23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Ordubad Rayon Uşaq Musiqi Məktəbində rayonun uşaq musiqi məktəblərinin müəllim və şagirdləri üçün ustad dərsləri keçilib.
Dərslər başlanmazdan əvvəl Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Leyla Əlimərdanova bildirib ki, bu dərslərin keçilməsində əsas məqsəd tədrisin keyfiyyətinin yüksəldilməsinə, şagirdlərin bacarıq və qabiliyyətlərinin inkişaf etdirilməsinə nail olmaqdır.
Sonra muxtar respublikanın tanınmış müəllim və musiqiçilərindən vokal ixtisası üzrə Azərbaycan Respublikasının Əməkdar artisti Tural Nəcəfov, qarmon ixtisası üzrə Naxçıvan şəhərindəki Səfər Rəcəbov adına 3 nömrəli Uşaq Musiqi Məktəbinin müəllimi Bəhruz Xəlilov, fortepiano ixtisası üzrə Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi Nərminə Qədimova, skripka ixtisası üzrə Naxçıvan Musiqi Kollecinin müəllimi İlahə Əliyeva, klarnet ixtisası üzrə Naxçıvan Şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Səməd Əsgərov müəllim və şagirdlərə ustad dərsi keçiblər.
Azərbaycan Respublikasının Əməkdar artisti Tural Nəcəfov bildirib ki, müəllim tədris prosesində şagirdə yalnız elmi bilikləri deyil, təcrübə vərdişlərini də aşılamalı, onların dünyagörüşünü formalaşdırmalı, şagirdlərin psixoloji, vokal, fiziki və digər fərdi xüsusiyyətlərini nəzərə alaraq onlara yaradıcı mövqedən yanaşmalıdır.

Qarmon ixtisası üzrə ustad dərsi keçən təcrübəli müəllim Bəhruz Xəlilov ustad dərsdə qarmon alətinin tarixi haqqında ətraflı məlumat verib.
Fortepiano ixtisası üzrə ustad dərsi aparan Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi Nərminə Qədimova bildirib ki, tədris prosesində əsərlərin ifası zamanı intonasiya, fraza, fikir, obraz, dramaturgiya və başqa bədii ifadə vasitələrini düzgün yerinə yetirmək lazımdır. Pianoçular həm də ifa etdikləri musiqilərin janrları, üslublarına bələd olmalıdırlar.
Skripka ixtisası üzrə ustad dərsi keçən İlahə Əliyeva isə deyib ki, bu dərslərin tədrisi zamanı şagirdlərin kollektiv və ya fərdi ifaya üstünlük vermələri də nəzərə alınmalıdır. Şagird əsərləri forma, üslub və ifaçılıq baxımından təhlil etməyi bacarmalı, notu üzdən oxuma səviyyəsi isə tələb edilən normada olmalıdır.
Klarnet ixtisası üzrə ustad dərsində Səməd Əsgərov bu nəfəs musiqi alətinin yaradıcılıq imkanlarını izah etdikdən sonra klarnetdə ifa edilən musiqi əsərləri haqqında geniş məlumat verərək bildirib ki, klarnetin özünəməxsus texnikası və təcrübəsi şagirdlərə düzgün aşılanmalıdır. Klarnet ixtisası üzrə təhsil alan şagirdlərə Avropa, rus, Azərbaycan və digər ölkələrin bəstəkarlarının bu musiqi aləti üçün yazdığı əsərlər haqqında da məlumat vermək lazımdır.
Ustad dərsləri başa çatdıqdan sonra müəllim və şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Əli Rzayev

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR