23 Dekabr 2024, Bazar ertəsi

Dünən Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Şərur şəhərindəki Bəhruz Kəngərli adına Uşaq İncəsənət Məktəbində bu mövzuda dəyirmi masa keçirilib.
Muxtar respublikanın mədəniyyət müəssisələrinin, yaradıcı təşkilatlarının nümayəndələrinin iştirak etdikləri tədbiri giriş sözü ilə nazirlik aparatının şöbə müdiri Həsən Kərimov açıb.
Qeyd olunub ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev həmişə gənc bəstəkarlara, musiqiçilərə və müğən­nilərə xüsusi diqqət və qayğı göstərərək deyirdi ki, istedadlara yol açmaq, onları dəstəkləmək lazımdır. Çünki dahi Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Rəşid Behbudov, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Tofiq Quliyev, Arif Məlikov kimi sənətkarların əldə etdikləri yüksək nailiyyətlər inkişaf etdirilməsə, musiqi mədəniyyətimizdə ənənələr davam etdirilməsə irəliyə gedə bilmərik. Ölkəmizə rəhbərlik etdiyi dövrlərdə ulu öndər bu istiqamətdə mühüm tədbirlər həyata keçirib. Görkəmli dövlət xadimi Heydər Əliyev “Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında” Fərman imzaladıqdan sonra onlarla istedadlı gənc musiqiçimiz fəxri adlara, Prezident təqaüdünə layiq görülüb. Onlara diqqət və qayğı göstərilməsi bu gün ölkəmizdə dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Bütün bunlar ulu öndər tərəfindən yaradılmış gözəl ənənələrin davamıdır.

Vurğulanıb ki, muxtar respublikamızda istedadlı gənc musiqiçilərin hərtərəfli diqqət və qayğı ilə əhatə olunmaları da bunun bariz ifadəsidir. Bu gün istedadlı gənclərin adı Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na yazılır, onlar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi təqaüdünə layiq görülürlər.
Bildirilib ki, musiqimizin inkişafı istiqamətində görülən tədbirlər uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərini də əhatə edib. Son illər 23 uşaq musiqi məktəbi üçün bina inşa olunaraq və ya yenidən qurularaq istifadəyə verilib. Ötən il Naxçıvan şəhərinin Qaraçuq və Culfa rayonunun Bənəniyar kəndlərində uşaq musiqi məktəbləri üçün yeni binalar qapılarını müəllim və şagirdlərin üzünə açıb. Naxçıvan şəhərindəki 2 nömrəli, Sədərək Rayon Uşaq Musiqi məktəbləri üçün də yeni bina inşa olunub, musiqi təhsilinin nümunəvi təşkilinə hərtərəfli şərait yaradılıb.
Uşaqların istedadının üzə çıxarılmasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2010-cu il 19 aprel tarixli Sərəncamı ilə yaradılan Naxçıvan Dövlət Uşaq Filarmoniyasının da mühüm rolu vardır. Filarmoniyada xalq çalğı alətləri, kamera orkestri, mahnı və rəqs ansamblı, xor kollektivi fəaliyyət göstərir. 1998-ci ildə Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin nəzdində konservatoriyanın açılması isə ali təhsilli gənc musiqiçi kadrların yetişdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Sonra nazirliyin əməkdaşı Pərvin Həsənovun “Azərbaycan musiqi mədəniyyətinin inkişafında gənclərin rolu” mövzusunda çıxışı olub. Çıxışda müxtəlif illərdə gənc Azərbaycan bəstəkarlarının uğurlarından geniş söhbət açılıb.
Dəyirmi masada iştirak edən Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi Yaşar Xəlilov, Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Leyla Əlimərdanova, Naxçıvan Şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Səməd Əsgərov, Şərur, Kəngərli, Sədərək Rayon Mədəniyyət və Turizm şöbələrinin müdirləri Əli Qəmbərov, Məhərrəm Əliyev, Rəşad İsmayılov gənclərin musiqi təhsili ilə bağlı bir sıra məsələlərə toxunmaqla bərabər, milli musiqimizin təbliği yollarından da bəhs ediblər. Çıxışlarda qeyd olunub ki, gənclərin estetik zövqünün formalaşmasında musiqinin böyük rolu vardır. Milli musiqimizi geniş təbliğ etmək bu gün xüsusilə vacibdir. Yad musiqilər gənclərin dünyagörüşünə mənfi təsir göstərir. Buna görə də musiqi məktəblərində milli və bəşəri dünya musiqisini təbliğ etmək, gəncləri belə musiqilərin ruhunda tərbiyə etmək qarşıda duran başlıca vəzifələrdən biridir.

Əli RZAYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR