23 Dekabr 2024, Bazar ertəsi

Onları qorumaq hər birimizin borcudur

Bu yazını hazırlayarkən Ordubadda tarixi abidələr kimi bu gün də qorunan və istifadə edilən kəhrizlər barədə bir neçə mənbəyə müraciət etməli oldum. Mənbələrə görə, belə hidroqurğuların yaşı minilliklərlə ölçülür. Digər su mənbələrindən bir sıra üstün və fərqli cəhətlərə malik olan kəhrizlər qrunt sularını toplayıb yer səthinə çıxarmaq üçün ən qədim yeraltı su mənbələridir. 

Bu sahədə geniş tədqiqatlar aparmış kənd təsərrüfatı elmləri doktoru Əlövsət Quliyev yazır ki, həm də “qırxpillə” və ya “qırxayaq” adlanan Ordubad kəhrizləri dərinliklərindən asılı olaraq müxtəlifdirlər. Yəni “40” rəqəmi burada şərtidir. Pillələrin sayı bəzən az da ola bilər. Həmin qırxpillələrdə yer səthindən suya qədər olan məsafə səkkiz metr, bəzən daha çox olur. Qırxpillələrin özünəməxsus inşa sistemi var. Belə ki, pillələrin düzülüşü yerləşdiyi ərazinin şəraitinə və kəhrizlərin dərinliyinə görə birbaşa enən və ya döngəli, yəni 10-15 pillədən bir istiqamətini dəyişərək dolanan pillələrdir. Bu cür kəhrizlərdə həmişə 8-10 dərəcə arasında sabit istilik olur. İlin fəsillərindən asılı olmayaraq, qırxpillələrin yan divarlarında düzəldilmiş oyuqlara qoyulan müxtəlif növ ərzaqlar heç zaman xarab olmur.

Maili lağım şəbəkəsindən ibarət olan kəhrizlər peşəkar kankanlar tərəfindən qazılır və həmin lağımlar bir-biri ilə şaquli quyular vasitəsilə birləşdirilir. Kəhrizlər qazılarkən əvvəlcə baş quyu (buna güman quyusu da deyilir), daha sonra isə digər quyular qazılır.
Kəhrizlərin qazılmış lağımları daşla və ya bişmiş kərpiclə tağvarı hörülür. Bu su sistemləri min illər boyu məişət və təsərrüfatda istifadə edilib, qədim zamanlarda dəyirmanların işlədilməsində də böyük əhəmiyyət daşıyıb. Bundan əlavə, yay ayları zamanı müxtəlif meyvələri, ət-süd məhsullarını saxlamaq üçün kəhrizlərdən soyuducu kimi də istifadə olunub.
Ordubad şəhərində kəhrizlərdən hələ də istifadə edilir. Əksər həyətlərdə kəhrizlər çoxpilləlidir. Bişmiş kərpicdən inşa olunan qırxpillələr kəhriz sistemləri üzərində yeraltı abidə sayılır.
Ordubad şəhər sakini, el ağsaqqalı Hacı Mirəşrəf deyir ki, bu gün Ordubadda 35 belə su mənbəyindən istifadə edilir. Haşiyə çıxaraq onu deyim ki, vaxtilə şəhərə Əngəs dağından 100 qolla su vurulub. “Sərşəhər” adlanan məhəllədən bu sular müxtəlif istiqamətlərə yönəldilib. Həmin məhəllədə elə o adla tanınan məsciddə su iki qola ayrılıb. Maraqlı orasıdır ki, məhəllənin mürəkkəb relyefi var. Belə ki, şəhərin müxtəlif məhəllələri hündürdə, bəzi məhəllələr orta hündürlükdə yerləşir. Lakin bu, suyun normal hərəkətinə təsir edə bilmir. Ona görə ki, həmin ünvana gələn su güclü təzyiqə malikdir. Ümumilikdə isə bu qənaət bütün şəhər üçün xarakterikdir.
Qayıdaq kəhrizlərə. Şəhərin Əkbər Ağayev küçəsindəki qırxpilləli kəhrizin nə vaxt inşa edildiyini dəqiq bilmirlər. Çoxları deyir ki, gözümüzü açıb belə görmüşük. Pillələrin sayı çox olsa da, ən işlək kəhrizdir. Bəziləri zarafatla deyir ki, bu kəhrizə enəndə idman edirsən. Havası da suyu kimi təmizdir.
Şəhərin Qafar Babayev küçəsində “Hacı Yusif çeşməsi” adlanan kəhriz 35 pillədən ibarətdir. Şəxsi həyətdədir. 1750-ci ildə tikilib. Hacı Yusifin bu gün adını daşıdığı nəvə Hacı Yusif deyir ki, bütün məhəllənin üzünə açıq olan bu kəhriz suyunun təmiz və sərinliyi ilə hamını heyran qoyur.
Elə digər quyuların suyu da Ordubada gələnlərə ecazkar bir təsir bağışlayır. Məlumat üçün bildirək ki, Ordubad həm də məscidləri ilə tanınır. Maraqlı cəhət orasıdır ki, hər bir məscidin həyətində kəhriz vardır.
Ordubadda digər belə kəhrizlərin yerləşdikləri ünvanlarda da olduq. Demək olar ki, bu su mənbələrinə şəhər əhalisi qiymətli bir abidə kimi münasibət göstərir. Həmsöhbət olduğumuz el ağsaqqalı, təqaüddə olan müəllim Südeyf Hacıyev bildirdi ki, bu kəhrizlər elmin, texnikanın inkişaf etmədiyi bir dövrdə ata-babalarımız tərəfindən inşa edilərək sonrakı nəsillərə ərməğan olunub. Deməli, onlar bizə ulularımızın miras qoyduqları sərvətdir, yüz illərdir ki, kəhrizlərdən istifadə edirik və tələbatımızı tamamilə ödəyir. Ona görə biz də onları gələcək nəsillərə eləcə təhvil verməliyik.
Təəssüf ki... Ona təəssüflənirik ki, hələ də içimizdə yaşayan biganəlik bu qiymətli su mənbələrinin bəzilərinə təsirsiz ötüşməyib. Məsələn, şəhərin böyük məscidlərindən biri olan Mingis məscidinin həyətində quyu var və bu quyudan müxtəlif istiqamətlərə yeraltı su yolları işlənilib. Onlardan biri el arasında “Şahi” və ya “Sayi” adlandırılan çeşmədir. Bu su mənbəyi də şəxsi həyətdə yerləşir. Həmin həyətin sahibi Ordubaddan köçdüyündən çeşmə baxımsız hala düşüb. Öz tarixi-memarlıq abidələrinə böyük mühafizəkarlıqla yanaşan rayonda gördüyümüz bu mənzərə bizi çox təəccübləndirdi.
Güman edirik ki, həmin hidroqurğunun təmiri üçün qolunu çırmayanlar tapılacaq. Bu gün də çağlayan həmin kəhrizdən istifadə olunacaq. Bir də onu düşünürük ki, bu məsələ qəzet səhifəsinə çıxmaya bilərdi. Ona görə ki, muxtar respublikamızda Kəhrizlər İdarəsi var və həmin qurum kəhrizlərin təmir və bərpasına cavabdeh idarədir...

 Muxtar Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR