Naxçıvan Dövlət Film Fondunda “Azərbaycan Kinosu Günü” çərçivəsində “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu?” sənədli filmi nümayiş etdirilib.
Filmin nümayişindən əvvəl Naxçıvan Dövlət Film Fondunun direktoru Mirakif Seyidov çıxış edərək bildirib ki, İkinci Dünya müharibəsində Azərbaycan neftinin qələbənin təmin edilməsində rolu haqqında çoxsaylı bədii əsərlər yazılsa, filmlər çəkilsə də, bu gün nümayiş etdirilən film bir neçə maraqlı fakt ortaya qoyur.
Filmdə “mühərriklər müharibəsi” adlandırılan İkinci Dünya müharibəsinin tarixinə tamamilə yeni mövqedən – neft uğrunda döyüş mövqeyindən baxılır. Müharibə zamanı Sovet İttifaqının neftə olan tələbatının 70 faizindən çoxu, benzinin 80 faizi, motor yağlarının isə 90 faizi Azərbaycanın payına düşmüşdür. Qələbənin təmin edilməsində həlledici rol oynamış tank və təyyarələrin tam əksəriyyəti Bakı neftçilərinin göndərdiyi yanacaqla hərəkətə gətirilirdi. Bakı və onun “qara qızılı” Hitlerin ələ keçirmək istədiyi ən qiymətli sərvət idi. Filmin cəlbedici cəhətlərindən biri bu günədək nümayiş etdirilməyən kinokadrların bərpa olunaraq rəngli formatda təqdim edilməsidir. Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilən film keçən il dünyanın tanınmış “National Geographic” kanalında da göstərilib. Filmin layihə rəhbəri Arzu Əliyeva, prodüseri Lui Vodevil, rejissoru Robert Maqnerotdur. Bakı Media Mərkəzi və fransız kino şirkəti “CC&C”-nin birgə çəkdiyi bu film 10 dilə tərcümə olunub, dünyanın bir çox ölkələrində nümayiş etdirilib.
Sonra filmin nümayişi olub. Film tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Əli RZAYEV