Hər bir xalqın qədimliyini sübut edən onun mədəniyyətidir, tarixi abidələridir. Bu cəhətdən Naxçıvan ərazisi xüsusilə diqqəti cəlb edir. Naxçıvan diyarı antik, orta əsrlər, yeni və müasir dövr maddi-mədəniyyət nümunələri və tarixi abidələrlə zəngindir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” 2005-ci il 6 dekabr tarixli Sərəncamından sonra muxtar respublikada 1200-dən çox tarix və mədəniyyət abidəsi qeydə alınaraq pasportlaşdırılmışdır. Bu abidələrin içərisində qalaların özünəməxsus yeri vardır. Tədqiqatlar göstərir ki, Naxçıvan qalatipli yaşayış yerləri ilə zəngin bir diyardır.
Naxçıvanda qalatipli yaşayış yerləri eramızdan əvvəl III minillikdə yaranmış, sonrakı dövrlərdə bu tip yaşayış yerlərindən geniş istifadə edilmişdir. Orta əsrlərdə qalatipli yaşayış yerləri Azərbaycan xalqının işğalçılara qarşı mübarizəsində mühüm istinad nöqtələrindən biri olmuşdur. Yerli əhali özünü qorumaq üçün müdafiə qalaları yaratmışdır. Belə qalalar, adətən, təbii qayalar üzərində qurulmuşdur. Bunlara misal olaraq Əlincəqala, Oğlanqala, Çalxanqala, Berdiqala, Qalacıq, Qazançıqala, Vayxırqala, Nəhəcir qalası, Ordubad qalası və başqalarını göstərmək olar.
Naxçıvan qalaları daha çox müdafiə xarakterli tikintilərdir. Naxçıvanın qalaları üçün aşağıdakı cəhətlər səciyyəvidir:
– Azərbaycanın digər rayonlarına nisbətən Naxçıvan qalalarının daha güclü bürclərə malik olması;
– Naxçıvanın müdafiə tikililəri üçün vahid səciyyəvi sistem giriş darvazasının paralel divarları arasında dəhliz – “tələ” yaradılması.
Naxçıvanın müdafiə tikililərini qədim dövrə aid siklop qalalar, antik dövr müdafiə sistemi və orta əsr müdafiə qalaları kimi bir neçə yerə ayırmaq olar.
Naxçıvanda ən böyük siklop qalalar dağlıq zonasını düzən və aran zonasından ayıran dar keçidlərdə tikilməklə əsas giriş və çıxışı nəzarətdə saxlamaq məqsədi daşımışdır. Siklopik tikililər qədim tayfaların həyatında baş verən iqtisadi, ictimai-siyasi dəyişikliklərin öyrənilməsinə imkan verir. Naxçıvanın siklopik qalaları Tunc və İlk Dəmir dövrlərinə aid olub, əsasən, düşmən hücumundan müdafiə xarakterli tikililərdən ibarətdir.
Naxçıvan ərazisindəki Oğlanqala, Govurqala, Çalxanqala və Qazançı qalası adı ilə tanınan bir sıra möhtəşəm qədim istehkam tikintiləri və qalalar Azərbaycan tarixinin qədim dövrünü öyrənmək üçün çox əhəmiyyətlidir.
Çalxanqala öz möhtəşəmliyi və memarlıq xüsusiyyətləri ilə diqqəti cəlb edir. Bu qala öz tikinti texnikasına görə Azərbaycanın, eləcə də Cənubi Qafqazın Tunc və İlk Dəmir dövrləri üçün səciyyəvi olan qədim siklop qalalarına aiddir.
Qədim Naxçıvan tayfalarının yadellilərin işğallarına qarşı tikdikləri möhtəşəm qalalardan biri də Govurqaladır. Naxçıvanda Tunc dövrünə aid bir sıra qalalar – Şahtaxtıda, Vayxırda və Qarabağlardakı Govurqalalar bu qəbildəndir.
Naxçıvanın ən zəngin qədim şəhər mədəniyyəti abidələrindən biri Arpaçay ərazisindəki Oğlanqaladır. Bu qədim şəhər mərkəzi Qaratəpə dağı üzərində salınmışdır. Dağ çoxterraslı olub, ən hündürdə yerləşən Narınqala hissəsi Oğlanqala adlandırılır. Qala öz tikinti texnikasına görə Qafqazın siklop tikililəri ilə tanınan ən qədim müdafiə qalaları silsiləsinə daxil edilmişdir. Oğlanqala burada formalaşan dövlətin mərkəzi kimi fəaliyyət göstərmiş, Dəmir dövründə dünyanın böyük imperiyaları ilə mübarizədə öz daxili müstəqilliyini qoruyub saxlamışdır.
Qazançı qalası öz möhtəşəmliyinə görə indiyədək Naxçıvan ərazisində məlum qədim qala-şəhərtipli abidələrdən Oğlanqala ilə müqayisə oluna bilər. Qazançı abidələri kompleksi geniş bir sahəni əhatə edir. Abidə, əsasən, iki hissədən – dağın zirvəsində yerləşən Narınqaladan və terraslardakı müdafiə sədlərindən ibarətdir. Qala bu ərazidə yaşayan tayfaları qonşu tayfaların və yadellilərin hücumlarından qorumaq üçün tikilmişdir.
Qalatipli yaşayış yerləri tipoloji və funksional xüsusiyyətlərinə görə üç qrupa ayrılır: qala-şəhərlər, müdafiə xarakterli tikintilər, gözətçi məntəqələri. Sonuncu tip müdafiə tikililəri Naxçıvanın müxtəlif yerlərində yayılmış və ərazinin nəzarətdə saxlanılmasına xidmət etmişdir.
Arxeoloji tədqiqatlar Naxçıvanda qala-şəhərlərin beş min il bundan əvvəl formalaşdığını təsdiqləyir. Qala-şəhərlər başlıca olaraq çay vadilərində, ticarət və sənətkarlıq üçün əlverişli mövqelərdə salınmışdır. Naxçıvanda II Kültəpə, Naxçıvan, Şahtaxtı, Qızqala, Qızılburun, Qazançıqala kimi qədim qala-şəhərlərin mövcud olduğu təsdiq olunmuşdur. Qala-şəhərlərin mərkəzi hissəsində yerləşən Narınqala bürclərlə möhkəmləndirilən qalın divarla əhatə edilirdi.
Naxçıvan qalaları arasında Qız qalası adlandırılan qalaların da özünəməxsus yeri vardır. Dünyada 39 Qız qalası qeydə alınmışdır. Bunun da 15-ə qədəri Azərbaycandadır. Naxçıvan ərazisində də bir neçə tarixi abidə var ki, adına Qız qalası deyirlər. Qalalardan üçü Şərur rayonu, biri isə Babək rayonu ərazisindədir. Qız qalalarının hamısı müdafiə qalalarıdır.
Antik və erkən orta əsrlərdə də qalatipli yaşayış yerləri xalqımızın xarici işğalçılara qarşı mübarizəsində əsas rol oynamışdır. Qala-şəhərlərdən Naxçıvanqala, Qalacıq, Azad-Kiran həmin dövrdə Azərbaycanın əsas siyasi və mədəni mərkəzlərindən birinə çevrilmişdi.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi” mövzusunda Beynəlxalq Simpoziumun keçirilməsi haqqında” 2011-ci il 7 iyun tarixli Sərəncamı ilə təsdiq olunmuş Tədbirlər Planına əsasən, mühüm tarixi abidələrdən olan Naxçıvanqalada əsaslı bərpa işləri həyata keçirilmiş, muzey yaradılmışdır.
Naxçıvan qalaları Azərbaycanın və Yaxın Şərqin tarixində mühüm əhəmiyyətə malik olmuşdur. Qalalar müxtəlif dövrlərdə xalqımızın düşmənə qarşı əzmlə mübarizə apardığını təsdiq edir. Orta əsrlərdə Şahbuzqala, Piləpanqala, Naxçıvanqala, Əfqan qalası, Kiran qalası xalqımızın siyasi və mədəni mərkəzləri kimi tariximizdə mühüm rol oynamışdır. Kiran qalasının oynadığı rol daha əhəmiyyətli olmuşdur.
Mənbələrin verdiyi məlumata görə, Kiran şəhəri eramızdan əvvəl V əsrdə antik şəhər kimi mövcud olmuşdur. XIV əsrdə yaşamış məşhur tarixçi Məhəmməd Hinduşah Naxçıvani “Dəstür əl-katib fi-Təyin-əl-Məratib” (“Vəzifələrə müvafiq məktubların yazılma qaydası”) əsərində göstərir ki, Naxçıvan canişini Kiran (Gilan) canişinindən 20 min atlı istəmişdir. Təbii ki, belə məlumat o zaman Kiranın böyük bir şəhər olmasını göstərir. Şəhər XV əsrdə Əmir Teymurun oğlu Miranşah tərəfindən dağıdılmışdır. Bundan sonra Kiran şəhəri xalq arasında Xaraba Gilan adı ilə tanınmışdır. Xaraba Gilan şəhərinin qalası orta əsrlərdə Azərbaycanın ən möhkəm müdafiə qurğularından idi. Bu qalanın müdafiəsində bürclər çox böyük rol oynamışdır. Qalanın hərbi yolu 6 bürclə qorunurdu.
Yazılı mənbələrdə ilk dəfə “Kitabi-Dədə Qorqud” dastanında xatırlanan Əlincəqala xarici işğalçılara qarşı mübarizədə xüsusilə fərqlənmiş, Azərbaycan xalqının əyilməzlik və mübarizlik rəmzi kimi böyük şöhrət qazanmışdır. Əlincəqalanın iki min ildən artıq tarixi vardır. Qala I-VI əsrlərdə yerli hökmdarların əsas iqamətgahlarından biri olmuş, qala-şəhər kimi formalaşmışdır.
Əlincəqalanın orta əsrlərin siyasi hadisələrində çox böyük rolu olmuşdur. Azərbaycan Atabəyləri – Eldənizlərin hökmranlığı dövründə Əlincəqalanın istər hərbi-strateji, istərsə də iqtisadi və siyasi mövqeyi xeyli artmışdı. Bu qala hökmdar ailəsinin təhlükəsizliyini təmin etmək üçün bir sığınacaq yeri kimi istifadə olunmuşdur. Məhəmməd Cahan Pəhləvanın arvadı, Naxçıvanın hakimi Zahidə xatının əsas iqamətgahı həmin dövrdə Əlincəqalada yerləşirdi.
Azərbaycanın dövlətçilik tarixində qalaların mühüm əhəmiyyəti olmuşdur. Azərbaycanda ən qədim dövlətlər qala-şəhərlər şəklində formalaşmışdır. Qalalar başlıca olaraq müdafiə, sonralar dini, ticarət, sənətkarlıq məqsədilə istifadə edilmişdir. Tarixin sonrakı dövrlərində də Naxçıvan qalaları öz funksiyalarını bu və ya başqa formada davam etdirmiş, ölkəmizin ictimai-siyasi və mədəni həyatında fəal rol oynamışdır. Tarix və mədəniyyət abidələrinin, qalatipli yaşayış yerlərinin tariximiz üçün əhəmiyyətini qiymətləndirən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri qalaların bərpası və arxeoloji qazıntı işləri ilə tanış olmaq üçün dəfələrlə Naxçıvanqala, Əlincəqala, Oğlanqala, Ovçular təpəsi, Qızqala və başqa abidələrdə olmuş, tapşırıq və tövsiyələrini vermiş, qalaların, tarix və mədəniyyət abidələrinin bərpası ilə əlaqədar çoxsaylı sərəncamlar imzalamışdır. Nəticədə, onlarla tarixi və mədəniyyət abidələrimiz əsaslı şəkildə bərpa olunmuşdur. Bu abidələr arasında Əlincəqalanın bərpasının xüsusi yeri vardır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 11 fevral 2014-cü il tarixdə “Culfa rayonundakı “Əlincəqala” tarixi abidəsinin bərpa edilməsi haqqında” Sərəncam imzalamışdır. Həmin sərəncama əsasən “Əlincəqala” tarixi abidəsi bərpa olunmuş və muzey yaradılmışdır.
Naxçıvan Muxtar Respublikasının tarixi və mədəniyyət abidələri özlərinin ikinci həyatını yaşayır. Bu abidələr heç vaxt indiki qədər diqqət və qayğı ilə əhatə edilməmiş, xalqımıza tanıdılmamış, təbliğ olunmamışdır.
İsmayıl Hacıyev
AMEA Naxçıvan Bölməsinin sədri,
akademik