23 Dekabr 2024, Bazar ertəsi

Elimizin gözəl toy adət-ənənələri vardır ki, min illər boyu yaşayıb günümüzə gəlib çatıb. Bunlar sırasında bir adət var ki, bütün subay qızların həvəsində olduğu, bütün anaların görmək istədiyi bir mərasimdir: xınayaxdı mərasimi. Düzdür, bir müddət bu, unudulsa da, son illər bu mərasim yenidən keçirilməyə başlanılıb. Toydan bir neçə gün əvvəl qız evində gəlin köçən qıza xına yaxılır.

Bu mərasim Naxçıvanda özünəməxsus şəkildə təşkil olunur. Ordubadın bəzi kəndlərində xınayaxdı “qızbaşı” adlanır. Bununla bağlı qısa araşdırma apardıq. Xına ilə bağlı bir rəvayətdə deyilir ki, nənəsi atadan-anadan yetim qalmış bir qızı sevindirmək üçün əllərinə xına qoyardı. Hər xına qoyduqca qız əl çalıb oynayarmış. Artıq bu, adət şəklini alır. Nəhayət, qız böyüyüb ailə qurarkən əlinə xına qoyanda, yenə nənəsinin qabağında oynayanda nənəsi bu ifadəni işlədir: “Qızım, bu xına o xınadan deyil”. Naxçıvanda bu deyim hər hansı bir fikri dəyişdirmək məqsədilə də işlədilir.

Xınayaxdı mərasiminə keçməmişdən əvvəl xına barədə bir neçə kəlmə yazmaq da yerinə düşər. Gözümüzü açandan bəri nənələrimizin saçını xınalı görmüşük. Böyük sevinclə əlimizə xına çəkib ürəyimizdə arzu-niyyət tutmuşuq. Böyüklərimizdən də xına çəkənin həm muradına yetişəcəyini, həm də xınanın bizi bəd nəzərlərdən qoruyacağını eşitmişik. Bəli, xına bizim üçün olduqca dəyərlidir. Xına çox qədim zamanlardan Azərbaycan türklərində və digər türk xalqlarında şadlıq, sıxıntıdan-yasdan çıxma rəmzidir.
Bir məsələni vurğulayaq ki, XX əsrin 70-ci illərində Naxçıvan xına bitkisinin yetişdirilməsi və istehsalında xüsusilə fərqlənib. Muxtar respublikamızın münasib torpaq-iqlim şəraiti burada yüksəkkeyfiyyətli xına yetişdirilməsinə imkan yaradıb. 1975-ci ildən başlayaraq əldə olunmuş xına toxumları istixana şəraitində becərilib, daha sonra şitilləri açıq tarla şəraitində sınaqdan keçirilib. Əldə olunan yüksək keyfiyyət göstəriciləri nəticəsində xınanın muxtar respublikamızda geniş şəkildə becərilməsinə başlanılıb, Babək və Şərur rayonlarında xınaçılıq təsərrüfatları yaradılıb. Yüksəkkeyfiyyətli xına istehsal olunaraq “Naxçıvan hənası” adlı xüsusi bağlamalarda satışa çıxarılıb. Naxçıvan xınası nəinki ölkəmizdə, onun hüdudlarından kənarda da məşhurlaşıb. Lakin bir müddət mövcud olan gərgin ictimai-siyasi şərait xınaçılığın inkişafında durğunluq yaradıb, bu qiymətli bitkinin istehsalı dayanıb.
AMEA Naxçıvan Bölməsinin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucov Naxçıvanda xına ilə bağlı çoxlu rəvayətlər olduğunu deyir. Bir rəvayətə görə, bir gəlin yağıdan, düşməndən öz namusunu qorumaq məqsədilə kəklik quşuna çevrilmək üçün Allaha dua edib. Tanrı da onun duasını qəbul edib kəkliyə çeviribdir. İndi Naxçıvanda kəkliyə xınalı kəklik deyirlər.
Bəs Naxçıvanda xınayaxdı mərasimləri necə keçirilir?
– Xınayaxdı mərasimi mahiyyət etibarilə qız toyu deməkdir və gəlinin ata evindəki son gününün qeyd olunmasıdır. Bu mərasimdən sonra qız ata evini tərk edib ər evinə köçür. Maraqlıdır ki, təsəvvürə görə xına “peyğəmbər nişanəsi” sayılıb. Ancaq onu qeyd edim ki, bu düşüncə sonraların məhsuludur. Adət kimi isə xınayaxdı İslama qədər də mövcud olub.
Xınayaxdı mərasiminə bir gün qalmış xınaya xınagülü qatılır və yaxşı dəmlənmiş qara çayda isladılır. Gəlin evi milli qaydalara görə bəzədilir. Adətən, bu mərasim üçün qız anası öncədən qırmızı rəngli, sarı saplarla işləməli-naxışlı xüsusi mütəkkələr və nimdərlər (döşəkçələr) hazırlayır. Mərasim xına nimçəsi olan sininin ələ alınıb oynanılması ilə başlayır. Sinidə mütləq alma olur, almaya xüsusi çöplər sancılır, qızlar o çöpləri xınaya salaraq əllərinə yazılar yazırlar. Xına sinisində şirniyyat, konfet də olur. Xına yaxanlar sinidəki şirnilərdən götürüb əvəzində nəmər qoymalıdır. Birinci nəmər isə oğlan evinin böyüyündən – ya oğlan anasından, ya da oğlan bacısından gəlir. Oğlan evi nəmər salandan sonra xına gəlinin ayaqlarına və əllərinə çəkilir və qonaqlara ötürülür. Gəlinin qarşısına su ilə doldurulmuş kasa qoyulur. Xınanı payladıqdan sonra oğlanın qohumlarının gətirdiyi zinət əşyalarının gəlinə təqdim olunması başlanır. Bu hədiyyələrdə bəyin valideynlərinin gəlin üçün gətirdiyi zinət əşyaları ilə yanaşı, qohumlarının da payı olur. Xınayaxdı mərasimində bir sıra mahnılar ifa olunur; gəlinin ətrafına toplanmış qız-gəlinlər “Xınayaxdı”, “Əllərə xına yaxanlar”, “Aman nənə” kimi mahnıları oxuyurlar.
Xınayaxdıda da, qız toyunda da mahnılar çox vaxt “Tək qaval” adlanan prinsiplə oxunar. Qızlar, qadınlar dövrə vurub əyləşər, onlardan biri – solist əlində qaval ortada oturar. Oxunan mahnıların nəqəratını dövrə vuranlar xor şəklində oxuyur, solist isə qaval çala-çala mahnıların bəndini misra-misra ifa edir. Hər misradan sonra xor ona nəqəratla cavab verər. Xınayaxdıların bayatıları da bol olub, amma günümüzə qədər çox az sayda bayatı gəlib çıxıb. Naxçıvana xas olan özünəməxsusluqlardan biri bu mərasimlərdə qızların, gəlinlərin qız evinə daxil olan kimi cərgə ilə düzülüb haxışta demələridir. Buna Naxçıvanda çox vaxt “haxışta getmək” deyirlər. Qızlardan biri haxıştada dördlüyü söyləyir, o biri qızlar isə “haxışta” deyərək ritm tuturlar.

Ay dolanıb batmağa,
Yuxum gəlmir yatmağa.
Qardaşım xına göndərib
Gəlin əlinə yaxmağa.

Bu hazırlanan xınadan hamı çeçələ barmağına qoyur, gəlin də nişanlısının adının baş hərfini sağ əlinə, öz adının baş hərfini isə sol əlinə yazır. Sonra evdə “xınayaxdı” məсlisində iştirak edənlərin hamısına xına paylanılır. Onlar da, öz növbəsində, bir balaca xınadan ovuc içinə və barmaqlarına sürtə bilərlər. Oğlan üçün də həmin xınadan onun evinə göndərirlər ki, o da əlinə yaxsın.
Təəssüf ki, xınayaxdı mərasimi “müasirləşdirilərək” “xına gecəsi” adlanır və bu gecədə toy sahibi az qala toyda çəkəcəyi xərc qədər xərc çəkir. Daha pis cəhət ondadır ki, bəzi belə gecələrdə xına çəkilməsi, ümumiyyətlə, unudulur. Xınayaxdı mərasimi, sadəcə, əylənmək, yeyib-içmək üçün deyil, bu həm də Azərbaycan xalqının mentalitetini göstərən, xalqımızı dünyada özünəməxsus şəkildə tanıdan adət və ənənələrin toplandığı bir mərasimdir. Ulu babalarımızdan bizə yadigar qalan bu ənənələrimizə sədaqətli olmaq, onları qoruyaraq gələcək nəsillərə təhvil vermək isə bizim vətəndaşlıq borcumuzdur.

Sara Əzimova

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR