Azərbaycanın qədim tarixə malik bölgələrindən biri olan Ordubad gözəl təbiəti və özünəməxsus dəyərləri ilə seçilir. Uzaq və Yaxın Şərq ölkələrini Avropa ilə birləşdirən Böyük İpək Yolunun Ordubaddan keçməsi onun hərtərəfli inkişafına böyük təsir göstərmişdir. Ordubad memarlıq abidələri, qonaqpərvər insanları, istedadlı ziyalıları və igid oğulları ilə tarixən bura gələn səyyah və qonaqları valeh etmişdir. İlk insan məskənlərindən biri kimi də tanınan bu yurdun məstedici guşələrini sözlərlə təsəvvür etmək mümkün deyil. Təbiəti gənclərə qüvvət, yaşlılara hikmət verən, insanda ilham yaradan nadir yurd yerlərindən biridir Ordubad. Bizim isə bu ecazkar yurda səfərimizin məqsədi buradakı digər tarixi abidələr kimi, bu gün də öz əhəmiyyətini saxlayan məscidlər barədə yazı hazırlamaq idi.
Qeyd edək ki, Ordubaddakı tarixi abidələr içərisində məscidlər mühüm yer tutur. Ordubad Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Azər Əliyevin sözlərinə görə, Ordubad şəhərində hazırda 24 məscid fəaliyyət göstərir. Tarixə şahidlik etmiş bu qədim memarlıq abidələrinin ən böyükləri Came, Ambaras, Sərşəhər və Mingis məscidləridir. Qalanları şəhər küçələrinin mənəvi naxışları olan məhəllə məscidləridir. Yolumuz Came məscidinə tərəfdir. Yolda nurani bir ağsaqqal kişi salam verib, gülərüzlə nə axtardığımızı soruşur. Tanış olduğumuz Mirəşrəf adlı bu şəhər sakini Ordubadın tanınan, sözükeçən ağsaqqalıdır. Bizə kömək etmək istədiyini, təcrübəsinin faydalı olacağını bildirir. Mən də, – xeyir-bərəkət yaşlıların yanındadır, – deyib Mirəşrəf dayının bizə qoşulmağına çox sevinirəm. Bir az getdikdən sonra orta əsrlərə aid memarlıq abidəsi olan və şəhərin hündür yerində yerləşən Came məscidinin qarşısına çatırıq. Came məscidində hər namaz vaxtı azan verilir, insanlar Uca Allaha ibadətə və birliyə dəvət olunur. Ancaq burada minarədən yox, İslamın ilk dövrlərində olduğu kimi məscid damının üstündən azan verilir. Minarənin olmamasının səbəbi kimi şəhərin relyefi göstərilir. Şəhərin relyefi buradakı məscidlərdə minarələrin tikilməsinə ehtiyac yaratmayıb, çünki bir məsciddə verilən azan hər yerdən eşidilirmiş və indinin özündə də bu, belədir. Eyni zamanda bu məscidlərin əksəriyyəti Sovetlər Birliyi dövründə ya bağlı olmuş, ya da anbar kimi istifadə edilmişdir. Baxımsız qaldığından dağılaraq yararsız vəziyyətə düşmüş məscid binalarının bir qismi müxtəlif dövrlərdə bərpa edilmişdir. Ancaq müstəqilliyimizin bərpasından sonra Ordubad da dini dəyərlərimizi sərbəst şəkildə yaşatmağa davam etmiş, nəticədə, tarixi tikililər olan məscid binalarının böyük əksəriyyəti yenidən bərpa olunmuşdur. Bu işlərdən Came məscidinə də pay düşmüşdür. Qeyd edək ki, Came məscidində qadınlar və kişilər üçün ayrı giriş qapısı vardır. Bu tarixi abidəni görənlər üçün maraqlı edən amillərdən biri də məscidin həyətində yaşı minillərlə ölçülən çinar ağacları və şəfalı suyu olan qədim kəhrizin olmasıdır. Öyrəndik ki, 1901-1902-ci illərdə məsciddə təmir işləri aparılarkən tapılmış bir kitabə üzərindəki yazıdan onun əsasının hicri 111-ci (miladi 729-cu il) ildə qoyulduğu aydın olur. Bu tarix İslam dininin yayıldığı ilk vaxtlara uyğun gəlir. Bu da onu sübut edir ki, hələ o dövrlərdə Ordubad inkişaf etmiş yaşayış məskənlərindən biri olmuşdur. Məscidin şimal qapısı üzərində olan daş lövhədəki yazılı kitabə diqqətimizi çəkir. Bu lövhədə I Şah Abbasın nəsx xəttilə farsca beşsətirlik fərmanı həkk olunmuşdur. 1604-cü ilə aid olan fərmana əsasən, Ordubad əhalisi göstərdiyi mərdlik, şücaət və müdrikliyinə görə bütün vergilərdən azad olunur. Bu yazılı kitabə həm də yuxarıda qeyd etdiyimiz kimi onu göstərir ki, ordubadlılar elmin, mədəniyyətin inkişafında mühüm rol oynamışlar. Came məscidinin cənubundakı meydanda vaxtilə karvansaraylar, dükanlar olmuşdur.
Buradan ayrılıb yolumuzu şəhərin digər qədim abidəsi olan Ambaras məscidinə tərəf salırıq. Mirəşrəf kişinin dediyinə görə, Ordubad şəhərindəki hər məhəllədə bir məscid ibadət zamanı buradakı insanların digər ünvanlara zəhmət çəkib getməmələri üçün tikilmişdir. Elə İslam dini də birlik, bərabərlik, insanlara sevgi və mehribanlıq aşılayır. Həzrəti Peyğəmbərdən belə bir rəvayət var ki, özün üçün istədiyini qonşun üçün də istə, özünə rəva bilmədiyini başqasına da rəva görmə. Hansı qapının önündən keçiriksə, “buyurun, qonağımız olun”, – deyə dəvətlər eşidirik. Muxtar respublikanın hər tərəfində olduğu kimi, burada da həyət qapısını açıq saxlamaq normal haldır. Ev sahibi bilir ki, izinsiz heç kəs içəri daxil olmaz. Elə ordubadlıların qonaqpərvərliyi haqqında söhbət edə-edə el arasında yerləşdiyi küçənin adı ilə tanınan, XVII-XVIII əsrlərə aid tarixi abidə olan Ambaras məscidinin qarşısına gəlib çıxırıq. Məscidin tavanında taxta üzərində yazılmış kitabədə binanın hicri 1284-cü (miladi 1867-68) ildə Cəfərqulu Ağababa oğlu tərəfindən təmir olunduğu və adının da “Ağa Mirzə Cəfər məscidi” kimi həkk edildiyi görünür. Ehtimal ki, məscidin binası XVII əsrdə Ağa Mirzə Cəfər tərəfindən inşa olunmuşdur. Burada da minarə yoxdur. Yenə də qoca çinar ağacları və qədim çeşmə məscidə yoldaşlıq edir. Mövzumuza aid olmasa da, bir məqamı oxucuların nəzərinə çatdırmaq istəyirəm. Məscidin həyətində yas mərasimi olduğunu görüb biz də içəri daxil olduq. Bir qayda olaraq masaların üzərində qənd və limonlu çaydan başqa, heç nə gözə dəymir. Bunu ona görə xatırladım ki, muxtar respublikamızdakı məscidlərdən hüzr yığıncaqları kimi də istifadə edilir, eyni zamanda İslam qaydalarına uyğun olaraq ehsan verilməsində israfçılığa yol verilmir.
Növbəti ünvanımız Sərşəhər məhəlləsində yerləşən eyniadlı məsciddir. İkimərtəbəli məscidin birinci mərtəbəsi kişilər, ikinci mərtəbəsi isə qadınlar üçün nəzərdə tutulmuşdur. XVIII əsrin əvvəllərinə aid məscidin ikinci mərtəbəsindəki kitabxanada dini kitablar və əlyazmalar saxlanılır. Bu məscid də digərlərindəki kimi minarəsizdir və meydanında yaşı yüzillərlə ölçülən çinar ağacı və çeşmə var. Çinar ağacının içərisi böyük ölçüdə oyuqdur. Mirəşrəf dayının dediyinə görə, vaxtilə bu çinarın içərisində 4 nəfərin rahatlıqla oturub çay içməsi üçün şərait olmuşdur. Deyilənlərə görə, ağacın 500 ildən çox yaşı vardır. Belə çinarları Ordubadın bir çox yerində görmək mümkündür. XIX əsrin əvvəllərində Ordubadda olmuş Derptsk Universitetinin professoru A.Petçold şəhərdə olan çinarlar haqqında əbəs yerə deməyib ki, belə çinarları mən ancaq Ayasofiya məbədinin həyətində görmüşəm, amma bu çinarlar onlardan daha gözəldir.
Nəhayət, böyük məscidlərin sonuncusu olan Mingis məscidinin yanına gəlib çatırıq. Ordubad şəhərinin Mingis məhəlləsində yerləşən bu tarixi-memarlıq abidəsi (vaxtilə giriş qapısının baş tərəfində qoyulmuş mərmər lövhə üzərindəki kitabədən aydın olur) hicri-qəməri təqvimi ilə 1088-ci ildə (miladi 1677) Əbdülhüseyn Ordubadinin oğlu Məhəmməd Hadi tərəfindən bərpa etdirilmişdir. XVII əsrin II yarısında bərpa edilən məscidin inşası daha əvvəlki dövrlərə aiddir. Birinci mərtəbəsi təsərrüfat məqsədləri üçün nəzərdə tutulan məscidin içərisi geniş formada olub, iki mərtəbədən ibarətdir. Zaman keçdikcə dağıntıya məruz qalmış məscid 2001-ci ildə bərpa edilmişdir. Digər məscidlərdə olduğu kimi, buradakı məscidin həyətində də çinar ağacı və kəhriz mövcuddur.
Məscidin gözəlliyi sadəliyində, bəzəyi isə içərisində olan insanlardadır. Ümumiyyətlə, Ordubad məscidləri həm sadəliyi, həm də tikilişinə görə İslam dininin ilk dövrlərindəki məscidlərlə bənzərlik təşkil edir. Məscidlər bir zamanlar həm də mədrəsə rolunu oynamışdır. Bu da onu göstərir ki, hələ qədim zamanlardan Ordubadda elm, təhsil və mədəniyyət yüksək səviyyədə inkişaf etmişdir. Şəhərdən ayrılarkən minarəsiz məscidlərdən azan səsi gəlir, təbiətin sevinc göz yaşları olan yağış ulu yurdun üzərində nəğməsinə başlayırdı.
Sonda onu demək istəyirəm ki, hər bir vətəndaş tarixi dəyərlərini öyrənməli və qorumalıdır. Hər birimizin müqəddəs borcu vətənin müdafiəsi olmalıdır. Vətənin müdafiəsi isə o zaman güclü olur ki, onun tarixinə, dəyərlərinə sevgi sonsuz olsun.
Hüseyn Əhmədov