Son illər Naxçıvanda bəşər tarixinin öyrənilməsi üçün böyük əhəmiyyəti olan xeyli yeni abidələr aşkar olunmuşdur ki, bu da Naxçıvanın tarix və mədəniyyət abidələrinin tədqiqinə dövlət qayğısının ildən-ilə artması ilə bağlıdır. Abidələrimizin tədqiqi göstərir ki, Naxçıvan müxtəlif dövrlərdə qədim mədəniyyətlərin beşiyi olmuşdur. Bu ərazi qədim insanların ehtiyac duyduğu daşduz, mis, mərgümüş, sürmə, gümüş və qızıl yataqları ilə zəngindir. Araz çayına qovuşan Naxçıvançay, Arpaçay, Əlincəçay və Gilançay vadilərinin məhsuldar torpaqları əkinçilik və maldarlıq üçün əlverişlidir.
Arxeoloji tədqiqatlar sübut edir ki, Azərbaycanda ilkin qala-şəhərlərin formalaşdığı əsas regionlardan biri Naxçıvan ərazisi olmuşdur. Naxçıvanda qala-şəhərlərin e.ə. III minillikdə, yəni beş min il bundan əvvəl formalaşdığı arxeoloji araşdırmalarla təsdiq edilmişdir.
Bu tip qala-şəhərlərdən biri Şərur rayonunda, Arpaçay vadisində, Dizə kəndinin şimalında yerləşən Qız qalası yaşayış yeridir. Yaşayış yerində arxeoloji tədqiqatlar 2014-cü ildə başlanmışdır. Tədqiqat zamanı yaşayış yerinin uzun müddət Orta Tunc dövrünün erkən mərhələsindən Dəmir dövrünədək məskunlaşdığı müəyyən olunmuşdur. Orta Tunc dövrünə aid yaşayış yerinin sahəsi 13,6 hektar, Dəmir dövrü yaşayış yerinin sahəsi isə 80 hektardır. 2014-2016-cı illərdə aparılan tədqiqatlar zamanı yaşayış yerinin Orta Tunc dövrü təbəqəsi öyrənilmişdir. Orta Tunc dövründən məskunlaşan bu yaşayış yerinin sahəsi tədricən artmışdır. Müəyyən edilmişdir ki, bu yaşayış yerinin əsas mərkəzi Arpaçay vadisində və onun yaxınlığındakı kiçik yaşayış məntəqələri olmuşdur. Ətrafdakı yaşayış məskənlərində mədəni təbəqənin az (50 sm) yığılmasına baxmayaraq, mərkəzi hissədə təbəqənin qalınlığı 2,5-3 metr arasındadır. Qızqala yaşayış yerində Orta Tunc dövrünə aid iki qala divarı aşkara çıxarılmışdır. Bu qala divarlarının biri irihəcmli daşlardan inşa olunmuşdu və ilk baxışda Dəmir dövrünün siklop tikintilərini xatırladırdı. Lakin karbon analizlər onun Orta Tunc dövrünün erkən mərhələsinə – e.ə. 2135-ci ilə aid olduğunu göstərmişdir. 2016-cı ildə aparılan araşdırmalar qala divarına birləşik binaların da mövcud olduğunu təsdiq etmişdir. Lakin qala divarının hələlik yalnız bir qismi aşkar olunmuşdur. İndiyədək Yaxın Şərq və Cənubi Qafqazda e.ə. III minilliklə tarixlənən qala divarları aşkar edilmədiyindən bu fenomenal hadisə regionun tarixində inqilab kimi dəyərləndirilə bilər. Qeyd etmək istərdik ki, Orta Tunc dövrünə aid qalatipli yaşayış yerləri Naxçıvan üçün xarakterikdir. Bu tip müdafiə tikintilərinin mövcudluğu e.ə. III minillikdə Naxçıvan ərazisində böyük hərbi potensiala malik güclü tayfa ittifaqının formalaşdığını təsdiq edir.
İkinci qala divarı Orta Tunc dövrü təbəqəsinin üst qatında aşkar olunmuşdur. 2014-2016-cı illərdə aparılan qazıntılar zamanı müdafiə divarının böyük bir qismi aşkar edilmişdir. Bu divar yanlarda iri daşlardan inşa olunmuş, həmin daşların arası isə kiçikhəcmli daşlarla doldurulmuşdu. Tədqiqat zamanı divarın qazıntı sahəsində aşkar olunan qərb hissəsinin uzunluğu 6 metr, eni bəzi yerlərdə 1,8 metr, bəzi yerlərdə isə 1 metr arasında idi. Müdafiə divarının inşası nizamsız quruluşu ilə fərqlənirdi. Divarın alt qismindən götürülən kömür analizi bu divarın e.ə. II minilliyin ortalarında, e.ə. 1450-ci ildə inşa olunduğunu təsdiq etmişdir. Lakin müdafiə divarından aşağıda, təqribən, 1 metr qalınlığında mədəni təbəqə vardır. Bu, onu göstərir ki, müdafiə divarı Orta Tunc dövrünün müəyyən mərhələsində inşa olunmuşdur.
Qız qalası yaşayış yerində Orta və Son Tunc dövrü təbəqəsinin üzərində qalın orta əsr təbəqəsinin (5-6 m) mövcudluğu qazıntıları genişləndirməyə imkan vermir. Buna görə də Orta Tunc dövrünün erkən mərhələsinə aid strukturları aşkar etmək mümkün olmamışdır. Lakin aparılan araşdırmalar zamanı aşkar olunan tikinti qalıqları qala divarına birləşik, düzgün olmayan dördkünc formalı yaşayış binalarından istifadə olunduğunu göstərir. Bu otağın yaxınlığında tuf daşından hazırlanmış dabana daşının aşkar olunması vahid ox ətrafında dönən qapıların olduğunu deməyə əsas verir. Lakin burada tikintilər yaxşı saxlanmadığından evlərin formasını yalnız döşəmə qalıqlarına əsasən müəyyən etmək mümkündür. Döşəmə qalıqları dördkünc və dairəvi evlərdən istifadə olunduğunu göstərir. Şübhəsiz ki, dairəvi evlər yardımçı məqsəd üçün istifadə edilmişdir. Bu yaşayış binalarının forması birinci sahədən aşkar olunan tikinti qalıqları ilə daha yaxşı təmsil olunmuşdur. Bu sahədə evlərdən birinin içərisindəki ocaqdan götürülən kömür qalıqlarının analizi e.ə. 1939-1748-ci illəri göstərmişdir. Bu evin bünövrəsi irihəcmli daşlardan inşa edilmişdir. Onun yalnız iki divarı – qərb və cənub divarları aşkar olunmuşdur. Bu sahədə aşkar olunan ikinci otaq tam dördkünc formalıdır. Onun içərisindəki ocaqdan götürülən kömürün analizi e.ə. II minilliyin ortalarını, daha doğrusu, e.ə. 1451-ci ili göstərmişdir. Fikrimizə görə, bu yaşayış evləri müxtəlif dövrlərdə istifadə olunmuşdur. Evin içərisində müxtəlif dərinlikdə ocaqlara rast gəlinməsi də bunu təsdiq edir.
Qız qalası yaşayış yerinin alt təbəqələrində aparılan qazıntılar zamanı qəbir abidələrinə rast gəlinməsi olduqca maraqlıdır. Bu, yaşayış yerləri ilə qəbiristanlıqların iç-içə olduğunu təsdiq edir. Bilavasitə yaşayış yerinin yaxınlığında aşkar olunan bu qəbirlərin birindən Orta Tunc dövrünün erkən mərhələsi üçün xarakterik olan boyalı qablar aşkar olunmuş, lakin insan skeleti aşkar edilməmişdir. İkinci qəbirdə isə insan skeletinə aid qalıqlar aşkar olunmuş, ancaq maddi-mədəniyyət nümunələri tapılmamışdır.
Qız qalası yaşayış yeri və onun ətrafındakı kurqanlarda aparılan araşdırmalar onların vahid bir kompleks təşkil etdiyini göstərir. Qızqala yaşayış yerində aparılan araşdırmalar zamanı Orta Tunc dövrünə aid 2,5-3 metr qalınlığında mədəni təbəqənin varlığı müəyyən olunmuşdur. Bu, Naxçıvanda I Kültəpə, II Kültəpə və Qızılburundan sonra dördüncü mühüm abidədir. Yaşayış yeri boyalı qablarla fərqlənən Orta Tunc dövrü mədəniyyətinin Naxçıvanla bağlı olduğunu bir daha təsdiq edir. Qızqala yaşayış yerində, həmçinin Bəzəkli, Qazançıqala, Qurddağ, Göynük qalası və digər abidələrdə müdafiə divarlarının aşkar olunması Orta Tunc dövründə Naxçıvanda böyük hərbi potensiala malik olan tayfaların yerləşdiyini təsdiq edir. Bu tayfaların bir qismi oturaq, digər bir qismi yarım köçmə maldarlıqla məşğul olmuşdur. Qızqala ətrafındakı kurqanlardan skelet qalıqlarının aşkar olunması isə boyalı keramika ilə seçilən Orta Tunc dövrü mədəniyyətinin mənsubiyyəti və onun yaradıcıları haqqında yeni fikirlər deməyə imkan verəcəkdir. 2016-cı ilin birinci yarısında bu abidələrin tədqiqi zamanı yeni faktlar aşkar olunmuşdur. İnsan skeletlərinin dişlərindən götürülən izotopların analizi zamanı müəyyən olunmuşdur ki, Arpaçay vadisində məskunlaşan Orta Tunc dövrü tayfaların məskəni Naxçıvandır. Onlar yaz və yayda Arpaçay vadisi ilə indiki Ermənistan ərazisinə doğru hərəkət edərək yaylaqlardan istifadə etmiş və geri dönərək bu vadidə – Qızqala yaşayış yerində yaşamışlar. E.ə. II minilliyin ortalarında Yaxın Şərq və Cənubi Qafqazda baş verən ictimai-siyasi proseslər, tayfalararası ziddiyyətlərin artması Arpaçay vadisində, Şərur düzündə yaşayan tayfaları müdafiə mövqeyi tutmağa məcbur etmiş, yaşayış yerində iri daşlardan qala divarları inşa olunmuşdur. Bu tip qala divarlarına Cənubi Qafqazın digər Orta Tunc dövrü yaşayış yerlərində rastlanmaması Naxçıvanda yaşayan tayfaların regionun siyasi həyatında mühüm rol oynadığını göstərir.
Vəli BAXŞƏLİYEV
AMEA-nın müxbir üzvü