Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində “Naxçıvan epiqrafik abidələrində görkəmli şəxsiyyətlər” monoqrafiyasının təqdimat mərasimi keçirilib.
Təqdimat mərasimini AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açaraq monoqrafiyanın hazırlanması sahəsində görülən işlərdən danışıb. Bildirib ki, tarixin mötəbər qaynaqlarından olan epiqrafik abidələr – kitabələr özlərində çoxlu görkəmli şəxsiyyətlərin adını qoruyub saxlayıb. Bu baxımdan adıçəkilən monoqrafiya böyük elmi əhəmiyyətə malikdir. Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Hacıfəxrəddin Səfərli tərəfindən Naxçıvan Muxtar Respublikasında indiyədək gəlib çatan müsəlman epiqrafikası abidələrinin təqdim etdiyi məlumatlar əsasında orta əsrlər dövrü Azərbaycan dövlətlərinə rəhbərlik etmiş 10 hökmdar və Naxçıvan bölgəsində yaşayıb fəaliyyət göstərmiş 97 nəfər görkəmli şəxsiyyət (dövlət xadimləri, alimlər, sənətkarlar və sair) haqqında bu dəyərli mənbənin hazırlanması gərgin və məhsuldar əməyin nəticəsində mümkün olub.
Monoqrafiyada haqqında danışılan şəxsiyyətlər qruplaşdırılıb. Kitabda bir çox şəkil və xəritə də yer alıb.
Tədbirdə bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, dosent Asəf Orucovun “Görkəmli şəxsiyyətlərin öyrənilməsində epiqrafik abidələrin rolu” mövzusunda məruzəsi, həmin institutun şöbə müdiri, dosent Emin Şıxəliyevin, institutun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Zeynəb Quliyevanın, şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru İlhami Əliyevin çıxışları dinlənilib.
Sonda müəllif monoqrafiya haqqında məlumat verib, iştirakçıların suallarını cavablandırıb, təqdimat mərasiminin təşkilatçılarına minnətdarlığını bildirib.
Nərgiz İsmayılova