Tarixi yaşadanları tarix də yaşadacaqdır
Gəlimli-gedimli dünya, son ucu ölümlü dünya, – deyib ulu Dədə Qorqudumuz. Bu dünyanın pəncərəsini çox insan açıb, ancaq o insanlardan azının əməlləri həmişəyaşarlıq, əbədiyaşarlıq qazanıb. Tarix insan əməllərindən yaranıb, tarixi abidələr də. Adəm övladı bəzi zamanlarda öz tarixini unudub; ona görə də gələcəyini görə bilməyib. Ancaq tarixdə xalqın, elin taleyi həvalə edilən elə insanlar da olub ki, onlar tarixi yaşatmaqla xalqına, elinə-obasına möhtəşəm gələcək bəxş ediblər. Tarix isə belə insanları unutmayıb, kitabına onların adlarını qızıl hərflərlə yazıb. Başqa sözlə desək, bu əbədi yazılış tarixin həmin insanlara minnətdarlığıdır, onlar vaxtın, zamanın fövqündə duran, vaxtdan uca insanlardır. Nə ötən zaman onları unutdura bilər, nə də insanların onları unutması mümkündür.