23 Dekabr 2024, Bazar ertəsi

İyulun 8-də “Naxçıvan qalaları: tarixdə və günümüzdə” beynəlxalq konfransın iştirakçıları Naxçıvan Muxtar Respublikasının mədəniyyət müəssisələri, “Gülüstan” türbəsi və Əlincəqala ilə tanış olublar.

Əvvəlcə qonaqlar ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzi meydanında əzəmətlə ucalan abidəsini və Heydər Əliyev Muzeyini ziyarət ediblər.
Sonra beynəlxalq konfransın iştirakçıları “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində olublar. Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikasının ərazisi dünyanın ən qədim insan məskənlərindən biridir. Tarixin bütün dövrlərində bu qədim diyarda zəngin mədəniyyət və memarlıq nümunələri yaradılıb. Bu abidələr arasında Naxçıvanqalanın mühüm əhəmiyyəti vardır. Qala yalnız müdafiə məqsədi daşımayıb, eyni zamanda burada formalaşmış ilkin şəhər mədəniyyətinin ayrılmaz elementinə çevrilib.
2010-cu ildə Naxçıvanqalanın bərpasına başlanılıb, qalanın əvvəlki görkəmi özünə qaytarılıb. Naxçıvanın qədim tarixi-mədəni irsinin mühafizəsini təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 5 iyun tarixli Sərəncamı ilə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi yaradılıb. Muzeydə eramızdan əvvəl V-III minilliyə aid müxtəlif məişət əşyaları, Son Tunc və Erkən Dəmir dövrlərinə aid keramika məmulatları, mis alətlər, qəbirüstü abidələr, silahlar, zirehli geyimlər nümayiş etdirilir.
Beynəlxalq konfransın iştirakçıları “Əlincəqala” muzeyi və tarixi abidəsi ilə də tanış olublar.
Məlumat verilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 14 fevral 2014-cü ildə “Culfa rayonundakı Əlincəqala tarixi abidəsinin bərpa olunması haqqında” Sərəncam imzalayıb. Sərəncamın icrasına uyğun olaraq, Əlincəqala tarixilik və orijinallıq saxlanılmaqla yüksək səviyyədə bərpa olunub.
Bildirilib ki, muzey binası 2 iş otağı və ekspozisiya zalından ibarətdir. Ekspozisiya zalında ümummilli lider Heydər Əliyevin “Əlincə­qala və bir çox belə abidələr Naxçıvanın qədim Azərbaycan torpağı olduğunu, azərbaycanlıların burada əsrlərlə, min illərlə yaşayıb yaratdığını göstərir” fikri, Əlincə­qalada məskunlaşan insanların həyat tərzini əks etdirən maddi-mədəniyyət nümunələri, xüsusilə qədim məişət əşyaları, qalada aparılan arxeoloji qazıntılar zamanı tapılan maddi nümunələr, Naxçıvanın və Əlincəqalanın tarixi ilə bağlı yazılmış kitablar, qəzet məqalələri, qalanın bərpadan əvvəl, bərpa zamanı və bərpadan sonrakı fotoşəkilləri nümayiş etdirilir. Buradakı saxsı qab və çıraqlar, Əlincə­qala ərazisindən aşkar olunmuş boyalı keramika parçaları Azərbaycanda sənətkarlıq ənənələrinin qədim dövrlərdən formalaşdığını göstərən nadir eksponatlar kimi böyük əhəmiyyətə malikdir. Bütün bunlar həm də xalqımızın orta əsrlər dövrünə aid məişət mədəniyyəti haqqında dolğun təəssürat yaradır.
Qeyd olunub ki, bərpa işləri zamanı qalanın tarixiliyi qorunub saxlanılıb. Qala divarları, bürc və giriş qapıları, qədim yaşayış evləri, təsərrüfat binaları, su hovuzları və təndirlər, səngər və mühafizə yerləri ilkin forması saxlanılaraq bərpa olunub. Qalanın zirvəsinə doğru yol çəkilib, qala ərazisində işıqlandırma sistemləri yaradılıb, oturacaqlar qoyulub, yaşıl­lıqlar salınıb. Naxçıvan memarlıq məktəbinin izlərini özündə əks etdirən qalanın şərq və qərb darvazaları da bərpa edilərək əvvəlki görkəminə qaytarılıb. Qalanın zirvəsinə gedən yolda daş üzərində həkk olunan “Tarixi yaşadanları tarix də yaşadacaqdır” fikri Əlincəqalanın bərpasının xalqımızın çoxəsrlik tarixi-mədəni irsinin gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıdığını bir daha təsdiq edir.
Bu gün Əlincəqalanın zirvəsində Azərbaycan Respublikasının müstəqilliyinin, suverenliyinin, dövlətçiliyinin rəmzi olan üçrəngli bayrağımız dalğalanır.
Sonra qonaqlar bərpa edilən Gülüstan türbəsinə baxıblar.
Məlumat verilib ki, Gülüstan türbəsi dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrindən biridir. Memarlıq-konstruktiv quruluşuna görə türbətipli digər memarlıq abidələrindən fərqlənən Gülüstan türbəsi orta əsr Azərbaycan memarlıq abidələri içərisində özünəməxsus yer tutur. Gülüstan türbəsinin sərdabəsi kürsülük adlanan yerüstü hissədə yerləşir. Kürsülük xaricdən kəsik piramida, daxildən isə silindrik quruluşa malikdir. Planda kvadrat olan kəsik piramida yuxarıda düzgün onikibucaqlıya çevrilir. Onun üzərində isə onikiüzlü üst kamera yerləşir. Türbənin səthləri oyma həndəsi ornamentlərlə və dekorativ tağlarla bəzədilib. Naxçıvan memarlıq məktəbinə məxsus digər türbələrdə olduğu kimi, Gülüstan türbəsində də taxçaların içərisi incə həndəsi ornamentlərlə örtülüb.
Gülüstan türbəsi ətrafındakı abidələrdən əldə olunmuş arxeoloji materiallar, xüsusən də keramika nümunələri, tikili qalıqları istər yaşayış yerinin tarixinin müəyyənləşdirilməsi, istərsə də türbə ilə bağlı elmi araşdırmaların daha dərindən aparılması baxımından mühüm əhəmiyyət kəsb edir. Türbə öz zərifliyi, incə memarlıq üslubu və xüsusiyyətləri ilə bu gün olduğu kimi, gələcəkdə də dəyərini qoruyub saxlayacaqdır. Abidənin yerləşdiyi ərazinin tarixi və mədəni əhəmiyyəti nəzərə alınaraq burada “Gülüstan” Tarix-Mədəniyyət Qoruğu yaradılıb.
Abidənin ətrafında abadlıq işləri aparılıb, işçilər üçün inzibati bina tikilib, yaşıllıqlar salınıb.

 Rauf Əliyev

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR