23 Dekabr 2024, Bazar ertəsi

Azərbaycan xalqının bədii təfəkkürünün parlaq və zəngin, yüzilliklər boyu keçilən inkişaf yolunun məhsulu olan, rəngarəngliyi ilə sevilən, seçilən aşıq sənəti ədəbiyyat və incəsənət xəzinəmizin qiymətli incilərindən olub, öz mahiyyəti etibarilə həmişə xalq həyatına yaxınlığı ilə seçilib, xalqın gündəlik mübarizəsi və mənəviyyatı ilə vəhdət təşkil edib. Poeziyanı, musiqini, rəqsi, ifaçılığı özündə cəmləşdirən bu incəsənət növünün orijinallığı və sadəliyi onu xalq arasında sevdirib.

Aşıq sənətinin ilkin nişanələri və ərsəyə gəlməsi haqda məlumatlar “Kitabi­-Dədə Qorqud” dastanında öz əksini tapıb. Ozanlar və onların sevimli alətləri olan qopuz haqqında dastanda geniş məlumat verilir. “Qopuz” sözünün etimologiyasına baxsaq, görərik ki, qop qədim türkcədə “ucalıq”, “yüksəklik”, uz isə “avaz”, “sehrli musiqi ahəngi” anlamını verir. Tarixi və etnoqrafik məlumatlara görə, qopuz türk xalq söyləyicilərinin, əsasən, qəhrəmanlıq nəğmələri, dastanları ifa edərkən istifadə etdikləri başlıca simli musiqi aləti olub, kütləvi şənliklərdə, toy-düyünlərdə çalınırdı. Elin müdrik ağsaqqalı Dədə Qorqud oğuznamələr söyləyir, düzüb-qoşur, gənclərə öyüd-nəsihətlər verir, qəhrəmanlıq göstərən ərənləri öyürdü. “Kitabi-Dədə Qorqud” dastanında bu alətin müqəddəsliyindən olduqca geniş söhbət açılır. Dastanda tez-tez rast gəldiyimiz sahibinin onu bir başqasına verməsinin qadağan olunması, başqa birinin əlinə dəyməsini günah hesab etməsi və sair bu kimi nümunələr onun dəyərini daha da artırır. Burada onun ilahi cəhətdən də xüsusi bir fərqliliyi diqqətə çatdırılır. Dastanda qeyd edilənlərə əsaslanaraq deyə bilərik ki, ölüm tanrısı qopuzun səsindən Qorqud atanın canını və ya o ətrafda olanların ruhunu almağa gələ bilməzmiş. Qopuz səsinin ecazkarlığı eşidildikcə Dədə Qorqud ölümdən uzaq hesab olunurmuş. Yalnız o susduqdan sonra ölüm onu yaxalaya bilir. Deyilənlərə görə, Qorqud ata öldükdən sonra onun qopuzu illərlə kədərli səslər çıxarıb.

Qopuz bir musiqi aləti kimi əsrlərboyu təkmilləşərək öz yerini saza verib. Saz mizrabla çalınan musiqi alətidir. Onlar ölçülərinə, pərdələrin və simlərin sayına görə üç yerə bölünür: 4-6 simi olan cürə saz, 6-7 simi olan qoltuq saz, 8-9 simi olan ana saz və meydan sazı adlanan tavar sazdır. Əksər hallarda Azərbaycan aşıqları səkkiz və yaxud doqquzsimli sazdan istifadə edirlər. Saz aləti kəllə, qol və çanaq adlanan üç hissədən ibarətdir.
Dastanda tez-tez rast gəldiyimiz ozan, dədə adlandırılan aşıq sözünün mənasına gəldikdə isə qeyd etmək olar ki, dahi bəstəkarımız Üzeyir Hacıbəyli bu sözü ərəb sözü olan “eşq” ilə bağlayıb. Professor Məmmədhüseyn Təhmasib isə onun hazır­da az işlənən və qədim türk sözü olan “aş”-dan törədiyini iddia edib. Tarixi məlumatlara istinad etsək, onu XVI əsrdə geniş yayılmış hərbi himnlərlə əlaqələndirə bilərik. Belə ki, türkü adlanan bu türkü-himnlərin yaradıcılarını “aşiq” adlandırırdılar. Sonralar fəxri “aşıq” adı saz-söz sənətkarlarının adına əlavə olunub.
Naxçıvanda da aşıq musiqisi ta qədim zamandan formalaşmağa başlayıb. Bu sənət hazırda özünün ən yüksək inkişaf dövründədir. Aşıq sənəti Naxçıvanın Şərur və Şahbuz bölgələrində daha çox yayılıb.
Zəmanəsinin məşhur aşıqları olan Ağ Aşıq Allahverdi Kosacanlı, Aşıq Süleyman, Aşıq Cəlil, Aşıq Məmmədcəfər, Qonçabəyim, Çobankərəli Aşıq Cəfər, Allahverdi Əliyev, Aşıq Bəhman, Aşıq Nəcəf­alı, Aşıq Mirzalı, Aşıq Hidayət, Aşıq Həmid, Kazım Abdullayev, Aşıq Əbülfəz, Aşıq Həmid, Aşıq Bayram­əli, Aşıq Ehsan, Aşıq Əzim, Aşıq Vəli, Ordubadlı Kərim, Aşıq Abbas Dəhri, Məmmədxan Məmmədov, Aşıq Həbib və başqaları Naxçıvan aşıq mühitinin yetirmələri olublar. Keçmişdə adları çəkilən bu Naxçıvan aşıqlarının şöhrəti ölkə hüdudlarından kənara çıxıb, onlar İran və Türkiyə kimi xarici ölkələrə musiqi məclislərinə dəvət olunublar.
Hazırda Naxçıvanda Aşıqlar Birliyi fəaliyyət göstərir. Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti, Aşıqlar Birliyinin sədri Tural Bağırov birliyin fəaliyyəti haqqında belə deyir:
– 2009-cu ildən fəaliyyət göstərən birliyin hal-hazırda 22 üzvü var. Onlarla yanaşı, birliyimizə üzv olmaq istəyən, bunun üçün namizədliyini irəli sürən aşıqlar da az deyil. Burada həftənin 4 günü üzvlər toplanır, məşqlər aparılır, konsertə hazırlıq işləri görülür. Həmçinin birliyimizin fəaliyyətinin genişləndirilməsi yolunda yeni fikirlər irəli sürülür, onların müzakirəsi aparılır. Biz muxtar respublikamızda keçirilən xalq mərasimlərində, eyni zamanda dövlət səviyyəli tədbirlərdə də iştirak edirik.
Tural Bağırov onu da qeyd etdi ki, hazırda muxtar respublikamızda bu sənət geniş yayılmaqdadır. Musiqi məktəblərində, Naxçıvan Musiqi Kollecində, həmçinin Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsində də saz sinifləri fəaliyyət göstərir və ildən-ilə bu sahədə təhsil almaq istəyən tələbələrin sayı artmaqdadır. Hətta bir çox gənc asudə vaxtını səmərəli keçirmək məqsədilə saz sənətini öyrənmək üçün bizə müraciət edir. Bu, çox sevindirici haldır. Muxtar respublikamızda bu sənətin geniş yayılması üçün hər cür şərait yaradılıb. Bir sözlə, biz dövlətin diqqət və qayğısını üzərimizdə hiss edirik.
Naxçıvan Aşıqlar Birliyinin üzvlərindən Turac Bayramova, Leyla Fətullayeva, Səkinə Kərimova ilə söhbət zamanı onlar aşıq sənətində daha da təkmilləşmələrində və səhnə mədəniyyətlərinin formalaşmasında bu təşkilatın böyük xidməti olduğunu vurğuladılar. Məşq zalında söhbətləşdiyimiz digər bir həvəskar aşıq Gülizar Əhmədli isə illərdir, həvəs göstərdiyi aşıq musiqisi sahəsində ömürlük qərarlaşmaq istədiyini və tezliklə Aşıqlar Birliyinə üzv kimi qəbul edilməyi arzuladığını bildirdi.
Naxçıvanda bu sahədə inkişaf göz qabağındadır. Hər il keçirilən müxtəlif el şənliklərində saz havalarına geniş yer verilməsi Naxçıvanda aşıq yaradıcılığına göstərilən diqqət və qayğının təzahürüdür.

Fatma Babayeva

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR