23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Şərur şəhərində kitabxana işçilərinin növbəti zona müşavirəsi keçirilib. Müşavirədə Şərur, Kəngərli, Sədərək rayonlarının mərkəzləşdirilmiş kitabxana sistemlərinin, filial-kitabxanaların əməkdaşları iştirak ediblər.
Müşavirəni giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova açaraq bildirib ki, müstəqillik illərində muxtar respublikamızda gedən mədəni yüksəliş kitabxanalara da öz təsirini göstərib. Muxtar respublikanın kitabxanaları qayğı ilə əhatə olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 19 aprel 2012-ci il tarixli Sərəncamı ilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının 90 illik yubileyi dövlət səviyyəsində qeyd edilib, burada elektron kitabxana fəaliyyətə başlayıb.
Hazırda muxtar respublikamızda 2 muxtar respublika tabeli kitabxana, 8 mərkəzləşdirilmiş kitabxana sistemi və onların tabeliyində 224 filial-kitabxana fəaliyyət göstərir. Son illər muxtar respublikanın rayon mərkəzlərində və 100-dən çox kənddə kitabxanalar üçün müasir şərait yaradılıb. 2005-ci ildən başlayaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 14 yanvar 2004-cü il tarixli Sərəncamına əsasən, latın qrafikası ilə nəşr olunmuş kitablar kitabxanalara hədiyyə edilir. 2015-ci ilin statistikasına əsasən, muxtar respublikamızın kitabxanalarında kitab və jurnalların sayı 2 milyon 126 min nüsxədən çox olub ki, bunlardan da 160 mindən çox oxucu istifadə edib. Bu ilin birinci yarısında nazirliyin sisteminə daxil olan kitabxanalara 178 adda 4511 nüsxə çap məmulatı daxil olub, yeni oxucu sayı 1236 nəfər, oxucu gəlişi 30201 nəfər, kitab verilişi 411852 çap məhsulu təşkil edib.

Qeyd olunub ki, keçirilən zona müşavirəsinin əsas məqsədi kitabxana işi ilə bağlı problemləri müzakirə etmək, işdə olan nöqsanları aradan qaldırmaq, kitabxana işində çalışan işçilərə elmi-metodik köməklik göstərməkdən ibarətdir. Asudə vaxtın düzgün qurulmasında kitabxanaların rolu, belə mədəniyyət müəssisələrinə oxucu cəlbi, kitab müzakirələrinin, mütaliə, kitabxana və nağıl günlərinin təşkili, mütaliə mədəniyyəti, kitabxana-oxucu münasibətləri, kitabxana işində qarşıya çıxan çətinliklər, kitabxana xidməti və bir çox məsələləri ətraflı təhlil etmək, işimizi düzgün qurmaq hamımızı düşündürməlidir. Kitabxana işçilərinin zona müşavirəsi işimizin düzgün qurulmasına kömək edəcək və kitabxana işinin keyfiyyətinin yüksəldilməsinə şərait yaradacaqdır.
Bildirilib ki, kitabxana işçiləri sağlamlıq imkanları məhdud və ahıl insanlar üçün səyyari kitabxana xidməti göstərməli, “Kitabxana günləri” və “Mütaliə günləri”nin yüksək səviyyədə keçirilməsinə diqqət yetirməlidirlər. Kitabxanalara təcrübəli kadrlar cəlb edilməli və oxuculara xidmət işi daha da yaxşılaşdırılmalıdır. Kitabxanalarda biblioqrafiyalar və kataloqlar sistemli işlənilməlidir. Kitabxana əməkdaşları üçün bundan sonra da nazirlik tərəfindən mütəmadi seminar-treninqlər keçiriləcəkdir.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin kitabxana işi üzrə aparıcı məsləhətçisi Aygün Hüseynovanın, Şərur, Kəngərli və Sədərək Rayon Mədəniyyət və Turizm şöbələrinin müdirləri Əli Qənbərovun, Məhərrəm Əliyevin və Rəşad İsmayılovun mövzu ilə bağlı çıxışları olub.
Müşavirədə kitabxanalarda işin canlandırılması üçün təcrübəli kitabxana işçilərinin təklifləri dinlənilib və tədbir iştirakçılarının sualları cavablandırılıb.
Kitabxana işçilərinin zona müşavirəsinə yekun vuran mədəniyyət və turizm naziri Natəvan Qədimova qarşıda duran vəzifələrdən danışıb.

Naxçıvan Muxtar Respublikası
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR