İyulun 5-də Şərur Olimpiya-İdman Kompleksinin foyesində Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Şərur Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə istedadlı qadınların əl işlərindən ibarət sərgi-satışın açılışı olub.
Sərginin açılış mərasimində Şərur Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Məmmədov çıxış edərək bildirib ki, muxtar respublikamızın hər yerində olduğu kimi, Şərur rayonunda da qadınlar yüksək dövlət qayğısı ilə əhatə ediliblər. Təsadüfi deyil ki, rayonda yaşayan qadınlardan 1-i Naxçıvan Muxtar Respublikası Ali Məclisinə deputat, 89-u yerli özünüidarəetmə orqanlarına üzv, onlardan da 8-i bələdiyyə sədri seçilib, 1-i rayon İcra Hakimiyyəti başçısının müavini, 19-u rayonda fəaliyyət göstərən təhsil müəssisəsinin rəhbəri vəzifəsinə təyin edilib, qadınların dövlət qulluğunda, hüquq-mühafizə orqanlarında təmsilçiliyi genişlənib. Vurğulanıb ki, rayonda istedadlı qadınların üzə çıxarılması üçün müxtəlif addımlar atılır. Muxtar respublikada keçirilən müxtəlifistiqamətli tədbirlərdə rayonun qadınları fəal iştirak edir, milli dəyərlərimizin yaşadılmasına öz töhfələrini verirlər.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək deyib ki, müxtəlif fəaliyyət sahələri ilə məşğul olan qadınlar kimi, xüsusi istedadları ilə seçilən, rəssamlıq, toxuculuq, el sənəti nümunələrini yaratmağı özünə fəaliyyət sahəsi seçən və asudə vaxtını bu işlərə sərf edən qadınlara da xüsusi diqqət göstərilir. Bu mənada, xalq sənətinin müxtəlif sahələri ilə məşğul olan sənətkarların əl işlərindən ibarət sərgilərin təşkil olunması məqsədilə müvafiq qurumların qarşılıqlı fəaliyyəti həyata keçirilir, qadınların, o cümlədən istedadlı qadınların məşğulluğu təmin edilir, rifah hallarının yüksəldilməsi üçün əl işlərinin satışı təşkil olunur.
Diqqətə çatdırılıb ki, cari ildə muxtar respublikanın bütün rayon mərkəzlərində bu səpkidə sərgilərin keçirilməsi nəzərdə tutulub. Bu gün Şərur rayonunda yaşayan istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satışın təşkil edilməsində məqsəd rayon üzrə qadınlarımızın istedad və bacarıqlarını üzə çıxarmaq, milli dəyərlərimizi, adət-ənənələrimizi gənclərə aşılamaq, yüz illərdir, ailələrimizdə qorunub saxlanılan mənəvi irsimizi, zəngin dəyərə malik olan həyat tərzimizi yaşatmaqdır. Dövlətimizin yaratdığı şəraitdən, xüsusən də Şərur rayonunda fəaliyyət göstərən Texniki Yaradıcılıq, eləcə də Uşaq Yaradıcılıq mərkəzlərinin imkanlarından, həmçinin ümumtəhsil məktəblərində texnologiya, təsviri incəsənət və rəsmxət fənlərinin profilə uyğun tədris olunmasından yararlanaraq rəsm və əl işlərinin hazırlanmasını yeniyetmə və gənclərə aşılamaqla rayon ictimaiyyəti arasında yaradıcılıq nümunələrinə marağı kütləviləşdirmək olar. Nəticə olaraq əsrlərdir, ailələrimizdə əl işlərinin hazırlanmasına günümüzdə yaradıcılıq mərkəzlərinin dərnəkləri və ümumtəhsil məktəblərində müvafiq tədrislə stimul vermiş olarıq. Beləliklə, təşkil olunan sərgiləri gənc yaradıcı şəxslərin əl işləri ilə zənginləşdirərik.
İstedadlı qadınlardan Gülnar Səfərova çıxış edərək deyib ki, muxtar respublikada yaradılan şəraitdən, bu sahəyə göstərilən dövlət qayğısından mən də yararlanmağa çalışıram. Hazırda Şərur rayonunun Xanlıqlar kənd tam orta məktəbində təsviri incəsənət müəllimi işləyirəm. Asudə vaxtlarımda əl işləri hazırlayır, onları müxtəlif sərgilərə çıxarıram. Burada da təşkil olunan sərgi-satışda hazırladığım dekorativ iş – kətan üzərində muncuqla iş, müxtəlif güllər, bəzək əşyaları sərgilənir.
Sərgi-satışda rayon üzrə 83 istedadlı qadının 460 rəsm və əl işinin satışı təşkil olunub. Sulu və yağlı boya ilə işlənən tablolarla yanaşı, milli geyimlər, toxuculuq və bir-birindən maraqlı dekorativ-tətbiqi sənət nümunələri maraqla qarşılanıb. İstedadlı qadınlardan İlhamə Abbasova, Xəyalə Əliyarova, Pərvin Allahverdiyeva, Müşviqə Mehdiyeva və başqaları qadınlara göstərilən qayğıya görə minnətdarlıqlarını bildirdilər.
Qeyd edək ki, sərgi-satış 2 gün davam edəcəkdir.
Sara Əzimova