Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan müəssisələrdə çalışan və ya təhsil alan fəal gənclərin iştirakı ilə tədbir keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Pərvin Həsənovun “Dövlət gənclər siyasəti”, adıçəkilən nazirliyin şöbə müdirlərindən Həsən Kərimovun “Naxçıvan mədəniyyəti bu gün”, Əkbər Novruzovun “Muxtar respublikanın turizm potensialının təbliğində gənclərin rolu” mövzularında çıxışları olub.
Çıxışlarda qeyd edilib ki, muxtar respublikada dövlət gənclər siyasəti uğurla həyata keçirilir. Gənc nəslin sağlam, bilikli və vətənpərvər ruhda böyüməsi diqqət mərkəzində saxlanılır, onların cəmiyyətin bütün sahələrində fəal iştirakı təmin olunur. Son illər bu məqsədlə muxtar respublikada elektron kitabxanalar, yeni məktəb binaları, mədəniyyət evləri, ali təhsil müəssisələri üçün yeni tədris korpusları, olimpiya-idman kompleksləri, idman mərkəzləri və digər obyektlər tikilərək gənclərin istifadəsinə verilib.
Vurğulanıb ki, muxtar respublikada gənclərlə iş sahəsində həyata keçirilən tədbirlərin əsasını gənclərin ictimai-siyasi, iqtisadi və mədəni həyatda fəal iştirakı, sosial problemlərinin həlli, bu sahədə müvafiq dövlət proqramlarının qəbul olunması, gənc istedadlara dövlət qayğısının artırılması, onların elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə irəli çəkilməsi və xidmətlərinin qiymətləndirilməsi kimi mühüm tədbirlər təşkil edir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında gənc istedadlara dövlət qayğısının artırılması haqqında” və “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun yaradılması haqqında” fərmanları muxtar respublikada gənclərə göstərilən diqqət və qayğının davamıdır. Naxçıvan şəhərində Gənclər Mərkəzinin istifadəyə verilməsi gənclərin xüsusi layihələr vasitəsilə vahid bir məkanda toplanması, onların asudə vaxtlarının səmərəli təşkili baxımından böyük əhəmiyyətə malikdir.
Tədbirin sonunda gənclərin gələcəkdə görüləcək işlər barədə fikir və təklifləri dinlənilib, Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan müəssisələrin fəal və istedadlı gənclərinin toplandığı Gənclər Təşkilatının yaradılması qərara alınıb. Nazirliyin əməkdaşları Pərvin Həsənov təşkilatın sədri, Qumral Məmiyeva isə təşkilatın sədr müavini seçiliblər.
Əli RZAYEV