14 Yanvar 2025, Çərşənbə axşamı

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı yarandığı gündən indiyə qədər təkcə burda səhnələşdirilən əsərlərlə tamaşaçı rəğbəti qazanmayıb, həm də bu tamaşalarda çıxış edən istedadlı aktyorları ilə hörmət, sevgi qazanıb. Bu teatrda çox sənətkarlar həm səhnədə, həm də həyatda öz  rollarını oynayıb və  iz qoyublar. 

Hər birinin də haqqında yazılar yazılıb, məqalələr dərc olunub, tənqidi fikirlər səsləndirilib. Ancaq etiraf edək ki, dərc olunan yazılarda özünə az yer tapsa da , teatr kollektivinin və 1970-90-cı illərdə teatrın tamaşalarını izləyən teatrsevərlərin yaddaşında həmişəyaşar bir aktyor var – İsgəndər Abdullayev. Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında bu aktyorun haqqında tez-tez danışırlar. Onu hamı təbəssümlə xatırlayır. 1946-cı ilin mart ayında Naxçıvanda dünyaya göz açan İsgəndər Abdullayev 1992-ci ilin martında da dünyasını dəyişib. 1970-80-ci illərdə Naxçıvan teatrında oynadığı rollar həmişə orijinal olub. Maraqlı faktlardan biri onun o zaman Mirzağa Əliyev adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunda oxuduğu illərlə bağlıdır. İmkansız ailədə doğulan İsgəndərin qeyri-adi istedadı olub. İnstitut illərində müəllimlərin diqqətini çəkib. Ancaq tez-tez tələbələrlə dava edirdi. Hətta bu hərəkətlərinə görə üç dəfə institutdan qovulub. Ancaq hər dəfə istedadına görə institutda dərs deyən aktyor, rejissor və pedaqoq Rza Təhmasib və ozamankı rektor Rahib Hüseynovun müdaxiləsi ilə yenidən bərpa edilib.

İsgəndər Abdullayev Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında səhnələşdirilən “Məşədi İbad” tamaşasında bir neçə obrazı oynayıb. Hər biri də digərindən fərqlənib. Onun oynadığı Məşədi İbad bu gün də yaşlı teatrsevərlərin yaxşı yadındadır. Aktyorun dostu, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Elxan Şeyxov onunla bağlı xatirələrini bizimlə bölüşdü:
– İsgəndər kimi aktyorlar Naxçıvan teatrında çox az olub. Ona bütün rollar yaraşırdı. İstər komediya, istərsə də dram janrlarında yaratdığı obrazları ondan sonra heç kim oynaya bilmirdi. Bir dəfə Mirzə Cəlilin “Ölülər” əsəri tamaşaya qoyulmuşdu. O vaxt tamaşaları qəbul etmək üçün Bakıdan, Mədəniyyət Nazirliyindən mütəxəssislər gəlib əsərə baxırdı. İsgəndər də elə adaşını – Kefli İsgəndəri oynayırdı. Ancaq dublyoru da vardı. Dublyoru o vaxt teatrda işləyən tanınmış aktyorlardan birinin qohumu idi. Qohumu təkidlə rejissordan paytaxtdan gələn mütəxəssislərin qarşısında dublyorun oynamasını xahiş edirdi. Ancaq İsgəndərin oyununu daha çox bəyənən rejissor Vəli Babayev maraqlı bir addım atdı. Razılaşdı ki, birinci hissədə həmin aktyor, ikinci hissədə isə İsgəndər bu rolu oynasın. Nəticədə isə komissiya İsgəndərin oynadığı Kefli İsgəndəri bəyəndi və orijinal olduğunu təsdiqlədi. Başqa bir epizod isə onun oynadığı Məşədi İbadla bağlıdır. İsgəndər tamaşanın ara fasiləsində elə Məşədi İbadın geyimində və qrimində teatrdan çıxıb evlərinə gedir. Tamaşada onu axtarıb tapa bilməyən kollektiv məcbur qalıb ikinci hissəni bu rolun digər ifaçısı Əyyub Haqverdiyevlə oynayıb. İş burasındadır ki, heç kim, hətta teatrın rəhbərliyi belə, onun bu hərəkətlərindən incimirdi. Əksinə, onun istedadına hörmət edib hər dəfə güzəştə gedirdi.
Elxan Şeyxov daha bir hadisəni belə xatırlayır:
– Bir dəfə isə uşaqlar üçün hazırlanan “Şahzadə və bacatəmizləyən” tamaşası ilə kəndə gediblər. Sən demə teatrın rekviziti işləyən adam əsərin əsas qayəsi olan soba və onun bacasının dekorasiyasını unudub (teatrda belə hallar olur). Əsərin qəhrəmanı olan bacatəmizləyəni də İsgəndər Abdullayev oynayırdı. Orada dekorasiyasız elə bir oyun oynamışdı ki, hətta tamaşaçılar bu yoxluğu hiss etməmişdi.
İsgəndər Abdullayev 46 il ömür yaşadı. Yaşasaydı bu il 70 yaşı olacaqdı. Bu illər ərzində hansı rolları oynayacaqdı və Naxçıvan teatrında özünün hansı yaradıcılıq salnaməsini yazacaqdı, bunu bilmirik. Ancaq onun yaşadığı qısa yaradıcılıq ömründə “O olmasın, bu olsun” da Məşədi İbad, “Ölülər”də Kefli İsgəndər, “Dəli yığıncağı”nda oynadığı Heydər və onlarla obraz övladı kimi yaddaşlarda yadigar qaldı.

 Səməd Canbaxşıyev

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR