Muxtar respublikamızın muzey bələdçiləri üçün seminar-treninqlərin keçirilməsi davam etdirilir. Növbəti belə tədbirin ünvanı “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi olub.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən seminar-treninqdə nazirliyin Mədəni irs və muzey işi üzrə baş məsləhətçisi Qumral Məmiyeva “Muzey bələdçisinin davranış qaydaları” mövzusunda çıxış edib.
Qeyd olunub ki, ötən ildən başlayaraq muzey bələdçiləri üçün seminar-treninqlərin keçirilməsində əsas məqsəd muzeylərdə ekskursiya işinin təşkili ilə bağlı mövcud nöqsan və çatışmazlıqları aradan qaldırmaq, muzey bələdçilərinin nəzəri və praktik bilik səviyyəsini yüksəltməkdir.
Bildirilib ki, muxtar respublikamızda muzey fəaliyyətinin yüksək səviyyədə təşkil edilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Muzeylərimiz üçün yeni binaların inşa olunması, onların təmiri, yenidən qurulması və maddi-texniki bazasının möhkəmləndirilməsi işin səviyyəsinin yüksəldilməsinə xidmət edir.
Görülən işlər muzey işçiləri qarşısında da mühüm vəzifələr qoyur. Bu gün muzeylərimizdə hazırlıqlı, bilikli, xarici dilləri bilən, işlədiyi mədəniyyət ocağı haqqında ətraflı məlumata malik bələdçilərə ehtiyac çoxdur.
Diqqətə çatdırılıb ki, muzey bələdçiləri müxtəlif səviyyəli insanlarla, məktəbli və tələbələrlə, yaşlı nəsillə işləməyi bacarmalı, nəzakət və davranış qaydaları ilə muzeyə gələnlərdə xoş təəssürat yaratmalıdırlar.
Sonra “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində muzey bələdçisinin təqdimatında muzey ekspozisiyasına baxış olub və ekskursiya mətni müzakirə edilib, muzey bələdçilərinə metodik tövsiyələr verilib.
Naxçıvan Muxtar Respublikası
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti