Dünən M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Naxçıvanda fəaliyyət göstərən muzeylərin əməkdaşları ilə muzey işi üzrə seminar keçirilmişdir.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Həsən Kərimov açaraq muzey şəbəkələrinin genişləndirilməsi sahəsində görülən işlərdən danışmışdır. Qeyd edilmişdir ki, muxtar respublikamızda son illər yeni muzeylər yaradılmış, fəaliyyətdə olan muzeylər üçün yeni binalar tikilmiş və təmir edilmiş, belə mədəniyyət müəssisələrinin maddi-texniki bazaları gücləndirilmişdir.
Sonra nazirliyin əməkdaşı Qumral Məmiyeva “Muzey işinin metodikası” mövzusunda çıxış etmişdir. Muxtar respublikamızın muzeylərində saxlanılan eksponatların uçotu və mühafizəsinə dair metodik təlimatlar muzey işçilərinə slaydlar vasitəsilə nümayiş olunmuşdur. Çıxışda uçot-mühafizə işinin qaydaları, bu işlə məşğul olan əməkdaşların vəzifələri, muzey əşyalarının elmi inventarizasiyası, fondların uçotu qaydaları, muzey mühafizəsinin təşkili, muzey əşyalarının ayrı-ayrılıqda mühafizəsi haqqında danışılmışdır. Bu işlərin həyata keçirilməsi zamanı kargüzarlıq işinin düzgün aparılması, muzey jurnallarının, inventar kitablarının işləmə qaydaları slaydlar vasitəsilə geniş izah edilmişdir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.
Əli RZAYEV