Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Şərur şəhərində kitabxana işçilərinin növbəti zona müşavirəsi keçirilib. Müşavirədə Şərur, Kəngərli, Sədərək rayonlarının mərkəzləşdirilmiş kitabxana sistemlərinin, filial-kitabxanaların əməkdaşları iştirak ediblər.
Müşavirəni giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova açaraq bildirib ki, müstəqillik illərində muxtar respublikamızda gedən mədəni yüksəliş kitabxanalara da öz təsirini göstərib. Muxtar respublikanın kitabxanaları qayğı ilə əhatə olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 19 aprel 2012-ci il tarixli Sərəncamı ilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının 90 illik yubileyi dövlət səviyyəsində qeyd edilib, burada elektron kitabxana fəaliyyətə başlayıb.
Hazırda muxtar respublikamızda 2 muxtar respublika tabeli kitabxana, 8 mərkəzləşdirilmiş kitabxana sistemi və onların tabeliyində 224 filial-kitabxana fəaliyyət göstərir. Son illər muxtar respublikanın rayon mərkəzlərində və 100-dən çox kənddə kitabxanalar üçün müasir şərait yaradılıb. 2005-ci ildən başlayaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 14 yanvar 2004-cü il tarixli Sərəncamına əsasən, latın qrafikası ilə nəşr olunmuş kitablar kitabxanalara hədiyyə edilir. 2015-ci ilin statistikasına əsasən, muxtar respublikamızın kitabxanalarında kitab və jurnalların sayı 2 milyon 126 min nüsxədən çox olub ki, bunlardan da 160 mindən çox oxucu istifadə edib. Bu ilin birinci yarısında nazirliyin sisteminə daxil olan kitabxanalara 178 adda 4511 nüsxə çap məmulatı daxil olub, yeni oxucu sayı 1236 nəfər, oxucu gəlişi 30201 nəfər, kitab verilişi 411852 çap məhsulu təşkil edib.