Dünən Babək Rayon Xalq Teatrı “Ezop” tamaşasını Culfa Rayon Mədəniyyət Evində ictimaiyyətə təqdim edib.
Tamaşanın nümayişindən əvvəl Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Əli Rzayev çıxış edərək bildirib ki, son illər xalq teatrlarına diqqət və qayğı artırılıb. Muxtar respublikamızda fəaliyyət göstərən 5 xalq teatrından 2-si son illər yaradılıb.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin iş planına əsasən, xalq teatrları tamaşalarını muxtar respublikanın başqa rayonlarında da göstərirlər. Bu gün Culfa rayonunda göstərilən “Ezop” tamaşasını xalq teatrı ötən illərdə Ordubad və Kəngərli rayonlarının tamaşaçılarına təqdim edib.
Bildirilib ki, 2009-cu ildə yaradılan xalq teatrı maraqlı və mövzu baxımından müxtəlif tamaşalar hazırlayıb. Bu illərdə xalq teatrının hazırladığı “Yollara iz düşür”, “İkinci səs”, “Məhəbbət nişanəsi”, “Solğun çiçəklər”, “Ana”, “Ezop”, “Yağışdan çıxdıq, yağmura düşdük”, “Xəcalət” və başqa tamaşalar maraqla qarşılanıb.
Dünya və Azərbaycan teatrlarının səhnəsində dəfələrlə tamaşaya qoyulan “Ezop” əsərinin mövzusu eradan əvvəl VI əsrdə yaşamış qədim yunan təmsilçisi Ezopun həyatından götürülüb.
“Ezop” tamaşasında qədim yunan təmsilçisinin ağıllı, təmkinli və fəlsəfi fikirləri insanı düşündürür. Həvəskar aktyor, xalq teatrının səhnəsində bir sıra maraqlı rollar oynamış Firdovsi Səfərov Ezop obrazını təhqirlərə, işgəncələrə əyilməyən, mütiliklə barışmayan, zəkası, ağlı və hazırcavablığı ilə seçilən bir obraz kimi canlandırmağa çalışır. Ezop tamaşada qəlbən saf, təmiz, vicdanlı adam kimi tamaşaçının yadında qalır. Tamaşanın əsas obrazlarından olan Ksanfın mənfiliklərini, insanlığa zidd aləmini aktyor Yusif Əliyev bacarıqla təqdim edir. Ksanf arvadı Kleya və arvadının kənizi Melita (aktyor Zeynəb Aslan) qarşısında daxili aləminin çox kasıb olduğunu göstərir.
“Ezop” tamaşasında həvəskar aktyorlar İsmayıl Qurbanov (Aqnostes), Ələddin Əsədov (Həbəş), Səbinə Corayeva, Kənan Feyzullayev, Elsevər Məmmədov, Stella Babayevanın (qullar) tamaşanın uğurlu alınmasındakı ifaları da yaddaqalandır.
Qeyd edək ki, “Ezop” tamaşasının quruluşçu rejissoru Yusif Əliyev, tərtibatçı rəssamı Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Əli Səfərli, musiqi tərtibatçısı Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi Şəmsəddin Qasımovdur.
Naxçıvan Muxtar Respublikası
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti