da, araşdırmalar bu ideyanın Şərqə mənsub olduğunu göstərir. Bəzi tarixi mənbələrə görə, hamam mədəniyyəti qədim şumerlərdən başlayıb. Şərqdə yaradılan ilk hamamlar sonralar təkcə təmizlik məkanı kimi yox, həm də mədəni, ictimai, sağlamlıq məqsədilə istifadə olunub. Orta əsrlər dövründən başlayaraq ictimai hamamlar Şərq aləmində daha böyük rol oynayıb. Sanitar və gigiyenik funksiyalarıyla yanaşı, Azərbaycan hamamları məhəllə sakinlərinin toplaşıb yeni xəbərləri müzakirə etdikləri, boş vaxtlarını keçirdikləri məkanlar idi. Tarixi mənbələrə görə, həmin dövrlər Avropa tarixinin ən zülmət çağları olub. Fransada kilsələr çimməyi qadağan edir, insanlar, sadəcə, ehtiyac olanda əl və üzlərini yuyurdular. Digər Qərb ölkələrində də vəziyyət bu cür idi. Həmin dövrlərdə Avropanın əksinə olaraq, Şərqdə gözəl memarlıq incilərindən olan və bu günümüzədək gəlib çatan möhtəşəm hamamlar tikilirdi. XVII əsrdə Naxçıvanda olmuş məşhur türk səyyahı Övliya Çələbi yazırdı: “Şəhərdə məscid və ibadət yerlərinin sayı 70-ə çatır, 40 məhəllə məscidi, 20 qonaq evi, 7 hamam, 1000 dükan var”. Səyyah hər gün hovuzuna bir səbət qızılgül ləçəyi atılan yerli hamamların gözəlliyindən də bəhs etməyi unutmayıb.
Azərbaycan tarixində hamamların özünəməxsus yeri var. Xalqımız hamamı həmişə mədəniyyət məkanı, sanitar və gigiyenik baxımdan təmizliyə qovuşmaq yeri hesab edib. Xatırladaq ki, muxtar respublikamızın müxtəlif bölgələrində dövrümüzədək gəlib çatmış xeyli sayda hamamlar var ki, bu tikililər Naxçıvanda zəngin hamam mədəniyyətinin mövcudluğundan xəbər verir. Məsələn, Naxçıvan şəhərindəki Dədə Qorqud meydanında yerləşən XVIII əsrə aid İsmayılxan hamamı, Şərur rayonunun Yengicə kəndində yerləşən Yengicə hamamı, Kəngərli rayonunun Şahtaxtı kəndindəki hamam, habelə Ordubad rayonu ərazisində yerləşən Vənənd, Nüsnüs, Yuxarı Əylis, Düylün və digər kəndlərdəki hamamlar tarixi-memarlıq, eləcə də mədəni abidə kimi mühüm əhəmiyyət kəsb edir. Ötən ilin sonlarında Naxçıvan şəhərinin “Əlincə” məhəlləsində Şərq hamamının istifadəyə verilməsini də bu baxımdan milli ənənələrə bağlılığın növbəti nümunəsi kimi qiymətləndirmək olar. Oxucularımıza bir daha xatırladaq ki, Şərq memarlığı üslubunda layihələndirilmiş Şərq hamamı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı ilə təsdiq olunmuş “2014-2015-ci illərdə Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafı üzrə Proqram”a uyğun olaraq inşa edilib. Ali Məclisin Sədri hamam kompleksinin açılış mərasimindəki çıxışında demişdir: “Bu gün muxtar respublikanın bütün yaşayış məntəqələrində dayanıqlı qaz, elektrik və su təminatı vardır. Hər bir ailə öz mənzilində lazımi məişət şəraiti yaratmışdır. Lakin Naxçıvanın paytaxt şəhəri olması və burada 10 minə yaxın tələbənin təhsil alması yeni mədəni xidmət obyektinin – hamam kompleksinin tikintisini zəruri edirdi. Yeni hamam kompleksi əhaliyə xidmət göstərməklə yanaşı, həm də memarlıq abidəsi kimi inşa olunmalı, Şərq adət-ənənələri və üslubu qorunub saxlanılmalı idi. Tikinti işləri aparılarkən bu amillər nəzərə alınmış, qədim Şərq adət-ənənələri və üslubuna uyğun yeni hamam kompleksi inşa olunmuşdur”.
Bu günlərdə biz də adıçəkilən obyektdə olduq. Həqiqətən, Şərq hamamı özünəməxsus quruluşu ilə diqqəti cəlb edir. Hamam kompleksinin müdiri Arzu Əhmədov bizimlə söhbətində bildirdi ki, bura gələnlərin rahatlığı üçün hər şey nəzərə alınıb. Kompleksin daxilində kişi və qadınlar üçün nəzərdə tutulmuş bölmələr mövcuddur. Hər bir bölmədə soyunub-geyinmə otaqları, yuyunmaq üçün böyük zal və duş kabinələri, hamam ləvazimatlarının satışı mağazası və çay evi fəaliyyət göstərir. Həmsöhbətimiz bildirdi ki, yeni fəaliyyətə başlamasına baxmayaraq, müraciət edənlərin sayı hər gün artmaqdadır. Gün ərzində xidmətlərlə maraqlananlar da az olmur. Kompleksin həyətində avtomobil dayanacağı mövcuddur ki, bu da sakinlərin rahatlığı üçün düşünülüb.
Burada olarkən kompleksin xidmətlərindən istifadə etmək istəyən şəhər sakinlərindən bir neçəsi ilə görüşüb söhbət etdik. Nofəl Əliyev deyir ki, evdə hər birimizin məişət şəraiti olsa da, buradakı rahatlığın yerini vermir. Yaxınlıqda yaşadığım üçün binanın tikintisinin tezliklə başa çatmasını və fəaliyyətə başlamasını maraqla gözləyirdim. Çünki bu tipli hamamlarla əvvəlcədən tanışlığım var idi. Buradakı Şərq özünəməxsusluğu, döşəmə daşların müasir texnoloji üsullarla isidilməsi, sözün həqiqi mənasında, insanı ruhən dincəldir. Xidmət də yüksək səviyyədədir. Hamamdan sonra çayın isə öz yeri var. Həqiqətən, insan burada əsl rahatlıq tapır.
Naxçıvan Dövlət Universitetinin tələbəsi Musa Musayev yeni hamamın rahatlığından ağızdolusu danışır. Deyir ki, qışda əsl rahatlığı məhz Şərq hamamında tapmaq olar. Həm gəlib hamamdan istifadə edirsən, həm də dost-tanışla çay içib söhbətləşirsən. Bu işdə əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm.
Bəli, Şərq hamamının istifadəyə verilməsi şəhər sakini kimi hər birimizi sevindirir. Eyni zamanda nəzərə alaq ki, bu tip obyektlər şəhərimizin turizm potensialı baxımından da çox əhəmiyyətlidir. Xüsusilə əcnəbi turistlərin bu cür Şərq hamamlarına böyük maraqları olduğunun dəfələrlə şahidi olmuşam. Ona görə də belə bir obyektin fəaliyyətə başlamasının istər şəhər sakinlərinin, istərsə də bura yolu düşən yerli və əcnəbi qonaqların mədəni istirahətində əhəmiyyətli rol oynayacağı şübhəsizdir.
Səbuhi Həsənov