23 Dekabr 2024, Bazar ertəsi

Azərbaycan ədəbi mühitinin ayrılmaz tərkib hissəsi olan Naxçıvan ədəbi mühiti ümumazərbaycan məkanında özünü təsdiq etdirib. Bu mühitin formalaşması prosesi uzun bir yol keçib. Azərbaycan ədəbiyyatına Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Məmməd Səid Ordubadi kimi görkəmli korifeylər bəxş edən Naxçıvan ədəbi mühiti bu gün hərtərəfli dövlət qayğısı əhatəsindədir. Filologiya üzrə elmlər doktoru, Azərbaycan Respublikasının Əməkdar elm xadimi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Hüseyn Həşimli ilə söhbətimizdə bəzi suallara aydınlıq gətirməyə çalışdıq. 

– Hüseyn müəllim, söhbətimiz ədəbi tənqid barədə olacaq. Ədəbi prosesdə tənqidin rolu nədən ibarətdir?
– Bəzən ədəbi tənqid deyəndə yalnız hər hansı bədii əsəri tənqid etmək, onun nöqsanlarını göstərmək başa düşülür. Əlbəttə, ədəbi tənqidin əsas vəzifələrindən biri budur. Lakin ədəbi tənqid ədəbiyyatşünaslığın üç əsas şöbəsindən biri kimi, bütövlükdə, müasir ədəbi proseslə məşğul olur, onu təhlil edib dəyərləndirir, yeni yaranan əsərlərə obyektiv və operativ qiymət verir. Və təbii ki, bu zaman müşahidə olunan müsbət məqamları da, yol verilmiş qüsurları da əsaslandırılmış şəkildə nəzərə çatdırır. Yəni ədəbi tənqid çağdaş ədəbi prosesin yolyoldaşı olmaqla təkcə nöqsanları yox, həm də uğurları müəyyənləşdirib diqqət mərkəzinə çəkir, inkişafın meyil və istiqamətləri barədə fikir bildirir. Məşhur rus ədibi A.S.Puşkin haqlı olaraq yazırdı ki, “Tənqid ədəbiyyat və incəsənət əsərlərindəki gözəllikləri və nöqsanları açmaq elmidir”. Əsər müəllifinin gələcək yaradıcılıq axtarışlarının daha dolğun xarakter alması, təkmilləşməsi, nöqsanların aradan qaldırılması üçün ədəbi tənqidin rolu böyükdür. Tənqid ədəbi prosesə təkan verir, onun dinamik inkişafını daha da gücləndirir. Eyni zamanda ədəbi tənqid həm də oxucular üçün faydalıdır. Onlarda hər hansı bədii nümunə, ümumən, ədəbi proses barədə daha dürüst qənaətlər formalaşmasına kömək göstərir. Müxtəlif alimlər tərəfindən tənqidin “hərəkətdə olan estetika”, “ədəbiyyatşünaslığın operativ ştabı” adlandırılması da bu mənada təsadüfi deyil.

– Müasir cəmiyyətdə ədəbi tənqidə münasibət haqqında nə deyə bilərsiniz?
– Bu məqamda ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan yazıçılarının VII qurultayında söylədiyi aşağıdakı fikirləri xatırlatmaq istərdim: “Müasir ədəbi-bədii prosesi tənqidçilərin, ədəbiyyatşünasların fəal və faydalı işi olmadan təsəvvür etmək mümkün deyildir. Onlar bədii həyatımızın mürəkkəb, bəzən ziddiyyətli proseslərini dərindən təhlil etməyə və ümumiləşdirməyə borcludurlar”. Ədəbi tənqidin, ümumən, ədəbiyyatşünaslığın önəmli vəzifələri bu qiymətli fikirdə dəqiqliklə ifadə olunub.
Çağdaş cəmiyyətimizdə də ədəbi tənqidin özünəməxsus mövqeyi və missiyası vardır. Hüquqi dövlət quruculuğu prosesində böyük uğurlar qazanmış müstəqil Azərbaycanda bütün digər sahələrlə yanaşı, elmi-ədəbi mühitdə də fikir plüralizmi, sərbəst düşüncənin hərtərəfli şəkildə təqdimi üçün hər cür şərait yaradılıb. Senzuranın ləğv olunduğu ölkəmizdə şair və yazıçılar da, tənqidçilər də öz düşüncə və baxışlarını ifadə etməkdə, ən müxtəlif yaradıcılıq axtarışları aparmaqda tam sərbəstdirlər. Ədəbiyyatda ildən-ilə artan yazarların qələmi ilə araya-ərsəyə gələn çoxsaylı əsərlərin, necə deyərlər, saf-çürük edilərək obyektiv şəkildə dəyərləndirilməsinə, əslində, ədəbi mühitin də, oxucuların da, geniş mənada, ictimaiyyətin də ehtiyacı var. Bu qədər əsər bolluğu şəraitində pisi yaxşıdan, istedadı həvəskardan, professionalı diletantdan ayırmaq çox vacib məsələdir və bu məqamda ədəbi tənqid özünün obyektiv, qərəzsiz və inandırıcı mövqeyini əsaslandırıb ortaya qoymalıdır. Ədəbi tənqidin fəallığı, öz vəzifələrini yerinə yetirməsi istiqamətində əhəmiyyətli işlər görülsə də, fikrimcə, bu, hələ tam şəkildə kifayət deyil.
– Naxçıvanda bugünkü ədəbi mühiti ədəbiyyatşünas-alim kimi necə qiymətləndirirsiniz?
– Minnətdarlıq duyğusu ilə qeyd etmək istərdim ki, muxtar respublikamızda bütün digər sahələrlə yanaşı, ədəbiyyatın və ədəbi tənqidin hərtərəfli şəkildə inkişafı üçün hər cür şərait var. Naxçıvanda Yazıçılar Birliyi fəaliyyət göstərir, nəşriyyatların, mətbuat orqanlarının, tele­viziya və radio redaksiyalarının qapıları yaradıcı ziyalıların üzünə açıqdır. Onların fəaliyyəti yetərincə işıqlandırılır. Dövlət vəsaiti ilə nəşr olunan ədəbi almanaxları, topluları, kitabları, o cümlədən ədəbi gəncliyin istedadlı və ümidverici nümayəndələrinin əsərlərinin çapını xatırlatmaq yerinə düşər. Yaradıcı ziyalılara göstərilən ardıcıl və hərtərəfli dövlət qayğısı, onların əməyinin yüksək səviyyədə qiymətləndirilməsi də hamıya bəllidir. Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin 2012-ci ilin oktyabrında keçirilmiş konfransında Ali Məclisin Sədri cənab Vasif Talıbovun dərin məzmunlu çıxışı görülmüş işlərə qiymət verilməsi ilə yanaşı, qarşıda duran mühüm vəzifələrin diqqət mərkəzinə çəkilməsi baxımından da böyük əhəmiyyətə malikdir.
Hazırda Naxçıvan Yazıçılar Birliyi ətrafında, təxminən, səksən nəfər üzv cəmləşmişdir ki, onlar da şair, yazıçı, dramaturq, tərcüməçi, tənqidçi və ədəbiyyatşünaslardan ibarətdir. Buraya birlik üzvü olmayan qələm sahiblərini də əlavə etsək, böyük bir yaradıcı heyətdən söz aça bilərik. Son illərdə bu müəlliflərin çoxsaylı kitabları çap olunub, o cümlədən bir sıra xarici ölkələrdə onların əsərləri nəşr edilib. Bu əsərlər sırasında ideya-bədii mükəmməlliyə malik, Azərbaycan ədəbi mühitində fərqləndirilməyə layiq olan nümunələr də az deyil. Onların sırasında gənc müəlliflərin varlığı da qürurvericidir. Bunlar hamısı yaxşıdır və ədəbi mühitimizin hazırkı inkişafının əyani təzahürüdür.
Bunlarla yanaşı, bütövlükdə ölkə ədəbiyyatında olduğu kimi, Naxçıvan ədəbi mühitində də bəzi təsadüfi imzalar var, xüsusən poeziya sahəsində. Az-çox qafiyə quraşdıra bilənlər də bəzən qələmə qurşanırlar. Az, yaxud çox yazmaqlarından asılı olmayaraq, onların qələm məhsullarının əsl ədəbiyyata aidiyyəti yoxdur. Ədəbi tənqid gərək bunlara diqqət yetirsin. Öz obyektiv münasibətini ortaya qoysun.
– Hüseyn müəllim, elə bu məqamda soruşmaq istərdim: muxtar respublikada ədəbi tənqidin vəziyyəti sizi qane edirmi?
– Səmimiyyətlə deyim ki, o qədər də yox. Doğrudur, ayrı-ayrı ədəbi-tənqidi məqalələr, ədəbi icmallar, ələlxüsus da resenziyalar yazılır, yaradıcılıq müzakirələri keçirilir, yeni yaranmış əsərlər, ümumən, cari ədəbi proses barədə müəyyən dəyərləndirmələr aparılır. Mən söhbətimizin əvvəlindən bir məqamı bir daha xatırlatmaq istəyirəm. Bəli, ədəbi tənqid çağdaş ədəbi prosesin uğurlarını, dəyərli ədəbi əsərləri qiymətləndirib yeri gələndə təbliğ də etməlidir, nöqsanları da göstərməkdən çəkinməməlidir. Görülmüş işlərin əhəmiyyətini azaltmamaqla deyim ki, ədəbi tənqid daha çox tərif ovqatlı resenziyalar yazmağa meyillidir.
Təəssüf ki, bu gün biz yeni yaranan əsərlərə münasibətdə ədəbi tənqidin operativ və obyektiv münasibətinin çox vaxt şahidi olmuruq. Hətta uğurlu bir əsər ortaya çıxanda da onun haqqında yazılan məqalədə əsərin ideya-bədii məziyyətləri, çağdaş ədəbi prosesə gətirdiyi yeniliklər və sair elmi səviyyədə təhlil edilmir, əvəzində ümumi tərif axarı baş alıb gedir. Hansı ki, sadəcə, əsərin adını dəyişməklə bu müsbət rəyi istənilən digər bədii nümunəyə şamil etmək olar. Bu da ona görə belədir ki, bəzi əhli-qələm özünə əziyyət verməyərək bədii əsəri lazımınca incələmir, ümumi sözlərlə müsbət fikir bildirir. Bədii əsərlərdəki qüsurlara isə ədəbi tənqid tərəfindən lazımi prinsipial münasibət çox vaxt göstərilmir. Ən yaxşı halda bir-iki cümləlik ümumi səciyyəli şablon cümlələrlə tənqid öz missiyasını bitmiş hesab edir.
– Bəlkə, ədəbiyyatşünaslar o kitabları oxumadan fikir bildirirlər?
– Ən vacib məsələ elə budur. Tənqidçi ədəbi prosesi ardıcıl və hərtərəfli şəkildə izləməli, oxuyub təhlil etməlidir.Yəni əsl ədəbi tənqid nümunəsi ortaya qoymaq istəyən tənqidçi, ədəbiyyatşünas həm də geniş mütaliə sahibi olmalıdır. Tənqidçi və ədəbiyyatşünaslarımız yazarların yaradıcılığını lazımi səviyyədə izləmirlər. Belə olan halda, təbii ki, dolğun, ümumiləşdirici, əhatəli ədəbi tənqid nümunələri də az-az ortaya çıxacaq.
– Qeyd etdiyiniz kimi tənqidçilər yaxşı əsər haqqında da, zəif əsər barədə də eyni fikirləri söyləyirlər. Bu fikirlər şair və yazıçıların sonrakı fəaliyyətində açıq-aşkar hiss olunur. Bu barədə nə düşünürsünüz?
– Ədəbi əsərlərindəki nöqsanlar tənqid olunmayan, yalnız təriflənən yazarların bir qismində özündənrazılıq, müştəbehlik də baş qaldıra bilir. Beləcə, “ədəbi dühaların” formalaşmasına ədəbi tənqid öz laqeydliyi, yaxud süni tərifləri ilə sanki xeyir-dua verir. Tənqid olmayanda ustad tənqidçi Seyid Hüseynin vaxtilə dediyi kimi: “Hər əli qələm tutan özünü birinci sanacaq”.
Ədəbi əsər müəllifləri də gərək tənqidi obyektiv qəbul etsinlər. İbrətli məqamlardan bir-ikisini xatırlatmaq istərdim. Bizim həmyerlimiz, dəyərli yazıçı, publisist və ictimai xadim Əli Səbri Qasımovun 1913-cü ildə çap olunmuş “Solğun çiçək” romanındakı bəzi nöqsanları tənqidçi Seyid Hüseyn “İqbal” qəzetindəki resenziyasında açıq şəkildə göstərmişdi. Ə.Səbri isə bu iradları səmimi qarşılayaraq hətta mətbuatda tənqidçiyə minnətdarlıq məktubu da çap etdirmişdi. Seyid Hüseyn isə başqa bir məqalədə gənc yazıçının tənqidə belə obyektiv yanaşmasını müsbət hal kimi misal çəkmişdi. Eyni həssas münasibəti tanınmış ədibimiz Nəriman Nərimanov “Nadanlıq” pyesinin bəzi qüsurlarını nəzərə çatdıran məşhur ədəbiyyatşünas Firidun bəy Köçərlinin tənqidinə münasibətdə göstərmişdi...
Amma bu gün bir tənqidçi bir yazıçını tənqid edəndə elə də olur ki, əsər qalır bir kənarda, mübahisə şəxsi xarakter alır. Şahidi olmuşam ki, ədəbiyyatşünaslarımızdan birinin, hətta o qədər də dərinə getməyən tənqidinə bəzi yazarlarımız çox sərt reaksiya vermişdilər. Bu məqamda yenə də klassikaya üz tuturam. Tənqidçi Seyid Hüseyn, təxminən, yüz il öncə yazırdı: “Bizim bəzi yazıçılarımızda qəribə halətlər var. Birisi götürüb bir yazıçının və müəllifin səhvini, əsərinin səhv nöqtələrini göstərərsə, onu yazıçı əfəndi özünə qarşı bir təhqir hesab edər. ...Öz yazısından göz örtüb çalışır ki, yazı sahibinə bir ləkə vursun”.
Yazıçı, şair, yaxud dramaturqun necə yanaşmasından asılı olmayaraq, ədəbi tənqid, heç şübhəsiz, etik qaydaları, ədəbi əxlaqı unutma­maq şərti ilə əsərə obyektiv qiymət verməlidir, nöqsanlara da göz yummamalıdır. Böyük Mirzə Fətəli Axundzadə vurğulayırdı ki, “Bir şəxs kitab yazdığı zaman başqa bir şəxs onun əsərinin mətləbləri xüsusunda kritika yazır; bu şərtlə ki, müəllif haqqında ədəbsiz və könül incidən bir söz belə, olmasın; hər nə deyirlərsə, incəlik yolu ilə deyilsin”.
Ədəbi tənqidin zərurətindən ağızdolusu danışan bəzi yazarlar məsələ konkretləşəndə, özlərinin əsərləri barədə hansısa bir kiçik tənqidi qeyd ortaya çıxanda fərqli yanaşma göstərirlər. Xalq şairi Süleyman Rüstəm sanki belələrinin dilindən yazıb:
Xatirimə dəyməyin, damağım çağ olanda,
Tənqid çox yaxşı şeydir, məndən uzaq olanda.
Sənət adamlarımız əsərlərinə dürüst qiymət verilməsində maraqlı olmalı, ədəbi tənqidin haqlı, əsaslı münasibətindən doğan tənqidi səmimi qəbul etməlidirlər. Bu məqamda ustad ədəbiyyatşünas, akademik Məmməd Cəfər Cəfərovun vaxtilə bu kontekstdə yazılmış bir məqaləsinə seçdiyi ad yadıma düşür: “Tənqidçi ədalətli, yazıçı təvazökar olmalı”.
– Son olaraq muxtar respublikada yaradıcı insanlara ədəbiyyatşünas-alim kimi sözünüz?
– Ədəbi tənqidin obyektiv, operativ və hərtərəfli elmi dəyərləndirmələrinin olması çox vacibdir. Bu, yazarlar üçün də, elə ədəbi tənqidin özü üçün də faydalı və gərəklidir.Tənqidçi və ədəbiyyatşünaslar muxtar respublikanın çağdaş ədəbi mühitinə münasibətdə fəallıq göstərməlidirlər. Naxçıvanda istedadlı və qabiliyyətli yazıçı, şair və dramaturqlarla yanaşı, professional ədəbiyyatşünaslar da az deyil, amma mən də daxil onların böyük əksəriyyəti ədəbiyyat tarixi üzrə araşdırmalar aparır, çağdaş ədəbi proseslə ümumən məşğul olmur, ya da bu sahəyə arabir diqqət yetirir, bəzi məqalə və resenziyalar yazmaqla işlərini bitmiş sayırlar. Muxtar respublikamızda yaşayıb fəaliyyət göstərən ədəbiyyatşünas-alimlər, eləcə də gənc tədqiqatçılar çağdaş ədəbi prosesin təhlil olunub ümumiləşdirilməsi, dəyərləndirilməsi ilə ardıcıl, daimi, hərtərəfli məşğul olmağa diqqəti daha da artırmalıdırlar. Azərbaycanın paytaxtında, eləcə də digər bölgələrdə muxtar respublika ədəbi mühitinin yaradıcılıq uğurlarının, layiqli əsərlərin yetərincə təbliği və tanıtdırılması işinə də ədəbi tənqid diqqəti gücləndirməlidir. Hesab edirəm ki, biz Naxçıvan ədəbi mühitinin dünəni və bu günü barədə kitab və məqalələrin xarici ölkələrdə nəşri işinə də xüsusi fikir verməliyik. Bu sahədə bədii tərcüməçilər də öz sözlərini deyə bilərlər.
Ümumiyyətlə, muxtar respublikamızda ədəbiy­yatın, ədəbi tənqidin hərtərəfli inkişafı üçün yaradılmış yüksək şərait müqabilində hər bir qələm sahibi öz potensialını möhtəşəm vəzifələrin daha mükəmməl şəkildə həyata keçirilməsinə yönəltməlidir.

Söhbətləşdi:
 Sara Əzimova

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR