23 Dekabr 2024, Bazar ertəsi

 Akademik Çingiz Qacarın yeni işıq üzü görmüş “Naxçıvan. Dünyanın ən qədim şəhərlərindən biri” kitabı kulturoloji yönümlü nəşrdir. Onun səhifələrində Naxçıvan diyarının təbiəti, tarixi, arxeologiyası, memarlığı, xalq sənəti və peşəkar incəsənəti, adət-ənənələri və bayramları, mətbəxi, numizmatikası və heraldikası ardıcıl surətdə və böyük məhəbbətlə təsvir edilmişdir.

Əlbəttə, burada Naxçıvanın görkəmli yetirmələrindən – dövlət xadimlərindən və hərbçilərdən, filosof, dilçi, tarixçi və ədəbiyyatçı alimlərindən, yazıçı və rəssamlarından da söz açılıb. Bütün bunlar birlikdə Naxçıvanın çoxcəhətli və vahid formalarda təzahür edən mədəniyyətidir, çoxəsrlik davamlı ənənələrdir və bir çox nəsillərin topladığı böyük sosial təcrübədir.
Azərbaycanın ayrılmaz tərkib hissəsi olan qədim və müasir Naxçıvanın çoxəsrlik tarixi inkişaf yolu akademik Çingiz Qacarın təqdim etdiyi “Naxçıvan. Dünyanın ən qədim şəhərlərindən biri” kitabının ana xəttini təşkil edir. Bir çox əsaslı dəlillərə istinad edərək və çox haqlı olaraq müəllif Naxçıvanın tarixini Dünya tufanı və Nuh Peyğəmbərin əfsanəvi səfəri ilə əlaqəli şəkildə oxuculara çatdırıb. Kitabda Naxçıvanın çoxəsrlik tarixinin bütün mərhələləri, eyni zamanda müasir dövrdəki inkişafı öz əksini tapıb.
Naxçıvan mədəniyyəti bu diyarın mənəvi sərvətlərinin ayrılmaz hissəsidir. Rəngarəng və sərt təbiəti bu yerlərin əhalisinin xarakterini də müəyyən edib. Məğrur dağ landşaftı naxçıvanlıların mentalitetində, memarlıq və incəsənət formalarında öz izini qoyub. Müəllif mövzunu dağ mənzərələrinin memarlıq abidələri ilə səsləşən cizgilərindən tutmuş Naxçıvan tarixi və mədəniyyətinin görkəmli xadimlərinin por­tret cizgilərinə qədər geniş miqyasda dəyişməklə oxucunu tədricən bu aləmə çəkib aparıb.

Kitabı vərəqlədikcə Qapıcıq dağının qayalı zirvəsi, Haçadağ, Əlincə, İlandağ və başqa zirvələrin əzəmətli görünüşü gözlərimiz önündən keçir. Qədim arxeoloji abidələr içərisində 500 hektar ərazini tutan və erkən təbəqələri eramızdan əvvəl IV minilliyə aid edilən şəhər yeri – Xaraba Gilan xüsusi qeyd olunub. Qədim Naxçıvanın müdafiə qurğuları – Oğlanqala, Çalxanqala, Vayxır-Gavurqala, Naxçıvanqala (Köhnəqala) və əlbəttə ki, “Kitabi-Dədə Qorqud”da xatırlanan əfsanəvi, alınmaz qala olan Əlincəqala geniş təqdim olunub.
Ümumiyyətlə, Naxçıvan memarlıq məktəbi mövzusu Çingiz Qacarın kitabında mərkəzi yerlərdən birini tutur. Bu məktəb özünün ən yüksək çiçəklənmə dövrünə XII əsrin dahi memarı Əcəmi Əbubəkr oğlu Naxçıvaninin zamanında qədəm qoyub. Bu gün həmin məktəb orta əsrlər dövrü bütün Azərbaycan memarlıq məktəbləri içərisində ən yaxşı tədqiq olunan məktəbdir. Əminliklə demək olar ki, bizim memarlıq elmimizdə ayrıca istiqamət olan Naxçıvanşünaslıq təşəkkül tapıb. Əbdülvahab Salamzadə, Kamil Məmmədzadə, Vilayət Kərimov, Fazil Məmmədov, Roza Salayeva və başqalarının tədqiqatları Naxçıvan memarlıq məktəbinin formalaşması və inkişafının müxtəlif aspektlərinə həsr edilib. Naxçıvan memarlığının ən yüksək nailiyyətlərini təsvir edərkən Çingiz Qacar bu tədqiqatlara istinad edib.
Möminə xatın (1186), Yusif Küseyir oğlu (1182) kimi əzəmətli qülləvarı məqbərələr, Əcəmi sənətinin təsiri altında inşa edilmiş Gülüstan məqbərəsi Naxçıvan memarlıq məktəbinin kompozisiya, plastik və tikinti üsullarını özündə birləşdirib. Bu tikililər həcmin monumentallığının detalların incə işlənməsi ilə məharətlə əlaqələndirilməsi baxımından fərqlənir. Möminə xatın məqbərəsinin memarlıq obrazı “zərif monumentallıq” kimi xarakterizə edilir.
Atabəylər dövlətinin baş memarı olmuş dahi Əcəminin sənətkarlığı təkcə Azərbaycan memarlığının sonrakı inkişafına deyil, həm də bir sıra qonşu ölkələrin memarlıq təfəkkürünə təsir göstərib. Bu təsirin miqyasını təsəvvür etmək üçün Gülüstan, Marağa, Qarabağlar, Bərdə, Həmədan, Səlmas, Urmiya, Səmərqənd abidələrini xatırlamaq kifayət edər. Tədqiqatçılar haqlı olaraq qeyd edirlər ki, Əcəmi dövrünün Naxçıvan sənətkarları Yaxın Şərq ölkələrinin memarları arasında ilk cərgələrdə qərarlaşıblar.
“Naxçıvan memarlıq məktəbi” anlayışının özü təkcə Əcəminin yaratdığı şedevrlərlə bitmir. Əsrlərboyu təşəkkül tapmış bu ənənə həm yaşayış yerlərinin şəhərsalma strukturu xüsusiyyətlərini, həm müxtəlif tikililərin əhatəli tipologiyasını, həm onların dekorunun özünəməxsusluğunu, həm də inşa edilməsinin mühəndis üsul və vasitələrinin bütöv bir qismini özündə ehtiva edir. Çingiz Qacar Naxçıvan memarlıq məktəbinin məhz bütün bu sadalanan tərkib hissələrini sistemli nəzərdən keçirib. Burada Naxçıvan və Ordubad şəhərlərinin məhəllələrinin strukturu barədə, yaşayış evləri, məscidlər, mədrəsələr, hamam­lar, zorxanalar, həmçinin əsasını unikal sutoplayan qurğular – kəhrizlər təşkil edən su təchizatı sistemi barədə ən maraqlı və müxtəlif məlumatlar yer alıb.
Azərbaycanın bir çox digər bölgələrində olduğu kimi, Naxçıvanda da təkcə memarlıq yox, həm də başqa yerli bədii məktəblər təşəkkül tapıb. Kitabda bu baxımdan Naxçıvan xalçaçılıq məktəbindən, bədii metal emalından, dulusçuluq məmulatlarından, həmçinin diyarın musiqi mədəniyyətindən də söhbət gedir. Azərbaycan xalça sənəti, o cümlədən Naxçıvan qrupu xalçaları yaxşı tədqiq olunub. Lakin Çingiz Qacarın irəli sürdüyü bəzi müddəalar prinsipial yeniliyi ilə seçilir.
Akademik xalçaların toxunulması vərdişlərinin ötürülməsi prosesinin olduqca dəqiq təsvir edilməsinə, yəni bədii məktəbin – indiki halda Naxçıvan məktəbinin formalaşmasının daxili mexanizmlərinin müəyyənləşdirilməsinə müyəssər olub. Hər bir xalça kompozisiyasının “uzaq əcdadlar və nəsil şəcərəsinin tarixi haqqında müəyyən məlumat” daşımasına əsaslanaraq müəllif xalça toxucularının qadın kollektivini ənənəvi sənətin akademiyası qismində nəzərdən keçirib. “Gənc xalçaçı qızlar, adətən, corab toxumaqdan başlayır və bu akademiyanın diplomu olan, adaxlısına hədiyyə edilən xalçanın toxunulması ilə işi başa çatdırırdılar”.
Kitabın Naxçıvan dekorativ-tətbiqi sənətlərinə həsr edilmiş bölmələri maddi mədəniyyətin zəngin irsi, yüksək sənətkarlıqla işlənmiş metal və saxsı əşyalar, həmçinin xatirə daş plastikası barədə məlumatları əks etdirir. “Saxsı və metal qabların, gözəl xalçaların, bədii tikmələrin və ağac üzərində oyma sənəti nümunələrinin hər bir evdə, hətta ən kasıb evdə mövcudluğu xalqın ümumi mədəniyyətini müəyyən edirdi” – deyə müəllif vurğulayır.
Çingiz müəllim Naxçıvan tarixinin əsas dövrlərini rəngkarlıq tablosunda olduğu kimi iri yaxmalarla çevrələyib. Müəllif orta əsrlər dövrünün əsas sosial-siyasi hadisələrindən tutmuş 1827-ci ildə Naxçıvanı rus qoşunlarının işğal etməsinədək olan dövrü, demək olar ki, bütün əsas cizgiləri ilə təsvir edib. Kitabın üstün cəhətlərindən biri də budur ki, alim fundamental tədqiqatların nəticələrini ümumiləşdirərək Atabəylər dövləti tarixini aydın və oxunaqlı dillə şərh edib. Diyarın XII-XIII əsrin əvvəlləri dövrünün tarixi parlaq, canlı səhnələrlə göz önündə canlanır. Bu coşqun hadisələrin əsas fiqurları Şəmsəddin Eldəgiz və onun nəslinin davamçılarıdır. Eldəgizin dövründə Əcəminin memarlıq şedevrləri yaradılıb, Möminə xatın məqbərəsinin tikintisi isə onun oğlu Cahan Pəhləvanın zamanında başa çatdırılıb.
Kitabda Naxçıvan xanlığının 1747-1839-cu illər tarixi də maraqlı şərh olunub. Müəllif tarixçi səriştəsi ilə Naxçıvan xanlığının zəngin ictimai-siyasi və mədəni mühitini təsvir edib.
Akademik Çingiz Qacar hürufilik dini-fəlsəfi təriqətinin, Naxçıvan memarlıq məktəbinin, “Əncüməni-şüəra” ədəbi və digər musiqi məclislərinin, Ordubad şəbəkə sənətinin bədii təcrübəsinin, zorxanalarda cəmləşmiş Naxçıvan idman ənənəsinin tarixini şərh edib. O, gəlinin seçilməsi, elçilik, toy mərasimi adətlərindən söz açaraq nikah və ailə ənənələrinə xüsusi diqqət yetirib. Bu möhtəşəm simfoniyada ən uca və major akkord kimi dini, təqvim, xalq bayramları mövzusu səslənib. Həm də müəllif Naxçıvan diyarında bayram şənliklərinin spesifikliyini, misal üçün, Novruz bayramının Şahtaxtı kəndində, yaxud Ordubad şəhərində fərqli xüsusiyyətlərini də qeyd edib.
Həqiqətən, kitabın süjet xəttinin inkişafı boyunca onun nəqledicilik miqyası da dəyişilir. Müəllifin miqyas şkalasını aşağıdakı dörd söz ilə ifadə etmək mümkündür: təbiət, mədəniyyət, cəmiyyət, şəxsiyyət. Kino dili ilə desək, kitabda ümumidən böyük plana keçid baş verir. Kulminasiya kimi Naxçıvanın Azərbaycan tarixinə, dövlətçiliyin və hərbi işin, mədəniyyətin, elmin, fəlsəfənin, ədəbiyyatın, incəsənətin inkişafına əvəzsiz töhfələr vermiş görkəmli şəxsiyyətlərinin portret cizgiləri göz önündə canlanır. İlk öncə orta əsrlər dövrünün Fəzlullah Nəimi, Nəcməddin Naxçıvani, Hinduşah İbn Səncər Naxçıvani və başqa görkəmli simalarının qalereyası sıralanıb. Müəllif izah edir ki, onların bir çoxu “Naxçıvanlı” mənasını verən “ən-Nəşəvi” nisbəsi ilə tanınır.
XIX-XX əsrlərin görkəmli şəxsiy­yətlərinin böyük bir qismi kitabın foto bölməsində təqdim olunub. Bunlar kəngərlilər, şahtaxtılar, naxçıvanlılar nəslinin nümayəndələridir, ümummilli lider Heydər Əliyevin, akademik Yusif Məmmədəliyevin ailə üzvləridir. Rəssamlar Bəhruz Kəngərli və İbrahim Səfinin, yazıçı-dramaturqlar Hüseyn Cavid və Cəlil Məmmədquluzadənin bioqrafik məlumatları ayrıca təqdim olunub. Kitabın özü zəmanəmizin dahi dövlət və siyasət xadimi, xalqımızın ümummilli lideri Heydər Əliyevə – Azərbaycanı, o cümlədən Naxçıvanı dünyada şöhrətləndirən insana həsr edilib.
Alim kitabının məzmununa işarə olaraq əsas ada “Əsatirlər, əfsanələr, faktlar” başlıqaltısı seçib. Kitabın bütün nəqledici məzmunu boyunca Naxçıvanın sivilizasiyanın ən qədim ocaqlarından biri olması fikri qırmızı xətlə keçib. Öz sübut bazasını müəllif ümumdünya daşqınından sonra həyatın məhz Naxçıvanda başlanması qənaəti üzərində qurub. Mifoloji, dini, tarixi, arxeoloji, etnoqrafik və digər mənbələrin təhlilinin daxil olduğu kompleks kulturoloji tədqiqat bu mövzudan qaynaqlanıb. Diyarın adının etimologiyasını müəllif birbaşa Nuh Peyğəmbərin adı ilə bağlayıb. Toponimin “Nuhçuvan” formasında səslənən ilkin adı bilavasitə “Nuhun torpağı” kimi izah olunub.
Dünyanın başqa heç bir yerində peyğəmbərin adı ilə bağlı toponim və artefaktların bu qədər çox konsentrasiyası yoxdur. Bunlar: həm şəhərin cənub hissəsində, qədim Köhnəqala ərazisində yerləşən, sonralar üstündə məqbərə tikilən və bizim günlərimizdə bərpa olunan Nuh Peyğəmbərin qəbri; həm rəvayətə görə, daşqından sonra Nuhun gəmisinin yan aldığı Gəmiqaya dağındakı gəmi təsvir olunan petroqliflər (e.ə. IV-I minilliklər); həm də yaxınlıqda yerləşən Nuhdaban, Nuhgədik, Nəhəcir, Nehrəm yaşayış məskənləri və bir çox başqa ünvanlardır.
Azərbaycan MEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəylinin kitaba yazdığı “Ön söz”ün əsas qayəsi Naxçıvan şəhərinin 5 minillik tarixinin təsdiqidir: “Naxçıvan ən qədim türk-oğuz diyarıdır. Azərbaycan xalqının böyük şifahi xalq yaradıcılığı nümunəsi olan “Kitabi-Dədə Qorqud” eposunda Naxçıvanda bu günədək mövcud olan 50-dən artıq toponim qeydə alınmışdır”. Daha sonra qeyd edilir ki, Çingiz Qacarın əsəri qədim və müasir Naxçıvanın özünəməxsus elmi-sənədli pasportuna çevrilib. Bu fundamental kitab çağdaş oxucunu nağıllar yurdu, gözəl əfsanələr və əsatirlərə bələnmiş Naxçıvana cəlbedici səyahətə aparır.
Akademik Çingiz Qacarın “Naxçıvan. Dünyanın ən qədim şəhərlərindən biri” kitabı Azərbaycan elminin mühüm nailiyyətlərindən biri sayılmağa layiqdir. Müəllifin geniş elmi dünyagörüşü, tədqiqatçılıq məharəti kitabın yüksək elmi-kulturoloji səviyyədə hazırlanmasını təmin edib. Bu kitab, geniş mənada, Azərbaycanın tarixinə və mədəniyyətinə müəllifin sanballı töhfəsidir.

Ərtegin SALAMZADƏ
AMEA Memarlıq və İncəsənət İnstitutunun direktoru,
AMEA-nın müxbir üzvü
“Xalq qəzeti”, 15 dekabr 2016-cı il

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR