Orta əsrlərdə Azərbaycanda, bir qayda olaraq, bütün savadlı adamlar hansı sənətin sahibi olmasına baxmayaraq, hesab edirdilər ki, yüksək savad dərəcəsinin bir göstəricisi də şeir yazmaq və xəttatlıq sənətinə yiyələnməkdir. Buna görə də o dövrdə şair və xəttat kimi şöhrət qazanmaq olduqca çətin idi. Bu çətinlik özünü xəttatlıqda daha çox göstərirdi. Bir çox ölkələrdə xeyli kitabxana və emalatxanalar vardı ki, burada da yüksək səviyyəli peşəkar xəttatlar kitabların üzünü köçürür, qəbir daşları, ziyarətgahlar və mülki binalar üçün yazı qəlibləri hazırlayırdılar. Keçmiş haqqında dəyərli məlumatların bir çoxu bu gün məhz bu peşə sahiblərinin əməyi nəticəsində əldə olunub.
Xəttatlıq nədir? Gəlin elə buradan başlayaq. Xəttatlıq və ya kalliqrafiya (yunanca gözəl xətt) təsviri incəsənətin sahələrindən biridir. Onu nəfis məktub incəsənəti də adlandırırlar. Xəttatlığın elmi anlayışı işarələrin ekspressiv, harmonik və incə zövqlə tərtibatı incəsənətidir.
Qeyd edək ki, bu peşə İslam aləmi tərəfindən mənimsənilib istifadə edilən, ərəb hərflərinin müxtəlif formalarda yazılması ilə meydana gələn yazı sənətidir. Bu, incəsənətin bir növü sayılmasa da, ayrıca sənət qolu kimi daim inkişafda olub. İslam dünyasının mədəni dəyərlərini özündə əks etdirən xəttatlıq hazırda İslamın simvolu kimi də qəbul edilir. Təbii ki, xəttatlığı sırf İslam Şərqinin məhsulu hesab etmək, hardasa, düz olmaz. Qərbi Avropada kalliqrafiya kimi tanınan bu sənət növü yüzilliklər boyu Çindən tutmuş İngiltərəyə qədər bütün məmləkətlərdə yaşayan katiblərin, mirzələrin arasında yayılmışdı. Hər bir yazı sahibi öz xəttinin başqalarından gözəl olmasına çalışırdı. Lakin müsəlman dünyasında bu kiçik sənət, sadəcə, katib çərçivəsini sındırıb çıxaraq dünyanın üçdəbirini əhatə edən möhtəşəm bir sivilizasiyanın aparıcı incəsənət vasitəsinə çevrilmişdi.
Naxçıvanda xəttatlığın ilk nümunələrinə orta əsr Azərbaycan memarlığının inkişafında dərin və silinməz iz buraxmış Əcəmi Naxçıvaninin yaratdığı memarlıq nümunələrində rast gəlirik. Naxçıvanda və ona yaxın ərazidə tikilən bir neçə abidədə Əcəmiyə xas olan xəttatlıq üsullarının bu və ya başqa şəkildə təzahürü Əcəmi məktəbində istifadə edilən xətt növlərinin hər zaman geniş şəkildə tətbiq olunduğunun əyani sübutudur. Əcəmi Naxçıvani Yusif Küseyiroğlu və Möminə xatın türbələrində kufi xətti ilə sözlər yazmışdır.
Əcəminin irsində şah əsərlərdən biri Yusif Küseyiroğlu türbəsidir. Bu abidə xalq arasında “Atababa günbəzi” adı ilə də tanınır. Türbə ötən əsrin sonlarında yenidən bərpa edilib.
Yusif Küseyiroğlu türbəsinin giriş hissəsində kufi xətti ilə yazılmışdır: “Bu, şərəfli dinimizin məşhur rəisi, İslamın gözəlliyi, şeyxlər başçısı Hacı Yusif Küseyiroğlu türbəsidir. Şəvval ayı yeddinci, əllinci və beş yüzüncü il (557/1162-ci il)”. Məqbərənin üzərində kufi xətti ilə “Qurani-Kərim”dən dekorativ ayələr yer almışdır. Girişin sol tərəfində memarın adı həkk olunmuşdur: “Əcəmi ibn Əbubəkr Naxçıvani”.
Qeyd edək ki, kufi xəttinin özünün 4 əsas növü var: kufi nəsx, kufi süls, kufi həndəsi və kufi şikəstə. “Qurani-Kərim”in ilk nüsxələri də məhz kufi xətti ilə yazılıb. Əcəmi Əbubəkr oğlu Naxçıvaninin xəttatlıq məktəbinin özündən sonra qoyub getdiyi abidələrdə də bu xətt növlərinin daha çox müşahidə olunması heç də təsadüfi deyil. Bunun bariz nümunəsini Naxçıvan şəhərində əzəmətlə ucalan Möminə xatın türbəsinin giriş qapısında dəqiqliklə görmək mümkündür.
Şərq memarlığı incilərindən biri olan Möminə xatın türbəsi 1186-cı ildə Naxçıvan şəhərinin qərb hissəsində tikilmişdir. Azərbaycan Atabəylər dövlətinin banisi Şəmsəddin Eldəniz həyat yoldaşı Möminə xatının qəbri üzərində məqbərə yaradılmasına qərar vermiş, onun tikintisini oğlu Məhəmməd Cahan Pəhləvan hicri 582-ci ilin Məhərrəm ayında (aprel, 1186) başa çatdırmışdır. Elin yaddaşında “Atabəy günbəzi” adı ilə qalmışdır. Ümumən İslam memarlığında ən uca və incə kompozisiyalı türbələrdən biri olan Möminə xatın türbəsinin baştağında kufi xətti ilə sözlər həkk olunmuşdur. Tarix öz qoynunda Əcəminin həyatı haqqında heç nə saxlamayıb. Görünür, dahi memar bunu qabaqcadan gördüyündən öz şah əsəri Möminə xatın türbəsi üzərində belə yazmışdır: “Biz gedirik, ancaq qalır ruzigar. Biz ölürük, əsər qalır yadigar”. Bəli, o ölməz sənət abidəsi bu gün də yaşayır.
XVI əsrdə isə xəttatlıq daha yüksək inkişaf mərhələsinə çatır. Bu dövrdə hətta hökmdarlar da xəttatlıqla məşğul olmağa başlayırlar. (Şah I İsmayıl, Şah I Təhmasib). Azərbaycan xəttatlarının bir çoxu tərtib etdiyi əlyazma mətnlərini miniatürlərlə də bəzəyirdilər. Təbrizdə, Ərdəbildə, Marağada və Şamaxıda kalliqrafların toplandığı kitabxanalar var idi. Təbrizdəki kalliqrafiya məktəbi isə ümumşərq əhəmiyyətinə malik idi. Kalliqrafiya memarlığa, metalişləmə sənətinə, toxuculuğa və xalçaçılığın inkişafına güclü təsir göstərirdi. Təsadüfi deyildir ki, ən mahir kalliqraflar Təbriz məktəbinin yetirmələri idilər. Abdulla Qazı Xoylu, Ətiq Ordubadi, Sadıqbəy Əfşar, Şəmsəddin Məhəmməd Təbrizi, Seyid Məhəmməd, Şah Mahmud Nişapuri XVI əsrin ən məşhur xəttatları olmuşlar.
Görkəmli xəttat Ətiq Ordubadi də xəttatlıq məktəbinin özünəməxsus simalarından sayılır. Şah İsmayılın dəftərxanasında münşilik təcrübəsi alan, “tuğrayi-şahi” adlanan xətt növünü ixtira edən Ətiq Ordubadi dövrünün tanınmış sənətkarlarından olmuşdur. Araşdırmamız zamanı aydın oldu ki, tuğra padşahın adı və ləqəbi yazılan möhür mənasına gəlir. Tuğra xəttatlıq sənətinin bir qolu olmuş və yüz illərcə usta xəttatlar tərəfindən istifadə edilmişdir. Türk dilində söz olaraq padşahın adını ehtiva edən xüsusi bir işarə padşahın imzası kimi mənalar da ifadə edir. Oğuz ləhcəsində isə bu söz tuğrağ şəklindədir, “hökmdarın möhürü” mənasını ifadə edir. Qeyd edək ki, M.Tərbiyət özünün “Danişməndani-Azərbaycan” əsərində də bu haqda məlumat vermişdir: “Ətiq Ordubadi sonralar dəftərxanadakı vəzifəsini tərk etmiş, Məşhəd məqbərəsi ziyarətgahının işlər müdiri olmuş, uzun müddət orada yaşayaraq Şahrux mədrəsəsi yanında özünə məqbərə tikdirmişdir”.
Mənbələrdən əldə etdiyimiz məlumatlarda onun təmkinli, alicənab və yüksək savada malik insan olduğunu görürük. Şah İsmayıl dəftərxanasında xüsusi hörmətə malik olan Ətiq Ordubadi haqqında bir çox təzkirədə də məlumat verilmişdir.
Nərgiz İsmayılova