24 Dekabr 2024, Çərşənbə axşamı

M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında şair-dramaturq Zaur Vedilinin Azərbaycan xalq nağıllarının motivləri əsasında yazılmış “Çalıb-çağıran” pyesi əsasında hazırlanmış tamaşaya ictimai baxış olub.
Tamaşada ədalət, mərhəmət, qorxmazlıq, insanlara məhəbbət kimi mənəvi-əxlaqi dəyərlər təbliğ edilir. Tamaşanın quruluşçu rejissoru, Azərbaycan Respublikasının Xalq artisti Yasəmən Ramazanova, quruluşçu rəssamı Murad Babayev, bəstəkarı Əli Məmmədovdur. Marionetka üslubunda hazırlanmış tamaşada kuklaları teatrın aktyorları İbad Nəbiyev, Süleyman Süleymanov, İlham Babayev, Arzu Səfərov, Vəsmə Quliyeva, İlqar Babayev, Ulduz Süleymanova, Əfsanə Əsgərova səsləndirirlər. Balaca tamaşaçılar folklorumuzun ənənəvi personajları olan padşah, qarı, əjdaha və başqa maraqlı surətləri görəcəklər. Şən mahnılar, maraqlı tərtibat uşaqların zövqünə uyğun hazırlanıb. Qeyd edək ki, Naxçıvan Dövlət Kukla Teatrında səhnəyə qoyulan bu pyes müəllifin uşaqlar üçün yazılmış beşinci pyesidir.

Tamaşaya ictimai baxışdan sonra Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşlarından Azərbaycan Respublikasının Xalq artisti Kamran Quliyev, Əli Rzayev, AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun baş elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ələkbər Qasımov, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva, Azərbaycan Respublikasının Xalq artisti Yasəmən Ramazanova, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Səməd Canbaxşıyev, müəllif Zaur Vedili və başqaları çıxış edərək tamaşa haqqında fikir və rəylərini bildiriblər.
Tamaşanın gələn həftənin sonlarında uşaqlara təqdim olunması nəzərdə tutulub.

Əli Rzayev

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR