23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan tarixi ilə bağlı oxuduğum materiallarda tez-tez qarşıma çıxan maraqlı nekropollar diqqətimi o qədər çəkdi ki, bu barədə araşdırmalar aparmağa başladım. Sonra öyrəndiklərimi oxucularla bölüşmək qərarına gəldim.
Nekropol nədir?
Nekropol (Nekropolis) arxeoloji şəhərlərdə qəbiristanlıqların və toplu məzar yerlərinin olduğu əraziyə verilən addır. Əski yunan dilində “nekros” (ölü) və “polis” (şəhər) sözlərindən yaranıb. Antik dövrdəki şəhərlərdə məzar yerlərinin günümüzdəki şəhərlərdən fərqi indiki vaxtda daha çox məskunlaşma yerlərinə uzaqda və şəhərin xaricində olan məzarların o dövrlərdə şəhərlərlə iç-içə olmasıdır.
Arxeoloji tədqiqatlar zamanı Naxçıvan ərazisində Dizə, Qarabulaq, Plovdağ və Xornu nekropolları kimi qəbir abidələri tədqiq edilib. Bundan başqa, Xaraba Gilanda yerləşən Xalı-Keşan, Mərdangöl, Muncuqlutəpə nekropollarının materialları da tarixi dövrlərin xarakteristikasını vermək üçün dəyərli mənbə rolunu oynayır. Quzey, Əbrəqunus, Ləkətağ, Göydərə, Göynük, Ərəzin, Dizə nekropolları və sair kimi neçəsi bu torpağın tarixinin qədimliyindən soraq verir.
Muxtar respublikamızda yerləşən nekropollardan ən maraqlılarının tarixinə və onlar haqqında olan tədqiqatlara diqqət yetirək.

Naxçıvan nekropolu Naxçıvan şəhərinin şimalında Tunc dövrünə aid arxeoloji abidədir. Abidə 1968-ci ildə təsərrüfat işləri aparılan vaxt qəbirlər dağıdılaraq təsadüfən aşkar olunub. Düzbucaqlı formalı qəbirlərin üstü uzunluğu 1, eni 0,5, qalınlığı 0,2-0,3 metr olan daş plitələrlə örtülmüş vəziyyətdə olub. Qəbirlər şimaldan cənuba, həmçinin şimaldan qərbə doğru istiqamətlənib. Skeletlərin qalıqları pis vəziyyətdə olub. Qəbirlərdən birində cənubdan qərbə istiqamətlənərək bükülü vəziyyətdə olan skelet salamat qalıb.
Naxçıvanın Orta və Son Tunc, həmçinin İlk Dəmir dövrü qəbir abidələri üçün kollektiv dəfn adəti səciyyəvidir. Qəbirlərdən zəngin maddi-mədəniyyət nümunələri – boyalı gil qablar, müxtəlif formalı tunc bəzəklər (bilərzik, üzük, sırğa və sair), ayrı-ayrı minerallardan hazırlanmış muncuqlar tapılıb. Gil məmulatı içərisində çəhrayı rəngli, üzəri qara, qəhvəyi, qırmızı və sarı rənglərlə naxışlanmış boyalı qablar xüsusi incə zövqlə hazırlanıb. Naxçıvanın məişət abidələrinin stratiqrafiyasına, həmçinin arxeoloji materialların texnoloji analizinə əsasən, Naxçıvan nekropolu e.ə. II minilliyin ortaları və sonuna aid edilir. Nekropoldan əldə olunmuş materiallar Naxçıvan Dövlət Tarix Muzeyində saxlanılır.
I Naxçıvan nekropolu Naxçıvan nekropolu yaxınlığında Antik dövrə aid arxeoloji abidədir. 1970-ci ildə tikinti işləri aparılarkən aşkar edilib. Sahəsi 1,9 hektar olan abidə dağıdılmış altı küp qəbirdən ibarətdir. Abidədən əldə olunmuş materiallar hərbi qulluqçu Peters tərəfindən nömrələnərək Gürcüstan Dövlət Tarix Muzeyinə verilib. Arxeoloji qazıntılar nəticəsində qəbirlərdən çəhrayı rəngdə bişirilmiş gil qablar, üzəri qırmızı boya ilə örtülərək sığallanmış, bəzən isə cilalanmış sadə qablar, boz rəngli gil məmulatı, gümüş və tuncdan hazırlanmış bilərzik, sancaq, üzük və sırğalar, şüşə və əqiq muncuqlar, iki şüşə möhür, Makedoniyalı İskəndərə aid bir ədəd gümüş draxma əldə olunub. Nekropolun tapıntıları e.ə. IV-III əsrlərə aid edilir.
II Naxçıvan nekropolu Naxçıvan-Şahbuz avtomobil yolunun sol tərəfində, hərbi şəhərciyin qurtaracağında yerləşən Antik dövrə aid arxeoloji abidədir. Nekropol 1990-cı ildə tikinti işləri aparılarkən aşkar olunub. Tikinti zamanı küp qəbirlər və onlardan aşkar olunmuş maddi-mədəniyyət nümunələri ziyan çəkib. Abidədə mövcud olan materiallar mütəxəssislər tərəfindən toplanılaraq Naxçıvan Dövlət Tarix Muzeyinə təhvil verilib. Tapıntılara əsasən, nekropol e.ə. II-I əsrlərə aid edilir.
Maxta nekropolu Şərur rayonunun Maxta kəndinin şimal-şərqində, Naxçıvan-Sədərək avtomobil yolunun sol tərəfində yerləşən Antik dövrə aid arxeoloji abidədir. Nekropola aid küp qəbirlər 1988-ci ildə su hovuzunun yerləşdiyi təpədə aşkar edilib. Küp qəbirlərdən əldə edilən qablardan yalnız birinin (qum qarışığı olmayan gildən hazırlanaraq boz rəngli, hər iki üzdən çəhrayı boya ilə örtülmüş küpətipli qab) sınığı saxlanılıb. Abidənin II-III əsrlərə aid olması ehtimalı irəli sürülsə də, hələ ki ətraflı tədqiq edilməyib.
Muncuqlutəpə nekropolu Ordubad rayonu ərazisində, Plovdağ Tunc dövrü abidəsi ilə Xaraba Gilan orta əsrlər şəhər yeri arasında, Gilançayın qolu olan (yayda quruyan) Xalı-Keşan çayının sağ sahilində, kiçik təpənin üzərində yerləşir. Təpənin üzəri düzdür, quruluşuna və coğrafi mövqeyinə görə sanki süni surətdə yaradılıb. Burada, təqribən, 1600-1700 kvadratmetr sahədə 33 sərdabətipli qəbir kompleksi tədqiq olunub. Qeyd edək ki, tədqiqatçılar Muncuqlutəpə nekropolunun sərdabələrini çoxdəfnli qəbirlərin ən yaxşı nümunələri hesab edirlər. 1 nömrəli sərdabə düzgün olmayan dördbucaqlı plandadır, cənub-qərb istiqamətindədir. Örtük daşları saxlanmayıb, kameranın ölçüləri 1,4x1,2x0,89 metrdir. Qəbrin şimal-qərb küncündən bir ədəd kiçikhəcmli, çəhrayı gilli, düz oturacaqlı, düz divarlı, ağız hissəsinin bayır tərəfində iki ədəd qarşı-qarşıya şiş çıxıntıları vardır. 2 nömrəli sərdabə tamamilə dağıntıya məruz qaldığından iki ədəd muncuqdan başqa material əldə edilməyib. 3 nömrəli sərdabə düzgün olmayan dördbucaqlı formasındadır. Örtük daşları saxlanmayıb. Ətrafına dördbucaqlı planda daş döşənib, perimetr üzrə ensiz, uzun daşlar düzülüb. Qəbrin cənub divarının qərb tərəfi nisbətən kameranın içərisinə tərəf işlənib. Ona görə də qəbrin qərb tərəfi şərq tərəfindən 40 santimetrə qədər ensizdir. Sərdabənin qərb divarına bir ədəd sal daş dikinə qoyulub, qalan divarları isə üfüqi düzülmüş müxtəlif qalınlıqlı daşlarla işlənib. Mənbələrdən öyrənirik ki, qəbrin içərisi dağıdılıb və qarət olunub. Qəbirdən ucları birləşməyən tunc qolbaq, ucları bir-birinin üzərində olan tunc həlqə, əqiq muncuqlu iki sırğa, səkkiz ədəd əqiqdən, iki ədəd də sürmədən hazırlanmış eninə deşikləri olan muncuq, iki ədəd ağ mərmərdən hazırlanmış muncuq, üzərində üfüqi və şaquli yapma bəzəkləri olan boz və çəhrayı gilli qab fraqmentləri tapılıb.
Qeyd edək ki, Naxçıvan ərazisində daha çox sayda nekropollar mövcuddur. Nekropollar haqqında geniş məlumatı “Naxçıvan Ensiklo­pediyası”, “Naxçıvan tarixi”, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin müəllifi olduğu “Naxçıvan arxeologiyası”, “Azərbaycan arxeologiyası” adlı kitablardan əldə edə bilərsiniz.
Mütəxəssislər nekropollar haqda nə deyirlər?
Bu nekropollar haqqında oxuyarkən tarixin səssiz carçıları olan abidələrin əhəmiyyəti nədir? – sualı yarandı beynimdə. Sualımı AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərliyə ünvanladım. Alim bildirdi ki, qəbiristanlıqlar da çox mühüm tarixi abidələrdir. İslamaqədərki qəbiristanlıqlarda qədim insanların həyata keçirdiyi dəfn adətləri, arxeoloji tədqiqatlar zamanı qəbirlərdən əldə olunan maddi-mədəniyyət nümunələri tariximizin bir sıra problemlərinin öyrənilməsində müstəsna əhəmiyyət kəsb edir. İslamın qəbulu ilə dəfn adətləri sadələşdirildi. Bu dövrdə qəbirlərin üstünə qoyulan başdaşı, sənduqə, daşdan hazır­lanmış qoç və qoyun fiquru tipli xatirə abidələri, xüsusilə onların üzərində həkk edilən müxtəlif məzmunlu kitabələr, təsvir və ornamentlər tarixi mənbə kimi öyrənilir. Bu kitabələr keçmişdə yaşamış bir sıra görkəmli şəxsiyyətlərin, o cümlədən dövlət xadimlərinin, alimlərin, sənətkarların adlarının, titullarının, vəfat tarixlərinin, onların yaşadıqları dövrdə cəmiyyətin həyatında tutduqları mövqenin, qəbirlərinin yerinin, mənsub olduqları yaşayış məskənlərinin dövrünün aydınlaşdırılmasında xüsusi rol oynayırlar.
AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev də nekropollarla bağlı bir çox maraqlı məqamlara aydınlıq gətirib. O, “Azərbaycan arxeologiyası” kitabında yazır: “Qəbir abidələrinin tədqiqi olduqca əhəmiyyətlidir. Naxçıvanın qədim sakinlərinin dünyagörüşü ilə bağlı ən dəyərli materiallar qəbir abidələrinin tədqiqi zamanı aşkar olunmuşdur. Orta Tunc dövrünə aid qəbir abidələrinin tədqiqi bu dövrdə tək, cüt, kollektiv dəfnlərlə xarakterizə edilən torpaq və daş qutu tipli qəbirlərin üstünlük təşkil etdiyini göstərir. Bəzi qəbirlərin üzərində torpaq, ya da daş qarışıq torpaq kurqanlar düzəldilmişdir. Bəzi qəbirlərin ətrafı Qobustan, Nəhəcir və Şahtaxtı nekropolunda olduğu kimi, kromlexlə əhatə edilmiş, bəzilərinin ətrafı isə sal daşlarla dördkünc planda dövrəyə alınmışdır. Qəbirlərin üzərində kurqan düzəldilməsi, ya da kromlexlə əhatə edilməsi Günəşə olan inamla bağlıdır. Orta Tunc dövrünə aid bir qrup qəbirdə insan skeletinə rast gəlinməmişdir. Belə qəbir abidələrinə Kükü, Şahtaxtı, Çalxanqala nekropollarında təsadüf olunur. Kükü nekropolunda tədqiq olunan kurqanların birindən bütöv öküz skeleti aşkar edilmişdir. Şahtaxtı nekropolunda qəbirlərin birindən bütöv at skeleti aşkar olunmuşdur. Qəbirlərdə bütöv heyvan skeletlərinin ortaya çıxması, şübhəsiz ki, qədim insanların o biri dünyaya inamı ilə bağlı olmuşdur. Bu dövrə aid boz rəngli gil qablar üzərində rast gəlinən aypara təsvirləri Azərbaycanda məskunlaşan qədim tayfaların göy cisimlərinə sitayişi ilə bağlıdır”.
Hər daşı-qayası qədim tarixdən xəbər verən Naxçıvan torpağının səssiz carçıları – Naxçıvan nekropollarının pıçıltılarına qulaq asdıq. Bu dəfə tariximiz haqqında gerçəklikləri onlardan öyrəndik.

 Nərgiz İsmayılova

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR