23 Dekabr 2024, Bazar ertəsi

Son illər Naxçıvanın tarixi abidələrinin təmir və bərpası istiqamətində dövlət tərəfindən həyata keçirilən möhtəşəm tədbirlər təkcə turizm sektorumuzun inkişafına öz təsirini göstərmir, həmçinin ədəbi mühit üçün də yeni və maraqlı mövzular verir.
“Əlincəqala” tarixi abidəsinin bərpa edilməsi də bu baxımdan biz şair və yazıçılar üçün çox əlamətdar və sevimli bir hadisə kimi yadda qaldı. Tələbəlik illərində bir neçə dəfə olduğum “Əlincəqala” abidəsinə bərpa prosesi zamanı da ayrı-ayrı vaxtlarda iki dəfə getmişdim. Və gördüklərim, təəssüratlarım bir poema şəklində üzə çıxdı.
Mənimlə bərabər yazar həmkarlarım tərəfindən də bu mərhələdə bir çox şeirlər yazıldı. Tarixin qanlı-qadalı əsrlərinə şahidlik etmiş bu möhtəşəm abidə müxtəlif nəsillərin şair və yazıçılarını da məftun etmiş, bu barədə onlarla şeirlər yazılmışdır.
Bu günlərdə nəşr olunan və müxtəlif şeirlərin, poemaların və bir pyesin toplandığı “Əlincəqala” kitabında da bu günədək həmin qala haqqında yazılmış nümunələr yer alıb.
Bu yerdə iki tarixi gündən iki sitatı xatırlatmaq istərdim. Birincisi, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Culfa rayonundakı “Əlincəqala” tarixi abidəsinin bərpa edilməsi haqqında” 2014-cü il 11 fevral tarixli Sərəncamıdır ki, həmin sərəncamda deyilir: “Əlincəqala” tarixdə Azərbaycan xalqının əyilməzlik və mübarizlik rəmzi kimi böyük şöhrət qazanmışdır”. İkinci sitat isə bu il iyun ayının 17-də “Əlincəqala” tarixi abidəsi və muzeyinin açılışı mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən söylənən bu fikirdir: “Tarixi qaynaqlar əsas götürülərək dünya əhəmiyyətli abidə olan Əlincəqalanın bərpa edilməsi xalqımızın çox­əsrlik tarixi-mədəni irsinin gələcək nəsillərə çatdırılması və tanıdılması baxımından mühüm əhəmiyyətə malikdir”.

Qeyd etdiyimiz hər iki fikirdə Əlincəqalanın əhəmiyyəti göstərilməklə bərabər, onun gələcək nəsillərə çatdırılması və tanıdılması da vurğulanır. Tarixi abidələrin tanıdılmasında yazılı-mənəvi abidələrin də rolu və əhəmiyyəti danılmazdır. Bu baxımdan yazılmış şeirlərin bir toplu halında nəşr olunması burada əsərləri nəşr olunan hər bir müəllif üçün böyük diqqət və qayğı, həm də qürur və fəxrdir. Eyni zamanda oxucular üçün bir tarixi qala haqqında bütün yazılanların bir yerdən əldə edilməsi ilə də əlamətdardır.
“Əlincəqala” kitabında bu gün aramızda olmayan, dünyadan köçmüş Əliyar Yusifli, Hüseyn Razi, Elmira Qasımova, Nüsrət Kəsəmənli, Əbülfəz Naxçıvanlı, Əhməd Mahmud, Əhliman Ərəfsəli kimi şairlərin şeirləri, Nadir Əlincənin poeması yer alıb. Həmin şeirləri və poemanı xüsusilə diqqətlə oxudum. Çünki həmin müəlliflər bu gün yaşasaydılar, necə bir üslubda yazardılar, hansı məqamları qabardardılar, nəyi şeirlərində təbliğ edərdilər kimi suallar məni düşündürdü. Öz-özümə də “yazdıqlarında Əlincəqalanın bugünkü möhtəşəm bərpasının təsviri də mütləq bədii poetik boyalarla öz əksini tapardı” kimi bir cavab alacağımı təxmin elədim.
Qeyd olunan müəlliflərlə yanaşı, kitabda bu gün aramızda olan şairlərin şeirləri də yer alıb ki, onların da böyük əksəriyyəti qalanın bərpasından sonra yazılmış şeirlərdir. Sevindirici haldır ki, şairlərimiz tarixə bu cür ehtirama və sayğıya biganə qalmamış, öz şeirlərində Əlincəqalanın bu gününü təsvir etməklə yuxarıda qeyd etdiyim sitatda yer alan fikrə dəstək kimi öz mövqelərini nümayiş etdirmişlər.
Kitabda yer alan 4 poemanın da hər biri fərqli üslub və formasına görə seçilir. Xüsusilə Nadir Əlincənin “Əlincə” poemasının ikinci hissəsini oxuduqca Şəhriyarın “Heydərbabaya salam” poemasının forması və axıcı dili diqqəti cəlb edir:

Daş kitabəm, daş hasarım, daş evim,
Daş yorğanım, daş balıncım, daş kilim.
Daşlaşıbdı burda mənim bir elim,
Kim onları oyadacaq, Əlincə,
Ay üzüağ, ay üzüağ Əlincə.

Bundan əlavə, Qafar Qəribin, Elxan Yurdoğlunun, Kamal Xanəgahlının poemalarında da Əlincə bu janrın geniş imkanları daxilində ətraflı şəkildə təsvir olunur, tarixi hadisələr, tarixdən bu günümüzədək gəlib çıxan xatirələr, əfsanələşmiş həqiqətlər misralaşır, bəndləşir, şeirləşir...
Yazıçı, tərcüməçi-tədqiqatçı Həmid Arzulunun “Əlincə qalası” pyesi də kitabda yer alıb. Müxtəlif dövrlərdə üç dəfə Naxçıvan teatr səhnəsində quruluş verilən əsərlə tanış olmaq istəyənlər üçün bu kitab lazımi mənbə, ünvan olacaq.
Bu kitabın ən diqqətçəkən məqamlarından biri də bədii nümunələrdə yer alan təsvirlərin foto və rəsmlərlə sintez halında təqdim olunmasıdır. Əlincəqalanın bərpa layihəsi və bu gününü özündə əks etdirən fotolar oxucularda həm də real təəssüratlar yaradacaq.
Bununla yanaşı, görkəmli rəssamların, həmçinin bu ilin may ayında Əlincəqalada baş tutan “Naxçıvan – bəşəriyyətin beşiyi” III Beynəlxalq Rəsm Festivalında iştirak edən rəssamların əsərlərindən bir çoxunun da kitabda yer alması burada verilmiş bədii nümunələrə illüstrasiyalar kimi maraqlıdır. Xalq rəssamı Toğrul Nərimanbəyovun, Şamil Qazıyevin, Məhəmmədəli Ələkbərovun, Həbibə Allahverdiyevanın, Həmzə Sadiqovun, İntiqam Ağayevin, Eldar Zeynalovun, Rəfael Qədimovun, Arzu Novruzovun, türkiyəli və iranlı rəssamlardan Nilüfər İnaltonq və Ruqayyə Pəhləvinin çəkdikləri rəsmlərin də yaradıcı təxəyyülə əsaslanması şeir və rəsm birliyinin təqdimatı kimi diqqətəlayiqdir.
Bu kitab tarix yazan Əlincəqalaya tarixə yazılacaq mənəvi bir abidədir.

Elxan YURDOĞLU

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR