Dekabrın 15-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda akademik Çingiz Qacarın rus dilində çapdan çıxmış “Naxçıvan. Dünyanın ən qədim şəhərlərindən biri” kitabının təqdimatı olub.
Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli kitabın məziyyətlərindən danışıb, Naxçıvanın tarixi ilə bağlı həqiqətlərin dünyaya çatdırılmasında bu nəşrin əhəmiyyətini qeyd edib. Akademik bildirib ki, kitab bu il Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun qayğısı ilə Naxçıvanda fəaliyyət göstərən “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində yüksək səviyyədə çap olunub. Kitabda Naxçıvanın qədim dövrdən bu günədək keçdiyi tarixi inkişaf yolu, Azərbaycan və dünya tarixində tutduğu şərəfli yeri, mövqeyi arxiv materialları və nadir sənədlərlə, mətn və fotoşəkillərlə müşayiət olunur. Kitab Naxçıvan haqqında elmi yolla ümumiləşdirilmiş təsəvvür yaratmağa imkan verir. Burada bu qədim diyarın tarixinin inkişaf mərhələləri, həmin mərhələlərdə baş verən hadisələrin dəqiq təyinatı, onları təsdiqləyən memarlıq abidələri və sənədlər əksini tapıb.
İ.Həbibbəyli vurğulayıb ki, çoxillik gərgin araşdırmaların və böyük zəhmətin bəhrəsi olan kitab zəngin və dəqiq materiallarla diqqəti cəlb edir və indiyədək Naxçıvanın tədqiqi sahəsində əldə edilmiş elmi nailiyyətlərin tanıdılması, təbliği baxımından çox önəmlidir. Kitabda Naxçıvanın tarixi inkişaf yolu, folkloru, etnoqrafiyası, toponimləri, mədəniyyəti, təbiət və memarlıq abidələri, coğrafiyası, teatr və ədəbi mühiti, əsilzadələrin və bu qədim diyarın tarixi, müasir Naxçıvan barədə çox dəqiq məlumat, elmi fikir və fotoşəkillər verilir. “Naxçıvan. Dünyanın ən qədim şəhərlərindən biri” kitabında ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə, Azərbaycan Respublikası Prezidentinin apardığı siyasətə işıq salınıb. Həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun Naxçıvanın qədim tarixinin yenidən bərpa edilməsi, onun müasir inkişafının təmin olunması sahəsindəki özünəməxsus böyük xidmətləri nəşrdə obyektiv elmi ifadəsini tapıb.
Qeyd edilib ki, nəşr Azərbaycan elmində Naxçıvan haqqında yazılmış kitablar silsiləsinin məntiqi davamı və bu istiqamətdə yeni bir mərhələnin başlanğıcıdır. Yüksək poliqrafik səviyyədə nəfis tərtibatda çap olunan kitab azərbaycanşünaslığa və elmimizə çox dəyərli töhfədir. Azərbaycanın elmi ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanan kitab respublikanın bir çox qurumlarına, kitabxanalarına və ali məktəblərinə təqdim olunub.
Akademik İ.Həbibbəyli Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun kitabla bağlı akademik Çingiz Qacara xüsusi məktub göndərdiyini bildirib. Məktubda qeyd olunur ki, qiymətli arxiv materialları və tarixi fotoşəkillərlə zəngin “Naxçıvan. Dünyanın ən qədim şəhərlərindən biri” kitabı doğma Azərbaycanımızın qədim diyarının tarixinin, mədəniyyətinin və adət-ənənələrinin oxuculara çatdırılması sahəsində yüksək qiymətə layiqdir. Bu təşəbbüsə və Naxçıvanla bağlı nadir arxiv materiallarını tapıb kitab halına saldığına görə müəllifə dərin təşəkkür ifadə olunub.
İ.Həbibbəyli akademik Ç.Qacarın Azərbaycanda fizika üzrə tanınmış alim olduğunu söyləyib, onun bu sahədəki xidmətlərini xüsusi qeyd edib. Alimin elmi fəaliyyətindən söz açan AMEA-nın vitse-prezidenti bildirib ki, Ç.Qacarın Azərbaycan elminə, mədəniyyətinə, tarixinə dair qiymətli əsərləri cəmiyyətimizdə, elmi ictimaiyyətdə yüksək rəy yaradıb, çox böyük maraqla qarşılanıb.
Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov kitabın Azərbaycan elmi ictimaiyyəti üçün böyük əhəmiyyət daşıdığını söyləyib. Qeyd edilib ki, son illər Naxçıvanda elmin inkişafı sahəsində müxtəlif tədbirlər həyata keçirilib, alim və tədqiqatçılar üçün geniş fəaliyyət istiqamətləri müəyyənləşdirilib, bu qədim diyarın tarixi hərtərəfli öyrənilib. Naxçıvan Muxtar Respublikasının tarixinin, etnoqrafiyasının, arxeologiyasının, mədəni mühitinin, folklorunun, flora və faunasının, təbii ehtiyatlarının araşdırılması sahəsində mühüm elmi nəticələr qazanılıb.
Qeyd edilib ki, akademik Ç.Qacarın qiymətli arxiv materialları və tarixi fotoşəkillərlə zəngin “Naxçıvan. Dünyanın ən qədim şəhərlərindən biri” kitabı da Naxçıvanın tarixinin, mədəniyyətinin və adət-ənənələrinin tanıdılması, oxuculara çatdırılması sahəsində dəyərli mənbədir. Kitab tarixi, etnoqrafik, mədəniyyət sahəsində geniş məlumatları özündə cəmləşdirir, nəşrdə təqdim olunan fotoşəkillərin hər biri özündə bir tarix yaradır. Müəllif qeyd edir ki, bu nəşr elmi-tədqiqat xarakterli deyil, təbliğat və tanıtma məqsədlidir. Əslində isə böyük zəhmətin məhsulu olan bu kitab həm də ciddi elmi-tədqiqat xarakteri daşıyır.
Tədbirdə AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun direktoru, akademiyanın müxbir üzvü Ərtegin Salamzadənin “Nuh torpağına səyahət” mövzusunda məruzəsi dinlənilib. Bildirilib ki, kitabın janrı kulturoloji yönümlüdür. Nəşrdə Naxçıvanın təbiəti, tarixi, arxeologiyası, memarlığı, xalq və peşəkar incəsənəti, adət-ənənələri və bayramları, mətbəxi, numizmatikası ardıcıl təsvir edilir. Kitabın Naxçıvan dekorativ-tətbiqi sənətinə həsr edilmiş bölmələri maddi mədəniyyətin zəngin irsi, yüksək sənətkarlıqla işlənmiş metal və saxsı məmulatlar, həmçinin xatirə daş plastikası barədə məlumatları əks etdirir. Nəşrdə Naxçıvanın dövlət və hərbi xadimlərindən, filosof, alim, yazıçı və rəssamlarından da söz açılır.
AMEA-nın müxbir üzvü Muxtar İmanov, akademik Cavad Abdinov, “Xalq qəzeti”nin əməkdaşı Tahir Aydınoğlu və digər çıxış edənlər kitab barədə fikirlərini bölüşüblər. Bildirilib ki, akademik Ç.Qacar ölkəmizdə həm dəqiq, həm də humanitar elmlərin inkişafına mühüm töhfələr verib. Alimin “Naxçıvan. Dünyanın ən qədim şəhərlərindən biri” kitabı tarix, etnoqrafiya və mədəniyyət sahəsində məlumatları özündə cəmləşdirən dəyərli mənbədir. Nəşrin elmi redaktoru və “Ön söz”ün müəllifi akademik İsa Həbibbəylidir. Kitabda müxtəlif alimlərin, o cümlədən naxçıvanlı elm adamlarının əsərlərindən məlumatlar yer alıb.
AZƏRTAC