Dünən Naxçıvan Dövlət Xalça Muzeyində Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə “Muzey işçilərinin peşə hazırlığının artırılması sahəsində görüləcək işlər” mövzusunda dəyirmi masa olub.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Həsən Kərimov çıxış edərək bildirib ki, Mədəniyyət və Turizm Nazirliyinin 2016-cı il üçün iş planına əsasən, il ərzində muzey işçilərinin peşə hazırlığının yüksəldilməsinə həsr olunmuş müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulub. Bu tədbirlərdən biri də il ərzində davam edəcək dəyirmi masalardır. Ötən dövr ərzində bir neçə dəyirmi masa keçirilib.
Dəyirmi masaların keçirilməsində məqsəd muzey işçilərinin peşə biliklərinin artırılması, muzey işinin daha da təkmilləşdirilməsi və iş prosesində qarşıya çıxan çətinliklərin aradan qaldırılması yollarını müzakirə etməkdən ibarətdir.
Muxtar respublikamızda muzey fəaliyyətinin yüksək səviyyədə təşkil edilməsinə göstərilən qayğının nəticəsidir ki, muzeylərin iş şəraiti yaxşılaşdırılır, yeni yaradılan muzeylər müasir memarlıq üslubunda tikilən, lazımi inventar və avadanlıqlarla təchiz edilən binalarda yerləşdirilir. Həmin muzeylərə işə götürülən bələdçilər dil kurslarına göndərilir.
Bildirilib ki, nazirliyin iş planına uyğun olaraq il ərzində davam etdirilən seminar-treninqlər də muzey bələdçilərinin peşə biliklərinin artırılması, o cümlədən işçilər arasında təcrübə mübadiləsinin aparılması baxımından əhəmiyyətlidir.
Buna baxmayaraq, bir sıra muzeylərdə muzey işinin təşkilini, fond işinin aparılmasını, o cümlədən muzey bələdçilərinin apardığı ekskursiyaları hələ də tam qənaətbəxş hesab etmək olmaz. Bu baxımdan bugünkü dəyirmi masanın mövzusu aktuallığı ilə seçilir.
Dəyirmi masada Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Nizami Rəhimov, Heydər Əliyev Muzeyinin direktoru Ramil Orucəliyev, Naxçıvan Muxtar Respublikası Ədəbiyyat Muzeyinin direktoru Aləmzər İbrahimova, Naxçıvan Dövlət Xalça Muzeyinin direktoru Zəminə Gülməmmədova, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinin direktoru, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Nəzakət Əsədova çıxış ediblər. Çıxışlarda işçilərin yaradıcı təşəbbüskarlığı, muzey bələdçilərinin vəzifə funksiyaları, mühazirə mətnlərinin yeni məlumatlarla zənginləşdirilməsi, muzey işçilərinin peşə biliklərinin artırılması, baş fond mühafizinin əmək funksiyalarına aid tələblər, uçot-mühafizə işinin təşkili, qəbul olunan əşyaların aktlarının tərtibi və başqa məsələlərə toxunulub, muzey işi sahəsində olan yeniliklərdən söhbət açılıb.
Tədbirin sonunda muzeyin ekspozisiyasına baxış olub.
Əli RZAYEV