23 Dekabr 2024, Bazar ertəsi

Tarixi yaşadanları tarix də yaşadacaqdır

Gəlimli-gedimli dünya, son ucu ölümlü dünya, – deyib ulu Dədə Qorqudumuz. Bu dünyanın pəncərəsini çox insan açıb, ancaq o insanlardan azının əməlləri həmişəyaşarlıq, əbədiyaşarlıq qazanıb. Tarix insan əməllərindən yaranıb, tarixi abidələr də. Adəm övladı bəzi zamanlarda öz tarixini unudub; ona görə də gələcəyini görə bilməyib. Ancaq tarixdə xalqın, elin taleyi həvalə edilən elə insanlar da olub ki, onlar tarixi yaşatmaqla xalqına, elinə-obasına möhtəşəm gələcək bəxş ediblər. Tarix isə belə insanları unutmayıb, kitabına onların adlarını qızıl hərflərlə yazıb. Başqa sözlə desək, bu əbədi yazılış tarixin həmin insanlara minnətdarlığıdır, onlar vaxtın, zamanın fövqündə duran, vaxtdan uca insanlardır. Nə ötən zaman onları unutdura bilər, nə də insanların onları unutması mümkündür.

Tarixi abidələr hər bir ölkənin qədim tarixinin pasportudur. Necə ki bir insanın başqa bir ölkəyə keçə bilməsi mümkünsüzdü, başqa ölkədən gələn bir qonağın da daş yaddaşımız olmadan xalqı tanıması, keçmişinə bələd olması, adət-ənənələrini sevməsi imkansızdı.
Vaxt olub ki, tariximizin unutdurulması üçün xalqımızı gözü götürməyənlər, onun keçmişinə xor baxanlar hər şey edib, bu torpağın üstündəki abidələr yad münasibətin şimal soyuğunu, yad nəfəsini öz üzərində hiss edib, daş yaddaşımızın qorunmasına biganəlik göstərilib. Ululardan-ulu xalqımızın tarixi uzaq ölkələrin tozlu arxivlərində ləl-cəvahirat kimi gizlədilsə də, sonunda parıldayıb, gəlin məni öyrənin, məni öz vətənimə aparın, – deyib. Və qədirbilən insanlar tərəfindən bu qiymətli xəzinə xalqımıza qaytarılıb.
Bu gün Naxçıvan torpağının üzərində bir-birindən dəyərli incilər parlayır. İncə bir zövqlə işlənmiş, insanın sonsuz yaradıcılıq eşqinin təcəssümü olan bu nəfis əsərlər 70 illik bir dövrün hördüyü qalın divarların arxasından çıxarılaraq yenidən həyata qaytarılıb. Bu, keçmişlə bu günün qovuşması, simurq qanadında gələn özünə qayıdış xəbəridi.

Əlincə, Naxçıvanqala xalqımızın qan yaddaşıdısa, Gülüstan mənəvi aləmimizin parlaq güzgüsüdü. Bu gün həmin güzgüyə baxıb əsrlər öncəsi xalqımızın həyat tərzini, adət-ənənələrini ən incə cizgiləriylə, detallarıyla görmək olar. Nuhun əzəmətlə ucalan məqbərəsi bütün dünyaya Yer üzündə ikinci bir həyatın bu torpaqda başlanmasından xəbər verirsə, Gəmiqaya abidələri xalqımızın təfəkkürü qarşısında daşların belə, tab gətirmədiyinin göstəricisidi. Möminə xatın qadının müqəddəsliyinə ucaldılan abidəm, Xan sarayım igidlər, qəhrəmanlar ocağımdı. Əshabi-Kəhfim, imamzadələrim yüz illərdir laylasıyla rahatlıq tapdığım mənəviyyat beşiklərimdi. Nə qədər ki tariximiz var, biz də yaşayacaq, var olacağıq. Tarixi yaşadanların qayğısına isə elə tarix özü qalacaq, onlar dünya durduqca xeyirxah əməlləri ilə yaşayacaqlar. Çünki əbədiyaşarlıq haqqını onlara tarixin özü verib.

 Səbuhi Hüseynov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR