Naxçıvan Dövlət Filarmoniyasında muğam məclisi olub. Məclis başlamazdan əvvəl aparıcı bildirib ki, muğam sənəti Azərbaycan xalqının bədii yaradıcılığının və musiqi mədəniyyətinin zəngin sərvəti olmaqla nadir sənət nümunəsidir.
Qeyd olunub ki, son dövrlərdə Azərbaycan muğam sənəti xalqımızın milli sərvəti kimi bütün dünyada geniş təbliğ olunur və şöhrət qazanır. Təsadüfi deyil ki, 2008-ci ildə Azərbaycan muğamları YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib.
Vurğulanıb ki, muxtar respublikamızda da muğam sənətinin yaşadılması, təbliği istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il 7 fevral tarixli Sərəncamına əsasən keçirilən xalq yaradıcılığı günlərində zəngin folklor nümunələri ilə yanaşı, muğamlarımız da gənc nəslə aşılanır. Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin yeni layihəsi olan muğam dəsgahlarının silsilə olaraq tamaşaçılara təqdim olunması da bu istiqamətdə görülən işlərin davamıdır.
Tədbirin bədii hissəsində xanəndə və müğənnilərdən Azərbaycan Respublikasının Əməkdar artisti Qurban Qasımov, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Zülfüqar Mahmudov, müğənnilərdən Qəribə Həsənova, Nərmin Hüseynova “Bayatı-Şiraz”ın müxtəlif şöbə və guşələrini səsləndiriblər.
Muğam ifaçılarını tarda Azərbaycan Respublikasının Əməkdar artisti Elman Əliyev, kamançada Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Aqib Seyidov, balabanda Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Qasım Bağırov, nağarada Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Məmmədəli Babayev, qanunda Sevinc Babayeva, udda Sərxan Abdullayev, dəm balabanda Nihat Quliyev müşayiət ediblər.
Əli RZAYEV