Naxçıvan Dövlət Universitetində Təsviri incəsənət kafedrasının müəllim və tələbələrinin əsərlərindən ibarət hesabat sərgi təşkil edilib.
Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov sərginin açılışında çıxış edərək təsviri sənət əsərlərinin bədii-estetik baxımdan mühüm dəyər kəsb etdiyini vurğulayıb. Rektor hesabat sərgisini tələbələr üçün sənət sınağı kimi dəyərləndirib, onlara öz yaradıcılıqları ilə müstəqil Azərbaycanı, milli-mənəvi dəyərlərimizi, Naxçıvanın qədim tarixi abidələrini, müasir inkişafını, əsrarəngiz təbiətini təbliğ etməyi tövsiyə edib.
Təsviri incəsənət kafedrasının müdiri, Xalq rəssamı, dosent Hüseynqulu Əliyev kafedranın illik fəaliyyəti, istedadlı tələbə-rəssamların müxtəlif sərgilərdə uğurla iştirak etmələri barədə məlumat verib. Kafedra müdiri yola salmaqda olduğumuz 2016-cı ildə universitetdə müxtəlif sərgilərin təşkil edildiyini xatırladıb, muxtar respublikada yaradıcı gənclik üçün yaradılan hərtərəfli şəraitdən danışıb.
Sonra sərgiyə baxış olub. Sərgidə dekorativ-tətbiqi sənət, rəngkarlıq, qrafika növünə aid əsərlər, mənzərə, plakat, natürmort janrlarında müxtəlif mövzularda əl işləri nümayiş etdirilib. Tələbələrdən Aynur İmanova, Maisə Şirinova, Gülnar Mahmudova, Nurlan Hüseynli, Gülçöhrə Bağırova və digərlərinin yağlı və sulu boya ilə çəkdikləri rəsm əsərləri, Aysel Süleymanova, Turanə Hüseynova, Nuray Cavadova, Vüsalə Musayevanın vitraj, mozaika növlərində işlədikləri əsərlər sərgi iştirakçılarında maraq doğurub.
Mehriban SULTAN