23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Dövlət Universitetində Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi, ali məktəbin Bəstəkarlıq kafedrasının baş müəllimi, bəstəkar Yaşar Xəlilovun anadan olmasının 60 illiyi qeyd olunub.
İncəsənət fakültəsinin dekanı, dosent Günay Məmmədova “Bəstəkar Yaşar Xəlilovun yaradıcılıq portreti” adlı məruzə ilə çıxış edib. Qeyd olunub ki, 1956-cı ildə Ordubadda dünyaya göz açan Yaşar Xəlilov uşaqlıq illərindən ədəbiyyata, musiqiyə böyük həvəs göstərib. O, 1966-cı ildə Ordubad Şəhər Uşaq Musiqi Məktəbinin tar sinfinə daxil olub. Burada Kamil Qəniyev, Rəsul Məmmədov kimi tanınmış müəllimlərdən dərs alıb. 1972-ci ildə Asəf Zeynallı adına Orta İxtisas Musiqi Məktəbinin tar sinfinə daxil olub. 1976-cı ildə təhsilini başa vuraraq Azərbaycan Dövlət Konservatoriyasının Bəstəkarlıq fakültəsinə qəbul edilib, dahi bəstəkar Qara Qarayevin sinfində oxuyub. Elə Yaşar Xəlilovun bəstəkar kimi formalaşmasında da müəllimlərindən Qara Qarayevin, Fərəc Qarayevin, Boris Yermolayevin böyük xidmətləri olub. Vurğulanıb ki, hazırda Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının sədri olan Yaşar Xəlilov həm də Naxçıvan Dövlət Universitetində və Naxçıvan Musiqi Kollecində müəllim kimi fəaliyyət göstərir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə o, 2008-ci ildə muxtar respublikanın “Əməkdar incəsənət xadimi” fəxri adına, dövlət başçısı İlham Əliyevin 2013-cü il 1 may tarixli Sərəncamı ilə isə Prezident mükafatına layiq görülüb.

Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov çıxışında Azərbaycan musiqi xəzinəsinə öz töhfələrini verən bəstəkarın yaradıcılığından söz açıb, ona səmərəli elmi-pedaqoji fəaliyyətinə görə universitetin Fəxri fərmanını təqdim edib.
Naxçıvan Dövlət Filarmoniyasının direktoru, Azərbaycan Respublikasının Əməkdar artisti Elman Əliyev bəstəkarı təbrik edib, yaradıcılığında daha böyük nailiyyətlər arzulayıb.
Tədbirin bədii hissəsində əvvəlcə Qara Qarayev adına Azərbaycan Dövlət Filarmoniyasının Kamera Orkestrinin ifasında müəllifin “Əshabi-Kəhf” baletindən fraqmentlərin, həmçinin filarmoniyanın Xalq Çalğı Alətləri Orkestrinin ifasında “Azərbaycan” və “Yallı” əsərlərinin video­yazısı nümayiş olunub.
Sonra canlı ifalar dinlənilib. Konsertdə Azərbaycan Respublikasının Əməkdar artisti Zeynalabdin Babayev “Sözsüz mahnı”, Fortepiano ixtisası üzrə I kurs tələbəsi Səxavət Rəhimov “Rəqs”, müəllim Cahangir Qurbanov “Melodiya”, Xalq çalğı alətləri ixtisası üzrə III kurs tələbəsi Ələsgər Cəlilzadə “Qızlar bulağı”, Solo oxuma ixtisası üzrə II kurs tələbəsi İlkin Abdullayev “Naxçıvanın gecələri” adlı əsərləri ifa ediblər. Konsert yubilyarın ifasında “İblis” operasından “Ariflə Xavərin dueti” ilə yekunlaşıb.
Sonda bəstəkar ona göstərilən diq­qətə görə minnətdarlığını bildirib.

Nərmin CABBAROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR