24 Dekabr 2024, Çərşənbə axşamı

Naxçıvan Dövlət Filarmoniyasında “İstedadlar sorağında” devizi altında bir ay davam edəcək özfəaliyyət kollektivlərinin baxış-müsabiqəsinə dünən start verilmişdir.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən baxış-müsabiqənin məqsədi muxtar respublikada fəaliyyət göstərən mədəniyyət evi və klub müəssisələrində milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və təbliğ olunması, xüsusi istedada malik uşaq və yeniyetmələrin üzə çıxarılması, bədii özfəaliyyət kollektivlərinin inkişafına kömək etməkdir.
Baxış-müsabiqəni Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi aparatının rəhbəri Gülbuta Babayeva giriş sözü ilə açaraq muxtar respublikada mədəniyyətə və incəsənətə göstərilən qayğıdan danışmış və iştirakçılara uğurlar arzulamışdır. Qeyd edilmişdir ki, baxış-müsabiqənin şərtlərinə görə müsabiqədə 10 yaşından 30 yaşınadək istedadlı və ifaçılıq qabiliyyəti ilə seçilən şəxslər xalq və bəstəkar mahnıları, muğamlar, rəqslər, səhnəciklərlə çıxış edə bilərlər. Münsiflər heyəti iki turdan ibarət olacaq baxış-müsabiqədə həm də iştirakçıların ifaçılıq məharəti ilə yanaşı, onların səhnə mədəniyyətini və geyimlərini də nəzərə alacaqdır. Baxış-müsabiqənin nəticələri məlum olandan sonra dekabr ayının ortalarında qaliblərin iştirakı ilə yekun konserti təşkil ediləcək və qaliblərə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin diplomları və fəxri fərmanları təqdim olunacaq.

Sonra baxış-müsabiqədə Ataxan Quliyevin ifa etdiyi “Mahur” təsnifi, “Sarı gəlin” xalq mahnısı, Yamil Vəliyevin ifasında “Üç gündən bir, beş gündən bir” xalq mahnısı, Arzu Səfərovun ifasında Tofiq Quliyevin “Sənə də qalmaz”, Türkan Rzayevin ifasında Ələkbər Tağıyevin “Kaş ki gözəl olmayaydın”, Şəfiqə Axundovanın “Nədən oldu” mahnıları səsləndirilmişdir.
Sonda münsiflər heyətinin üzvləri – Azərbaycan Respublikasının Xalq artisti Həsən Ağasoy, Azərbaycan Respublikasının Əməkdar artisti Elman Əliyev baxış-müsabiqənin iştirakçılarının çıxışları haqqında fikir və rəylərini bildirmişlər. Münsiflər heyətinin qərarına əsasən, Ataxan Quliyev, Arzu Səfərov, Türkan Rzayev baxış-müsabiqənin II turuna vəsiqə qazanmışlar. Yamil Vəliyevin ifası əsasnamə şərtlərinə uyğun gəlmədiyi üçün o, II tura buraxılmamışdır.
Qeyd edək ki, I turun növbəti çıxışları dekabrın 18-də Ordubad şəhərində olacaqdır.

Əli RZAYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR