Əlincəqala Naxçıvan-Marağa memarlıq məktəbinin ən gözəl nümunələrindən biri hesab olunur. Son illər aparılan araşdırmalar zamanı Əlincəqalanın tarixinə aid yeni faktlar aşkar edilmişdir. Bu faktların bir qismi Əlincəqaladan tapılan VII əsrə aid mis və gümüş sikkələrlə bağlıdırsa, digər faktlar qalanın memarlıq üslubu ilə əlaqəlidir.
Əlincəqala özünəməxsus təbiəti olan bu yerlərin əzəmətinin, mübarizliyinin rəmzidir. Qala, hər şeydən əvvəl, özünün qeyri-adi görünüşü ilə insanı heyrətə gətirir. Əlincəqalanın divarları Əlincə dağının ətəklərindən başlayaraq pillələr şəklində yuxarıya doğru ucalır və onun zirvəsini tamamilə əhatə edir. Qala divarlarının inşası üçün daşdan, bəzən isə bişmiş kərpicdən istifadə olunmuşdur. Divarların bünövrəsinə, adətən, iri yonulmuş daşlar qoyulmuşdur. Əlincəqalanın təsviri ilə bağlı müxtəlif məlumatlar verilmişdir. Bu məlumatlar bəzən anlaşılmaz olduğundan biz yeni təsvir vasitəsindən istifadə edəcəyik. Qalanın bəzən iki, bəzən isə üç qapısı olması ilə bağlı fikirlər səsləndirilib. Lakin şimal divarlardakı ehtimal olunan keçid tamamilə dağıldığından burada giriş olub-olmadığını dəqiq müəyyən etmək mümkün deyil. Ehtimal ki, bu istiqamətdən də giriş olmuşdur.
Şərq və qərb girişlər kifayət qədər yaxşı saxlanmışdır. Qalanın şərq qapısı Xanəgah kəndi tərəfdəndir. Ehtimal ki, bu qapı qalanın əsas girişi olmuşdur. Çünki bu istiqamətdə Əlincə dağının ətəyində böyük yaşayış yeri vardır. Şübhəsiz ki, qalanın müdafiəçilərinin bu yaşayış yeri ilə sıx əlaqəsi olmuşdur. Burada dördkünc formalı yaşayış binalarının, səkkiz müdafiə istehkamının qalıqları qalmaqdadır. Qalanın əsas su mənbələrindən olan üç quyulu böyük kəhriz də məhz buradadır.
Yamac boyunca səpələnən daş yığınları müdafiə divarlarının daha çox olduğunu göstərir. Bunu M.Mirheydərzadənin XX əsrin 30-cu illərində verdiyi məlumat da təsdiq edir. Onun verdiyi məlumata görə, hər 20-25 addımdan bir müdafiə divarlarının qalıqlarına rast gəlinir. Əlincə dağının ətəyində yerləşən yaşayış yerini əhatə edən müdafiə divarının qalıqları hazırda qalmaqdadır. Eni 2, 5 metr olan divarlar bəzi yerlərdə 2-3 metr hündürlükdə qalmışdır. Belə hesab edirik ki, bu divar Əlincəqalanın ilk müdafiə istehkamı olmuşdur. İri və ortahəcmli daşlardan inşa olunan divarın möhkəmləndirilməsi üçün düzbucaqlı çıxıntılardan istifadə olunmuşdur. Bu tip arxitektura üslubu qalanın, demək olar ki, əksər divarlarında vardır.
Qalanın zirvəsinə doğru iki tərəfdən sıldırım qayalarla qorunan dərə daraldığından müdafiə divarlarının uzunluğu azalmışdır. Dərə boyunca bir-birinin ardınca inşa olunan möhkəm divarlar vardır. Divarlar başlıca olaraq Əlincə dağının öz daşlarından inşa olunmuş, bərkidici məhlul olaraq əhəng məhlulundan istifadə edilmişdir. Divarların çox aşınmaya məruz qalmasına baxmayaraq, bəzi hissələrdə saxlanan arxitektura elementləri müdafiə divarlarının estetik görüntüsü haqqında təsəvvür yaradır. Bu qalıqlara əsasən deyə bilərik ki, divarlar inşa edildikdən sonra yaxşı yonulmuş daşlarla üzlənmişdir. Üzləmə məqsədilə daha çox müxtəlifhəcmli kvadrat formalı daşlar seçilmişdir. Amma bəzən irihəcmli yonulmuş daşlardan da istifadə olunmuşdur. Bu hissədə olan divarlar başlıca olaraq düz, bəzən isə düzbucaqlı ziqzaqşəkilli əyilmələrdən ibarətdir.
Dağın şimal-şərq hissəsində qalanın müdafiəsi üçün təhlükə olan yerə əlavə müdafiə divarı çəkilmişdir. Burada yarımdairəvi bürclərin qalıqları da vardır. Ümumiyyətlə, Əlincəqalanın müdafiə divarlarında yarımdairəvi bürclər çox azdır. Qalanın bu hissəsi bir-birinin yaxınlığında olan iki divarla möhkəmləndirilmiş, divarların arası yaşayış sahəsi kimi istifadə olunmuşdur. Bu tikintilərin yaxınlığında həmçinin su hovuzlarının qalıqları vardır. Araşdırmalar göstərir ki, qalanın müdafiəsinin etibarlı olmasını təmin etmək üçün müdafiə divarları ilə yanaşı, müdafiəçilərin su, ərzaq və sursatla təminatına xüsusi fikir verilmişdir.
Qalanın şərq tərəfdə çəkilən sonuncu divarı giriş qapısının ətrafındadır. Bu divar sərt qayada açılmış oyuqlara söykənən, relyefə uyğun inşa edilən və heç bir arxitektura elementi olmayan düz divardan ibarətdir. Divarların yuxarısı qövsşəkilli sonluğu olan dördkünc dişlərlə bəzədilmişdir. Bu müdafiə divarı boyunca dördkünc formalı binalar inşa olunmuşdur. Binalar qalanın şərq qapısının müdafiəçiləri üçün nəzərdə tutulmuşdur. Müdafiə istehkamının yaxınlığında iki böyük su hovuzunun olması da bu qapının mühüm strateji əhəmiyyəti olduğunu təsdiq edir. Qalanın möhkəm divarları və qayanın sıldırım olması onu sarsılmaz müdafiə istehkamına çevirmişdir.
Əlincəqala, əsasən, üç geniş sahədən ibarət olmuşdur. Yuxarıda təsvir etdiyimiz sahə qalanın üç hissəsindən biri olmaqla yalnız müdafiə məqsədi daşımışdır. Buradan qalanın mərkəzi hissəsinə enmək üçün ayaq yerləri və pillələr düzəldilmişdir.
Qalanın kiçik şəhərciyi xatırladan mərkəzi hissəsində bişmiş kərpic və daşdan tikilmiş çoxlu yaşayış və ictimai binaların qalıqları və bünövrə daşları nəzərə çarpır. Qalanın ən böyük sahəsi olan bu hissədə yaşayış binaları və ictimai binaların qalıqları daha çoxdur. Təmir-bərpa işləri zamanı binaların bəzisində axur qalıqlarının aşkar olunması binalardan bir qisminin heyvanların saxlanması məqsədilə istifadə olunduğunu göstərir. Binalarda təndir qalıqları, əl dəyirmanları da aşkar olunmuşdur. Qaladakı su hovuzlarının böyük qismi məhz bu hissədədir ki, bu da mərkəzi hissədə əhalinin daha çox məskunlaşdığını göstərir. Mərkəzi hissəyə həmçinin qərb tərəfdən, Xanəgah-Qazançı yolu istiqamətindən qalxmaq mümkün olduğu üçün bu hissə də müdafiə divarları ilə möhkəmləndirilmişdir.
Qalanın qərb girişi dördkünc formalı bürclər və ziqzaq çıxıntılarla möhkəmləndirilmişdir. Divarlar başlıca olaraq daşdan, girişin yan tərəfləri isə bişmiş kərpicdən inşa olunmuşdur. Bu hissədə müdafiəni möhkəmləndirmək üçün həmçinin labirintlərdən istifadə edilmişdir. Həmin hissədə qalanın üç müdafiə divarı olmuşdur.
Dağın ən uca yerində Əlincənin iç qalası yerləşir. Bu içqalanı yerli əhali “Şahtaxtı” adlandırır. Buranın Şahtaxtı adlandırılması təsadüfi deyil. Tədqiqatçılar hökmdarların qalanın məhz bu hissəsində yerləşdiyini qeyd etmişlər. Şahtaxtı dəniz səviyyəsindən 1700 metr yüksəklikdə yerləşir. Mərkəzi hissədən Şahtaxtıya yalnız sıldırım qayalıqdan keçərək getmək mümkündür. Vaxtilə keçidi asanlaşdırmaq üçün qayada eni 30-40 santimetr olan dar cığır yonulmuşdu. Hakimlərin, o cümlədən Eldəniz hökmdarlarının sarayları Şahtaxtı terrasında yerləşmişdir. Əlincənin qala divarları və qalanın daxilində olan tikililərdə yüksək tikinti mədəniyyəti görünür, qala tikintisi üçün qeyri-adi sayılan incə işlənmiş daş ayrıntılar gözə dəyir. Məhz bu səbəbdən də mütəxəssislər Əlincəqalanı Naxçıvan-Marağa memarlıq məktəbinin ən gözəl əsərlərindən biri hesab edirlər.
Əlincəqala Azərbaycanın və Yaxın Şərqin yüz illərlə müxtəlif hakim sülalələrinə qulluq göstərsə də, tarixdə daha çox Azərbaycan Atabəylərinin iqamətgahı kimi tanınmışdır. Azərbaycan Atabəyləri-Eldənizlərin hökmranlığı dövründə Əlincəqalanın əhəmiyyəti xüsusilə artmış, mühüm hərbi istehkam olan qala hökmdar ailəsinin təhlükəsizliyini təmin etmək üçün sığınacaq yerinə çevrilmişdi. Naxçıvan hakimi Zahidə xatının iqamətgahı Əlincəqalada olmuşdur. 1225-ci ildə Xarəzmşah Cəlaləddinin Azərbaycana hücumu zamanı Eldəniz hökmdarı Özbək Əlincəqalaya sığınmış və burada vəfat etmişdir.
Şahtaxtını şimaldan müdafiə etmək üçün üç müdafiə istehkamı inşa edilmişdir. Birinci müdafiə istehkamı şimalda, Qazançı kəndi istiqamətindədir. Daşdan inşa edilən divarlar başlıca olaraq əhəng məhlulu, bəzən isə palçıqla möhkəmləndirilmişdir. Divarların hündürlüyü bəzi yerlərdə 4-5 metrə çatır. Divarın qərb qurtaracağı dördkünc formalı bürclə möhkəmləndirilmişdir. Bu divarın ətrafında yaşayış binaları yoxdur. Ehtimal ki, dördkünc formalı bürc həmçinin əsgərlərin yaşayış sahəsi kimi istifadə olunmuşdur. Qala divarının xaricində əsgərlərin durması üçün səkilər düzəldilmişdir. Bu divardan Şahtaxtıya doğru sərt qayaların üzəri ilə ensiz yol çəkilmişdir.
İkinci müdafiə sistemi şimal-şərqdə, Xanəgah kəndi istiqamətindədir. Buradan qalaya qalxmaq çox çətin olsa da, qalanın müdafiəçiləri ehtiyatı əldən verməyərək buranı divarla möhkəmləndirmişlər. Divarların hörgüsündə yenə də daş və əhəng məhlulundan istifadə olunmuşdur. Bu divar yarımdairəvi bürclərlə möhkəmləndirilmişdir.
Üçüncü divar Şahtaxtının ictimai binalarını əhatə etmiş, binalarla su hovuzunun arasında inşa olunmuşdur. Qeyd edək ki, Şahtaxtıda dörd böyük hovuza rast gəlinmişdir ki, onların biri öz həcminə görə Əlincəqalanın ən böyük hovuzu hesab olunur. Onun uzunluğu 25 metrdir. Şahtaxtıdakı binaların tikintisində bişmiş kərpicdən daha çox istifadə olunmuşdur. Buradakı böyük və kiçik otaqlar dar keçid vasitəsilə bir-biri ilə əlaqələndirilmişdir.
El arasında qaladan Əlincəçaya gizli yolun olması da söylənilir. Bu haqda Fuad Köprülünün də əsərində məlumat verilir. Araşdırmalar göstərir ki, Əlincəqalanın özünəməxsus müdafiə sistemi bütün mövsümlərdə burada yaşamağa imkan vermişdi.
Əlincəqalanın memarlıq xüsusiyyətləri onun VI əsrlə müəyyənləşdirilən tarixinin həqiqətə uyğun olduğunu göstərir. Yuxarıda qeyd etdiyimiz kimi, Əlincəqalada düzbucaqlı bürclər və düzbucaqlı çıxıntıları olan divarlar, həmçinin yonulmuş daşlardan istifadə üstünlük təşkil edir. Bu memarlıq üslubu Naxçıvanda qədim dövrdən məlum olmaqla, Qazançıqala, Vayxırqala və Oğlanqalada geniş tətbiq edilmişdir. Belə memarlıq üslubu erkən orta əsrlərə aid Dərbənd və Bayburt qalalarında da müşahidə olunur. Dərbənd mənbələrdə I əsrdən xatırlansa da, müdafiə divarları hələlik VI əsrə aid edilir. Əlincəqalanın memarlığında isə Sasani dövrünün ənənələri aydınca hiss edilir. Bu xüsusiyyətlər xüsusilə Xanəgah kəndi istiqamətində inşa olunan divarlarda görünməkdədir.
Son tədqiqatlar zamanı Əlincəqaladan VII əsrdə zərb edilən sikkələrin tapılması onun qədim tarixini bir daha sübut edir. Əgər VII əsrdə Əlincəqalanın Mərkəzi Asiya ölkələri ilə əlaqələri olmuşdursa, deməli, onun tikilmə tarixi daha qədim dövrə aiddir. Yəqin ki, gələcək araşdırmalar Əlincəqalanın tarixi ilə bağlı yeni faktların aşkar olunması ilə nəticələnəcəkdir.
Vəli BAXŞƏLİYEV
AMEA-nın müxbir üzvü